Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 23:30
Rusiya Təhlükəsizlik Şurasında(TŞ) Putinin müavini, hakim “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyevdən az-az ağıllı fikir eşitrmək olar, onlardan birini də bu gün deyib. Medvedyev Ukrayna müharibəsinin bütün hərb elmini dəyişdirdiyi deyib. TŞ katibinin müavini “xüsusi hərbi əməliyyat başlayanda bizim hərbi əməliyyatların aparılması taktikası haqqında təsəvvürümüz bugünkündən tamamilə fərqli id. Yeni silah növləri, döyüş əməliyyatlarının aparılmasının yeni üsulları meydana çıxdı və bu, bütün hərbi elmi və əlbəttə ki, praktikanı dəyişdirdi" dedikdə haqlıdır. Əslində, bunu deməklə 1000 günə yaxınlaşan müharibənin uzanmasına, çoxsaylı itkilərə həm də dolaysı ilə haqq qazandırmağa çalışıb.
Onlar hələ də xüsusi əməliyyat deyirlər, halbuki hər iki tərəfdən ölənlərin sayı, dağılmış şəhər-qəsəbələr bunun məhz müharibə olduğunu təsdiq edir. İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq edilən müasir PUA-lardan, Şuşanın azad edilməsi əməliyyatından sonra biz də hərb elminə yeni yön verdiyimizi deyirdik, düz də deyirdik. Amma Medvedyevin fikirləri bizi təkrarlamır, əksinə, biz də bu müharibəni hərb elmi kimi ciddi öyrənməliyik, baxmayaraq ki, bizi belə miqyaslı müharibə gözləmir, amma sərhədlərimizdə tülkü kimi fürsət gözləyənlər var. Ermənistanla sülh müqaviləsi yoxdur, İran hər zaman təhlükədir və sairə...
Ukraynada müharibə başlayanda kimin ağlına gələrdi ki, PUA-lar hətta Moskva və onun ətrafınadək uçub gələcək, Rusiyanın strateji obyektlərini bombalayacaq, 89 il sonra Almaniya tankları sərhədlərini kecək... Rusiya o qədər böyük ərazidir ki, onun hava məkanını raketdən qorumaq olar, amma bu PUA artıq nanomüharibədir, yeni reallıqdır. PUA-lar müasir hərbi taktikanın ayrılmaz hissəsinə çevrilərək, hərbçilərə kəşfiyyat və hədəf təyinatında əhəmiyyətli üstünlüklər verir. PUA-lar sayəsində əks tərəfin möhkəmləndirilmiş mövqelərini müəyyən etmək və dəqiq koordinatları artilleriya bölmələrinə ötürə bilərlər. İnanmıram ki, heç ABŞ-da bu cür müharibəyə tam hazırdır, yoxsa bir neçə ay əvvəl Çinin kəşfiyyat şarı okeanı keçib ölkənin hava məkanınadək gələ bilməzdi ki...
Bu superölkələr illərlə “ulduz müharibələri”ndən danışıblar, “kosmosda hökmran bizik” rəvayətləri uydurublar. İndi isə dronların əlində girinc qalıblar. Dronlar raket deyil ki, hava səmasını keçəndə radara salıb vurmaq olsun, yalnız onlar göründüyü halda hədəf ola bilirlər. O səbəbdən müharibə uzandıqca, uzanır. Rusiya yeni dronlar hazırlayıb, amma buna qarşı hələ ki, effektiv mübarizə texnologiyası yoxdur. İsrail silah texnologiyasında nəhəngdir, amma o da xırda ərazisini dövlət olmayan “Hizbullah” kimi hərbi təşkilatın dron da daxil hava hücumlarından tam qoruya bilmir. Dron əstəğfürullah, Allahın bəlası kimidir, sığortalanmaq, qarşısını almaq asan iş deyil.
O da var ki, müxtəlif bölgələrdəki obyektlərinə dron hücumları Rusiyaya Ukrayna şəhərlərinə atəşin intensivliyini və miqyasını genişləndirmək üçün bəhanə verir. Son iki-üç gündə Ukraynanın müxtəlif bölgələri müharibə başlayandan ilk dəfə olaraq şiddətli bombardmana(həm də donlarla)məruz qalıb.
Qərbin dəstəyi ilə hərbi əməliyyatların Ukrayna ərazisindən Rusiyaya da keçirmək niyyətinin səbəbləri var. Rusiya geri çəkilmir və Ukraynının şərqində bir-birinin ardınca işğal planını gerçəkləşdirir. Bir neçə yüz kilometrdən sonra Rusiya qoşunu “xüsusi əməliyyatın” hədəflədiyi sərhədlərdə dayana bilər. Bu isə Qərbin məğlubiyyəti demək olar. Ona görə Qərb mümkün qədər müharibəni uzatmaqla daha çox ərazilərə yaymağa çalışırlar. Təsadüfi deyil ki, Kurska hücumdan sonra elə Medvedyev daxil Rusiyada “Ukraynanı tam ələ keçirmək” çağırışları səslənir. Putin bir dəfə Qərbin tələsinə düşdü, inandırıcı deyil ki, bundan sonra da Kiyevədək getmək qədər ağılsız planın icrasına həvəslənsin. Amma Putini buna məcbur etmək istəyirlər.
Ukrayna Rusiyanın sərhəd bölgəsinə ara-sıra raket də atır, amma hələ uzaqmənzilli Qərb raketləri atılmayıb. Zelenskinin son açıqlamaları, Rusiyada vurmaq istədikləri hədəfləri Qərb müttəfiqləri ilə razılaşdıracağını deməsi təsadüfi deyil. Dron hücumu ayrı, Qərbin uzaqmənzilli, həm də dağıdıclı gücü bir neçə dəfə daha çox olan raketlə vurmaq başqadır. Ona görə bu müharibənin uzanmasına hazır olmaq lazımdır. ABŞ və Qərb müttəfiqləri bu müharibədən uduzmadan çıxmaq üçün hər şey edəcəklər.
Nəhayət, biz də bu tip dronlarla mübarizəyə necəsə hazır olmalıyıq, ətrafımızda düşmənlər çoxdur...
Nazim SABİROĞLU
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ