Onlayn ictimai-siyasi qəzet
Prezident ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışında və ekspertlərin suallarına cavablarında Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin mühüm amillərinə toxunmaqla yanaşı ölkəmizə təsiri olan regional problemlərin həllindən də danışdı.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında deyib. Ekspert dövlət başçısının çıxışındakı bəzi məqamlara diqqət çəkərək bunları bildirib: “Birincisi, dövlət başçısı bir daha xatırlatdı ki, Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdır, ancaq bunun üçün iki önəmli – Minsk Qrupundan imtina və Ermənistan Konstitusiyasında zəruri dəyişiklik şərtimiz yerinə yetirməlidir. Eyni zamanda Prezidentin bu mövzuyla bağlı əlavəsi də əhəmiyyətli idi. Sülh sazişi imzalansa belə, iki xalq asanlıqla barışmayacaq. Ermənilərin törətdikləri vəhşiliklər, soyqırımlar, işğal, o cümlədən işğal altındakı ərazilərin dağıdılmasını unutmayacağıq. Bütün hallarda Prezidentin də söylədiyi kimi, biz bölgədə sülh və əməkdaşlıq şəraiti yaratmağa hazırıq. Ancaq qarşı tərəf buna hazırdırmı? Baş nazir Nikol Paşinyan özünü Azərbaycanla sülhə hazırlıqlı göstərməyə çalışsa da, Ermənistan yalnız Paşinyandan ibarət deyil. İlham Əliyevin də forumda söylədiyi kimi, qonşu ölkədə revanşist qüvvələr mövcuddur və onlar yenə başlarını qaldırıblar. Paşinyanın reytinqi aşağı düşməkdədir. Onun partiyası iki mühüm şəhərdə bələdiyyə seçkilərində revanşist qüvvələrə məğlub olub. Həmin revanşist qüvvələr isə Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verməyə, qonşu ölkələrə qarşı ərazi iddialarını səsləndirməkdən çəkinmirlər. Bu qüvvələrlə sülh necə mümkün olacaq? Bu, bizim üçün əsas suallardan biridir”.
E.Şahinoğlu əlavə edib ki, Ermənistanın İkinci Qarabağ müharibəsində üzləşdiyi ağır məğlubiyyət bu qüvvələrə dərs olmayıb: “İki ölkə arasında sülh sazişi imzalanacaqsa, Ermənistandakı bütün qüvvələr bu sazişin şərtlərinə riayət etməlidirlər, əks halda yenə ölkələrini ağır məğlubiyyətə sürükləyəcəklər. Bu mənada, İlham Əliyevin də söylədiyi kimi, top Ermənistanın meydanındadır. İkincisi, Prezident forumdakı çıxışında Ermənistanı silahlandıran dövlətləri yenə xəbərdar etdi. Bu isə Cənubi Qafqazda sülhə və sabitliyə xidmət etmir. Bölgədə sülh şəraitin formalaşması şərtlərindən biri də Ermənistan ağır silahlar, uzaqmənzilli raketlər əldə etmək siyasətindən imtinasıdır”.
Politoloq dövlət başçısının Türkiyə ilə İsrail arasında vasitəçilik etməsi barədə dediklərinə də diqqət çəkib: “Prezidentin forumdakı çıxışında Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik etməsi ilə bağlı sözləri də diqqəti cəlb edib. Çünki, bu dövlət başçısı səviyyəsində ilk dəfəydi səslənirdi. Əlbəttə, bu haqda müəyyən ehtimallar mövcud idi, ancaq ilk dəfə Prezident səviyyəsində rəsmi Bakının iki dövlət arasında vasitəçi olduğu bildirildi. Bu vasitəçilik Azərbaycan üçün ona görə əhəmiyyətliydi ki, ölkəmiz qardaş və strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız və dostumuz İsraillə münasibətlərin gərgin olmasını istəməyib və əlini daşın altına qoyub ki, bu gərginlik ortadan qaldırılsın. Rəsmi Bakının vasitəçiliyi ilkin mərhələdə müsbət nəticə verib. Ankara ilə Təl-Əviv arasında dialoq qurulub, İsrail Prezidentinin Türkiyəyə səfəri reallaşıb. Ancaq Qəzzada başlanan müharibə Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırıb”. “Atlas” rəhbəri hesab edir ki, Azərbaycan bu gərginliyin ortadan qaldırılması üçün yenə fəallıq edir: “Bu mənada qısa zaman kəsiyində Prezidentin köməkçisi Hikmət Hacıyevin iki dəfə İsrailə səfərini və sonuncu dəfə baş nazir Benyamin Netanyahu ilə görüşünü təsadüfi saymıram. Hikmət Hacıyev daha sonra Türkiyəyə səfər edərək Ankarada görüşlər keçirdib. İsrail-Türkiyə gərginliyi Azərbaycanın maraqlarına zidd olduğunu kimi, bu iki dövlətin də maraqlarına cavab vermir”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyev forumdakı çıxışında ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə yaxın əlaqələr qurmaq istədiyi fikrini bir daha xatırladıb: “Co Bayden administrasiyası Azərbaycanla yaxşı münasibətlər qurmadı. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi və Qlobal Cənubun bir hissəsi olduğunu, o cümlədən Mərkəzi Asiya ilə yaxşı əlaqələri olduğunu xatırladan İlham Əliyev bu səbəblərdən “Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik” ifadəsini işlədib. Fikrimcə, Tramp administrasiyası İlham Əliyevin söylədiyi amilləri nəzərə alacaq. Əlbəttə, Ağ Ev administrasiyasında ermənipərəst məmurların olduğunu da unutmuruq, ancaq onlar ABŞ-nin milli və təhlükəsizlik maraqlarını ön planda tutularsa, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığa əhəmiyyət vermək məcburiyyətindədirlər”.
Ekspert dövlət başçısının Şimali Kiprlə bağlı mövzuya toxunmasını da mühüm amillər sırasında iddia edir: “Forumda İlham Əliyev Kuzey Kıbrıs Türk Cumhuriyyətidən olan ekspertin sualına verdiyi cavab da əhəmiyyətli idi. İlham Əliyev Azərbaycanın Kıbrısdakı türk qardaşlarımızla əlaqələrin bundan sonra da inkişaf etdirəcəyini vurğulayıb. Türkiyədən sonra Quzey Kıbrısla sıx əlaqələr yaradan ikinci ölkə məhz Azərbaycandır”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ