İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə dəhşətli virus yayılıb: necə qorunaq - RƏSMİ AÇIQLAMA

Nəzrin Mustafayeva: “Qrip törədicilərinin genetik strukturları daima dəyişir, ona görə...”

Son günlər əhali arasında müxtəlif növ virus infeksiyaları yayılıb, hazırda insanlar arasında adı bilinməyən virusun da yayıldığı bildirilir. Belə ki, paytaxt sakinlərinin sözlərinə görə, xəstəlik diz, oynaq ağrısı, baş gicəllənmə ilə başlayır, daha sonra günlərlə davam edən hərarət, güclü öskürək, qulaq ağrısı kimi simptomlarla müşahidə edilir. Bunun karonavirus, qrip, yoxsa başqa infeksiya olduğu bəlli deyil. İnsanlar bildirirlər ki, əsasən evdə müalicə alırlar, müxtəlif sistemlərdən istifadə edirlər. Bəs görəsən, bu, yeni virusdur, yoxsa koronavirusun ya qripin mutasiyaya uğramış növləridir? Bu xəstəlik necə müalicə olunmalıdır? İnsanlar nəyə diqqət etsinlər?

Qeyd etmək yerinə düşər ki, bu viruslarla bərabər qızılca, göyöskürək, hepatit A virusları da yayılıb. Hətta bir adamın bir neçə virusa yoluxması halları da var.  

Nəzrin Mustafayeva: Ölkədə COVID-19 əleyhinə vaksinləşmə göstəricisi  vətəndaşları arxayınlaşdırmamalıdır - AZƏRTAC

Mövzu ilə bağlı TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva “Yeni Müsavat”a danışıb. O deyib ki, respirator xəstəlik əsasən hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və intoksikasiya ilə səciyyələnən, simptomları və klinik gedişatı oxşar olan bir neçə infeksiyanın törətdiyi xəstəliklərin ümumi adıdır. Respirator xəstəliklərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriyalar və ibtidailər tərəfindən də törədilə bilər: “Bütün respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri isə demək olar ki, eynidir. Respirator infeksiyalar bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Böyüklər və uşaqlarda tənəffüs yollarının xəstəlikləri arasında ön sıradadır və ilkin səhiyyə xidmətləri üzrə ambulator müraciətlərin əsas səbəbi hesab olunur. 

Qrip törədicilərinin genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə bu infeksiyalara nəzarət olunması çətinləşir".

N.Mustafayeva əlavə edib ki,  yaşı 65-dən yuxarı yetkinlər və 1 yaşından aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslərin yüksək risk qrupuna aid edilir: “Bu kimi xəstəliklərdə peyvəndlənmə əhəmiyyətlidir. Bir sıra ağır respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılır. Milli Peyvənd Proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlər daxildir. Bundan əlavə, ildə bir dəfə qrip əleyhinə vaksinasiya tövsiyə olunur. Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il dəyişdirilir”. 

Şəxsi gigiyenaya riayət olunmasından bəhs edən N.Mustafayeva qeyd edib ki, gigiyenaya riayət olunması da profilaktik metod hesab olunur. Əlləri tez-tez sabunla yumaq, öskürmə və asqırma zamanı ağzı örtmək, çox insan sıxlığı olan yerlərdən uzaq durmaq, xəstə şəxslərin ev və şəxsi əşyalarını dezinfeksiya etmək, ən yüngül qrip simptomları hiss etdikdə belə maska taxmaq və s. bura aid etmək olar: “Xəstəliklərin dünyadakı tendensiyasına nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük əsasən simptomatik terapiyaya verilir”.

Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təzyiqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə mütləq həkimə müraciət olunmalıdır.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə vaksinasiya prosesi aparılır.  Səhiyyə Nazirliyi tərəfindən gətirilən mövsümi qrip xəstəliyinə qarşı peyvəndlər xəstəliklərdən qorunmaq və immun sistemi gücləndirmək üçün tövsiyə olunur. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR