İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident sülhlə bağlı son sözünü dedi - rəylər

4-cü ildir ki, Ermənistan sülh sazişindən yayınır, bunun üçün hər vasitəyə əl atır. Əslində İrəvan bunu özbaşına etmir, çünki Ermənistan Qərb, xüsusilə Fransa tərəfindən çox ciddi təhdid altındadır. İrəvanı sülhdən yayındırmaq üçün hazırda mümkün olan bütün addımları atırlar. 

Ermənistanı faktiki olaraq Rusiya ilə konfrontasiyaya getməyə, KTMT-də fəaliyyətlərini dondurmağa sövq edirlər. Bütün bunlar hamısı Cənubi Qafqazda gərginliyi artırmağa, Ermənistanı sülhdən yayındırmağa hesablanmış addımlardır. Fransa birmənalı olaraq sülhün əleyhinədir. 

Ermənistan Rusiyadan üz döndərir, özünə yenə hami axtarır və faktiki olaraq havaya girərək, elə zənn edir ki, Azərbaycana qarşı hansısa təzyiq rıçaqları əldə edəcəklər, bununla nəyəsə nail ola biləcəklər. 

İrəvanın bu oyunbazlıqları açıq şəkildə müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyev 26 fevralda Xocalıdan Ermənistana buna dair son sözünü dedi, sərt xəbərdarlıq etdi, onlara yeganə çıxış yolunu göstərdi. Sitat: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir!”

Ermənistan bu şərtləri qəbul etməmək siyasətinə davam edərsə, onu nə gözləyir?

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev: “Ermənistan acı perspektivdən xilas olmaq üçün havadarlarının qurduğu oyunların iştirakçısı olmaqdan imtina etməlidir”

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti Ermənistana xilas yolunu göstərib. Bu, Ermənistana növbəti addımlarını atmaq üçün təqdim olunan yol xəritəsidir: “İlham Əliyev Ermənistan üçün yol xəritəsini bir daha cızdı. İrəvan bunu qiymətləndirməyi bacarmalıdır. Ermənistan tərəfi, nəhayət, reallıqları, reallıqların diktə etdiyi şərtləri düzgün qiymətləndirəcəksə, bölgəmizlə bağlı mövcud geopolitik prosesləri düzgün dəyərləndirməyi bacaracaqsa, hesab edirəm ki, Azərbaycan Prezidentinin fikirlərindən nəticə çıxaracaq və çıxarmalıdır. Amma yenə də əvvəlki kimi Ermənistan xalqının deyil, kənar güclərin maraqlarının ifadəçisi rolunda çıxış etməyə davam edəcəksə, bu, Ermənistanı növbəti böyük faciələrə gətirib çıxaracaq. Eyni zamanda Ermənistan yenə də dalan dövlət olaraq qalacaq. Regional bir çox layihələrdən Ermənistan yenə də kənarda qalmış olacaq. Ermənistan iqtisadiyyatı yenə də ianələrdən, qrantlardan, erməni diaspor təşkilatlarından, xüsusilə Rusiyada yaşayana ermənilərin pul köçürmələrindən asılı olacaq. Ermənistan müstəqil iqtisadiyyata sahib olan dövlətə çevrilə bilməyəcək. Eyni zamanda Ermənistan bu addımları ilə sərhədləri daxilində növbəti Suriya formalaşdırmağa çalışır. Mən hesab edirəm ki, Ermənistan cəmiyyətinin prosesləri dərk eləyən ağıllı hissəsi bütün bunları cəmiyyətə izah etməyə çalışmalıdır. Ermənistanın mövcud hakimiyyətinin guya qərbyönümlü siyasətinin əslində Ermənistanı hansı dalana dirədiyini, hansı uçurumla üz-üzə qoyduğunu cəmiyyətin ağıllı hissəsi bütün cəmiyyətə aydın şəkildə izah etməli və hakimiyyəti reallıqların şərtlərinə uyğun addımlar atmağa məcbur etməlidir”.

Politoloq hesab edir ki, növbəti proses Ermənistan daxilində çox ciddi gərginliklərin formalaşması ilə başlaya bilər: “Xüsusilə də nəzərə alsaq ki, məhz ABŞ-ın, Fransanın diktəsi ilə anti-Rusiya ritorikası son dövrlər Ermənistan siyasi liderlərinin ifadələrində genişlənməkdədir, Rusiya ittiham olunur, hətta konkret olaraq prezident Putin hədəf kimi önə çıxarılır. Rusiyanın bu prosesə davamlı olaraq sakit yanaşacağı, seyrçi yanaşacağı o qədər də inandırıcı görünmür. Hesab edirəm ki, növbəti ayda Rusiyada keçiriləcək prezident seçkisindən sonra Kreml nəzərlərini Ermənistana daha aktiv və sərt şəkildə döndərəcək. Bölgədə Rusiyanın əleyhinə formalaşdırılmağa çalışılan proseslərə ciddi müdaxilə edəcək. İndiki şəraitdə Rusiyanın Ermənistan siyasi, iqtisadi, daxili həyatına müdaxilə imkanları kifayət qədər genişdir. Bu mənada bir neçə rıçaqlardan istifadə etməklə Ermənistanda gərginliyi artırmaq, hakimiyyətin dayaqlarını zəiflətmək istiqamətində prosesləri müşahidə edə biləcəyik. Eyni zamanda Qərb güclərinin bölgədəki maraqlarına zərbə vurmaqla yanaşı, bölgəmizdə sabitliyin yaranmasına maneçilik törədilə bilər”.

Ona görə də ekspert hesab edir ki, indiki şəraitdə Ermənistan hakimiyyəti daha düzgün, daha praqmatik yanaşma nümayiş etdirməlidir, nəinki şimal və ya cənub qonşularımızın, bölgəmizdən kənar güclərin də maraqlarının ifadəçisi deyil, öz dövlətinin, xalqının və bölgə xalqlarının maraqlarını əsas götürərək davranmalıdır: “Bölgəmiz böyük güclərin mübarizə meydanı olmamalıdır. Bundan Ermənistan kimi dövlətlər xeyirli çıxa bilməz. Ermənistan üçün ən düzgün yol qonşu dövlətlərlə, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, əməkdaşlıq, normal qonşuluq münasibətləri qurmaqdır. Əks davranış Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaqla yanaşı, paralel şəkildə bölgəmizə davamlı sülhün gəlməsində də ciddi təhdidlər formalaşdıracaq. Amma bütövlükdə bundan daha zərərli çıxan tərəf Ermənistan olacaq. Bu isə növbəti mərhələlərdə Ermənistan daxilində də ciddi kataklizmlərin baş verməsinə gətirib çıxara bilər”.

A.Əliyevin sözlərinə görə, indiki şəraitdə hələ ki Ermənistanın hakimiyyəti havadarlarının dəstəyinə arxalanaraq prosesləri uzada biləcəyini güman edir: “Amma hesab edirəm ki, həm Gürcüstanın, həm də Ukraynanın timsalında baş verən hadisələrdən Ermənistan rəhbərliyi daha düzgün nəticələr çıxarmağı bacarmalıdır. Həmin dövlətlərin yaşadığı məlum taleyi Ermənistanın da yaşayacağı heç də uzaqda deyil. Ermənistan bu acı perspektivdən xilas olmaq üçün havadarlarının qurduğu oyunların iştirakçısı olmaqdan imtina etməlidir. Başqa çıxış yolu demək olar mövcud deyil”.

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

Xəyal Bəşirov: “Fəlakətli sonluqdan xilas olmağın yolunu Azərbaycan Prezidenti Ermənistana Xocalıdan verdiyi mesajla göstərdi”

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Prezident İlham Əliyevin Xocalı soyqırımının 32-ci ilində məhz Xocalıdan Ermənistana ünvanladığı mesajlardan, xəbərdarlıq tipli çağırışlardan İrəvan nəticə çıxarmaycaqsa, növbəti tarixi səhvə yol vermiş olacaq. Bu isə Ermənistan dövlətini və xalqını növbəti ağır məhrumiyyətlərə gətirib çıxaracaq: “Azərbaycan dövləti yenə də bu mövqeyi ortaya qoymuş oldu ki, biz Ermənistanla normal qonşuluq şəraitində yaşamaq tərəfindəyik və hətta bunun təşəbbüsünü biz Xocalıdan nümayiş etdiririk. Bununla Azərbaycan sülh tərəfdarı olduğunu, Cənubi Qafqaza daimi sülhün gəlməsini istədiyini bir daha ortaya qoydu. Ermənistan Azərbaycan Prezidentinin dediklərindən özü üçün düzgün nəticələr çıxarmalıdır. Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək və sülh müqaviləsini imzalamaq düzgün nəticə çıxarması demək olar. Lakin Prezidentimizin də dediyi kimi, Ermənistan yenə də özünə ağa axtarmaq və ağalarının aləti rolunda çıxış etmək yolunu seçir. Bu isə Azərbaycanı Ermənistanın hər cür təxribatına qarşı hazır olmaq məcburiyyəti qarşısında qoyur. Ermənistan kənar güclərin qucağında oturub onların sifarişləri ilə hərəkət etdikcə, Cənubi Qafqaz bölgəsi üçün təhlükə mənbəyi olmaqda davam edir. Ermənistanın bu siyasətinin qurbanı sonda özü olacaq. Paşinyan iqtidarı Fransanın, Makronun diktəsi ilə özünü çox təhlükəli oyunun ən aktiv mərhələsinə daxil etmiş olur. Əgər Azərbaycanın təhlükəsizliyinə təhdid yaranacaqsa, Azərbaycan çox sərt cavab verəcək. Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsindən yayınır, o biri tərəfdən Türkiyəyə ərazi iddialarından əl çəkmir, digər tərəfdən, Rusiyaya faktiki olaraq arxa çevirir. İrəvanın tutduğu bu yol Ermənistan dövlətinin süqutuna aparıb çıxara bilər. Bu fəlakətli sonluqdan xilas olmağın yolunu isə Azərbaycan Prezidenti Ermənistana Xocalıdan verdiyi mesajla göstərdi”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR