İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentliyə namizədliyi qəbul edən Tramp SÖZ VERDİ: "Seçilsəm..."

Donald Tramp Respublikaçılar Partiyasının 5 noyabr prezident seçkisində namizədi olmağı qəbul edib və dünyada münaqişələrə son qoymaq vədi verib. İyulun 18-də respublikaçıların qurultayı tarixində ən uzun – 92 dəqiqəlik çıxışında Tramp ötən həftə özünə qarşı sui-qəsd cəhdindən danışıb. Silahlı hücumda Tramp qulağından yaralanıb, o, qurultaya da sağ qulağında sarğı ilə qatılıb.

Tramp prezident Co Baydenin (Joe Biden) xarici siyasətdəki addımlarını, 2021-ci ilin avqustunda Əfqanıstandan Amerika əsgərlərinin xaotik şəkildə çıxmasını sərt tənqid edib.

"Hazırda Avropa və Yaxın Şərqi müharibə bürüyüb. Bu administrasiya problemlərin həllinə yaxın belə düşə bilmir", - Tramp deyib.

O, keçmişdə səsləndirdiyi bir çox saxta iddiaları bir daha dilə gətirib, 2020-ci ildə seçkinin oğurlandığını iddia edib, Birləşmiş Ştatlarda cinayətkarlıq, iqtisadiyyat və immiqrasiya siyasətindən danışıb.

Müharibələri "bircə zənglə" dayandırmaq

Tramp deyib ki, müharibələri "bircə telefon zəngi ilə" dayandıra bilər. Onun Ukraynadakı müharibəyə işarə vurduğu güman edilir. Respublikaçıların namizədi fəxrlə Macarıstanın baş naziri Viktor Orbanın Rusiya və Çinin "ondan qorxması" barədə dediklərini yada salıb. Orban iyulun 11-də Floridaya gedərək Trampla görüşüb, Ukraynadakı müharibəni necə bitirməyi müzakirə edib. Daha öncə isə Orban Moskva və Pekinə səfər edib.

Donald Tramp Respublikaçıların Milli Qurultayının son günündə çıxış edir
Donald Tramp Respublikaçıların Milli Qurultayının son günündə çıxış edir

Tramp, eyni zamanda, dünyada həbsxanalarda saxlanan amerikalı "girov"ları geri qaytarmaq vədi verib. Hazırda Rusiyada azı 10 amerikalının saxlandığı bildirilir. Onlardan biri də AzadlıqRadiosunun veteran jurnalisti, ABŞ və Rusiya vətəndaşlığı olan Alsu Kurmaşevadır. Radio və ABŞ hökuməti Kurmaşevaya qarşı ittihamları rədd edir, onun jurnalist fəaliyyətinə görə saxlanıldığını deyir.

Bayden administrasiyası son üç ildə bir sıra məhbusları mübadilə, başqa yollarla azad edib.

Reyqanın planını dirçəltmək vədi

Tramp qeyd edib ki, Rusiyanın sualtı nüvə qayıqları Kuba yaxınlığında, Floridanın 145 kilometrliyində yerləşir. Dediyinə görə, seçilərsə, keçmiş prezident Ronald Reyqanın Birləşmiş Ştatları uzaqmənzilli nüvə raketlərindən qorumaqdan ötrü kosmik raketdən müdafiə sistemləri hazırlamaq planlarını dirçəldəcək.

Tramp iddia edib ki, texnoloji irəliləyişlər belə bir layihəni mümkün edir. ABŞ Reyqanın opponentlərinin "Ulduz müharibələri" adını verdiyi plandan 1990-cı illərdə, soyuq müharibə bitincə, Moskva ilə münasibətlər düzəldikcə imtina edib.

Respublikaçılardan namizəd olmaqla keçmiş prezident yenidən siyasətdə yerini möhkəmlədir. O, vəzifədə olarkən iki dəfə impiç edilib, bu ilin əvvəlində isə biznes sənədlərinin saxtalaşdırılmasında təqsirli bilinib. O, hazırda daha üç işdə ittihamlarla üz-üzədir, onlardan biri də 2020-ci ildə seçkinin nəticələrini dəyişmək cəhdidir.

Co Bayden Delaver ştatındakı Dover hərbi hava bazasında təyyarədən enərkən
Co Bayden Delaver ştatındakı Dover hərbi hava bazasında təyyarədən enərkən

Bayden seçkidən çəkiləcəkmi

Bu arada Bayden COVID-19-a yoluxduğundan seçki kampaniyasını müvəqqəti dayandırmalı olub. Prezidentə seçkidən çəkilməklə bağlı öz partiyasından çağırışlar artır. Onun hətta bu həftəsonu seçki yarışından çıxacağına dair mediada xəbərlər yayılır.

Tramp çıxışında Baydenin adını bircə dəfə çəkib.

Bayden 2020-ci ildə Trampa qalib gəlib. Ancaq iyunun 27-də debatda zəif performansdan sonra prezidentin bu dəfə seçkini uda bilməyəcəyi sarıdan Demokratlar Partiyasında narahatlıq artıb.

81 yaşlı Bayden debatda zəif, bəzən çaşqın, nitqi nizamsız görünüb. Debatdan sonrakı həftələrdə Bayden yarışdan çıxmaq çağırışlarını rədd edib, Trampı məğlub edə biləcəyini bildirib.

Trampın çıxışı ərəfəsində Kaliforniyadan demokrat konqresmen Adam Şiff (Adam Schiff) prezidenti seçkidən çəkilməyə çağırıb. "Axios" yazır ki, bu ay partiyanın aparıcı üzvləri gizli şəkildə Baydenə deyiblər ki, kampaniyadan çıxsın.

Demokratların qurultayı avqustun 19-22-də Çikaqoda keçiriləcək.//AzadlıqRadiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR