İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Qazaxıstanda Mir Cəlalın qazax dilində çıxan kitabının təqdimat mərasimində çıxış edib

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Qazaxıstanda Mir Cəlalın qazax dilində çıxan “Dağların ürəyi” adlı kitabının təqdimat mərasimində çıxış edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstan Milli Kitabxanasında görkəmli Azərbaycan ədibi – yazıçı, ədəbiyyatşünas, filologiya elmlər doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi münasibəti ilə onun qazax dilində çıxan “Dağların ürəyi” adlı hekayələr toplusunun təqdimat mərasimində çıxış edib.

Mütəfəkkir ədibin həyat və yaradıcılığı timsalında ölkələrimiz arasında ədəbi-mədəni bağlardan söz açan Komitə sədri deyib:

“Qazaxıstanın da, qazaxların Xəzərin günbatarındakı qardaşı Azərbaycanın da müstəqil dövlətçiliyinin bərpası, əlbəttə, bir ilin, on ilin hadisəsi deyil, zəngin tarixi irsə əsaslanır. Milləti diri tutan ülküyə, bu ülkünün ən azı 100 illik məzmunu kimi çıxış edən qurtuluş ülküsünə, həmin ülkünün həyata keçirilməsi uğrunda aparılmış ardıcıl mübarizələrə sayğı-sevgimiz sonsuzdur. Bir tərəfdən ülkü ədəbiyyata, mədəniyyətə təsir edib, digər tərəfdən ədəbiyyatımız, mədəniyyətimiz ülkümüzü doğurub. Milli dava, milli qurtuluş eşqini ədəbiyyatımızdan, ədiblərimizin həyat və fəaliyyətindən qıraqda təsəvvür etmək çətindir.

Artıq ümumişlək hala gəlmiş – “Azərbaycanla Qazaxıstanın arasından Xəzər keçir, amma su keçmir” sözündən çıxış edərək, vurğulamaq istərdim ki, hər iki qardaş ölkədə milli qurtuluş ülküsünün mühit yaratması, sistemləşməsi və məqsədyönlü xarakter almasında ədiblərimizin yeri və rolu danılmazdır. Azərbaycanda milli ülkünün ümummilli səciyyə daşımasında XX yüzilin önlərindən başlayaraq sürətlənən mənəvi-mədəni, ictimai-siyasi və ideoloji proseslər özünəxas rol oynayıb. Və bu proseslərin önündə gedərək xalqa doğru yol göstərmək missiyasını yanar ürəklə yerinə yetirmiş mütəfəkkir aydınlar yetişib ki, onlardan biri də görkəmli ədibimiz Mir Cəlal (Mir Cəlal Əli oğlu Paşayev olub.

Təsadüfi deyil ki, Mir Cəlal Paşayev öz taleyi ilə Quzeyli Güneyli Azərbaycanın mədəni, xəlqi bütövlüyünün təbii rəmzlərindən biri kimi qəbul olunur.

XX yüzilliyin 30-cu illərində Mir Cəlal həm publisist, həm yazıçı, həm də pedaqoq və ədəbiyyatşünas-alim kimi ün qazanıb, maraq dairəsinin, yaradıcılıq imkanlarının genişliyini təcalla etdirən “Sağlam yollarda” (1932), “Boy” (1935), “Dirilən adam” (1935), “Bostan oğrusu” (1937), “Axundun iştəhası” (1938), “Gözün aydın” (1939) və b. kitabları gün üzü görüb. Ədibin 1940-cı ildə gün üzü görən “Bir gəncin manifesti” povesti və “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyası isə onun şöhrətini daha da artırıb. Ədibin yaratdığı hər bir əsər dəyərlidir lakin “Bir gəncin manifesti”nin yeri bir başqadır.

Mir Cəlal yaradıcılığının (və milli ideal axtarışlarının) ikinci dövrü XX yüzilliyin 40-cı illərinin əvvəllərindən başlayıb 1950-ci illərin sonlarına qədər davam edib. Və bu illərdə o, öncəki dönəmdəki yaradıcı fəaliyyət çoxşaxəliliyini daha da dərinləşdirib, kamilləşdirərək, “Xalqın ürək sözü” (1941), “Vətən hekayələri” (1942), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Yaşıdlarım” (1948), “Təzə şəhər” (1951), “Sadə hekayələr” (1955), “Seçilmiş əsərləri” (2 cilddə; 1956; 1957), “Yolumuz hayanadır?” (1957), “Füzuli sənətkarlığı” (1958) və b. kitablarını nəşr etdirib. Bununla da, Azərbaycanda çağdaş milli ədəbi, elmi və ictimai fikrin canlı klassiklərindən biri kimi böyük nüfuz qazanmış olub.

1947-ci ildə müdafiə etdiyi “Azərbaycanda ədəbi məktəblər” mövzusundakı doktorluq dissertasiyası isə vəfatından illər sonra (2004) yayımlanıb və öz güncəlliyini bu gün saxladığı kimi, gələcəkdə də saxlayacaqdır.

Görkəmli ədibin həyatının, yaradıcılığının üçüncü dövrü 1960-cı, 1970-ci illəri əhatə edir; həmin illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) “Azərbaycan ədəbiyyatı” kafedrasına başçılıq edib (1961-1978). İndi həmin kafedranın “Mir Cəlal müəllimin kafedrası” adlandırılması yetirmələrinin vəfasını, qədirşünaslığını və elmi-pedaqoji ictimaiyyətin onun irsinə verdiyi dəyəri ifadə edir.

Mütəfəkkir ədibin yaradıcığının yuxarıda vurğuladığımız dövrləri həm də ümumən Azərbaycan ictimai fikrinin müvafiq dövrlərinə uyğun gəlir. – Akademik elmi münasibət belədir ki, bu, heç şübhəsiz, Mir Cəlalın taleyinin mənsub olduğu xalqın taleyi ilə nə qədər bağlı olmasının təzahürüdür.

Hələ XIX yüzilin əvvəllərindən Azərbaycanın həm Quzeyində, həm də Güneyində cücərən, həmin yüzilliyin ortalarından etibarən tədricən bütöv hərəkata çevrilən, XIX yüzilin sonu – XX yüzilin əvvəllərindən isə ciddi siyasi-ideoloji mahiyyət daşıyan milli özünüdərk, qurtuluş hərəkatı ömürlərə köçür, aydınların ömründə yaşayırdı. Əlbəttə, aydınlar da bu mahiyyətdən, məzmundan, tarixi-mədəni prosesdən qidalanır, ictimai fikri qidalandırırdılar.

Bəli, Mir Cəlalın ədəbi-mədəni, ictimai-siyasi, elmi-pedaqoji fəaliyyətə başladığı və özünü təsdiq etdiyi illər çox mürəkkəb illər olub. O, bütün mürəkkəbliklərdən öz şəxsiyyəti, aydınlığı ilə və yanar ürəyini soyumağa qoymadan keçməyi bacarıb...

Mir Cəlal iki Dünya Müharibəsi baş vermiş, elmi-texniki, texnoloji yeniliklərin fövqəladə dərəcədə yeni imkanlar qazandığı (qazandırdığı), kosmosun fəth olunduğu, “sosializmin (eləcə də, “sosrealizm”in) inkişaf etdiyi”, əslsiz “Sovet beynəlmiləlçiliyi”nin gecə-gündüz təbliğ və tərənnüm olunduğu mürəkkəb XX yüzillikdə yaşayıb-yaradan, yüzilliyin 40-70-ci illərində azərbaycançılıq ideologiyasının sağlam əsaslarda yenidən təşəkkülünə, müəyyən diplomatik mübarizə təcrübəsi qazanmasına həlledici təkan verən aydınlardan idi.

Görkəmli Azərbaycan ədibi Mir Cəlalın hekayələrinin qazaxcaya çevrilərək kitablaşdırılması qardaş Qazaxıstanın Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sayğı-sevgisinin daha bir bariz örnəyi olaraq meydana çıxıb.

Beləliklə, Qazax qardaş-bacılarımız görkəmli Azərbaycan yazıçısının, mütəfəkkir ədibinin hekayələri ilə öz doğma türkcələrində tanış olur. Bu işdə əməyi keçən bütün könül dostlarına, dəyərli qardaşım Malik Otarbayevə, hekayələri qazaxcaya çevirmiş yazar dostlarımıza, kitabın redaksiya heyətinə, nəşriyyata könül dolusu təşəkkürlərimizi yetirirəm. İnanıram ki, Mir Cəlalın hekayələrində təsvir olunan hadisələr, qəhrəmanlar və s. qazax oxucusuna tanış gələcək, doğma təsir bağışlayacaq. Çünki qazaxlarla azərbaycanlılar eyni ruhun sahibidir, eyni bulaqdan su içib, eyni Günəşə doğru yürüyüblər... Və intellektual yazıçılarımız ortaq keçmişdən gəlib ortaq gələcəyə getdiyimizi inersiya ilə də, şüurlu şəkildə də - bəlkə sətiraltı, bəlkə açıq mətnlə ifadə etməyi bacarmışlar. Belə bir irsin layiqli davamçısı, təmsilçisi olan Mir Cəlalın Qazaxıstanda kitabının çıxması həm ədibin, həm də onunn əqidədaşlarının ruhunu şad edəcəkdir.

Qardaşlığımıza eşq olsun”!

Digər çıxışlarda Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” povestinin yalnız Azərbaycanda deyil, bütün keçmiş Sovet məkanında, o cümlədən Türk dünyasında ün qazandığı, bugün də sevilərək oxunduğu qeyd olunub. Bundan əlavə, Mir Cəlalın “Dirilən adam”, “Həyat hekayələri”, “Söyüd Kölgəsi”, “Təzə şəhər”, “Yaşıdlarım” və başqa bədii əsərləri, müəllifi olduğu “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər” adlı monoqrafiyaları, həmmüəllifi olduğu “XX əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatşünaslığın əsasları” kimi elmi əsərləri bu gün də böyük maraqla oxunur, öyrənilir. Vurğulanıb ki, Mir Cəlal Paşayev ədəbi yaradıcılıqla yanaşı elmi-pedaqoji sahədə önəmli uğurlar qazanmış alim olaraq da, pedaqogika-dilçilik sahəsində sanballı əsərlər yazıb.

Yazıçının qazax dilində çıxan kitabı ədibin 115 illik yubileyinə, ümumən Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinə layiqli töhfədir.

Mir Cəlal Paşayevin əsərlərinin qazax dilinə Nurqali Oraz, Nurjan Kuantayulı, Sayad Kamşıger, Künnur Aytıbayeva çevirib. Nəşrin məsul redaktoru Kədirbek Kunipiyaulı, nəşrin redaksiya heyətinin rəhbəri, filologiya elmlər doktoru, professor Canseyt Tuimbaevdir.

Qeyd edək ki, Mir Cəlal Paşayevin qazaxca hekayələr toplusuna Q.Paşayeva ön söz yazıb. Nəfis tərtibatla çıxan “Dağların ürəyi”nin təqdimat mərasimində Milli Kitabxananın direktoru Bakıtjamal Ospanova, kitabxananın əməkdaşları, Almatı ədəbi-ictimai nümayəndələri, fəal oxucular, YAP Binəqədi Rayon Təşkilatının seçki orqanlarının üzvləri Fikrət Əliyev, Zərifə Arzumanova və b. iştirak edib.

Təqdimat mərasimindən sonra komitə sədri Kitabxana rəhbərliyi ilə qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə edib, kitabxana ilə yaxından tanış olub. TÜRKSOY ilə əməkdaşlıq ortamında kitabxanada yaradılmış – türk ölkələri və topluluqlarına aid daimi ekspozisiya ilə, Ümummilli lider Heydər Əliyevin, görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı sərgi ilə tanış olan Komitə sədri, kitabxana rəhbərliyinə təşəkkür edib, ürək sözlərini bölüşüb.

Q.Paşayeva Qazaxıstan milli Kitabxanasına Azərbaycan mədəniyyətə aid kitablar, habelə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR