Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, taxtdan salınmış İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvi qalmaqallı bəyanatla çıxış edib. O, “Kir Paktı” adlandırdığı yeni təşəbbüslə gələcəkdə “azad İran”la İsrail arasında strateji ittifaqın yaradılmasını təklif edib.
Şahzadənin sözlərinə görə, bu layihə iranlılarla yəhudilər arasında qədim tarixə söykənən dostluğun və qarşılıqlı hörmətin bərpasına xidmət etməlidir. Rza Pəhləvi bu təşəbbüsü Əhəmənilər imperiyasının banisi Kir Böyüyün dövrünə qədər gedib çıxan münasibətlərin “dirçəlişi” kimi təqdim edib.
“Əgər İranda hakimiyyət dəyişikliyi baş verərsə, biz İsraillə yaxın əməkdaşlığa hazırıq. Bu əməkdaşlıq təkcə siyasi deyil, həm də mədəni və strateji əsaslara söykənəcək”, – deyə Pəhləvi vurğulayıb.
Kim idi Kir Böyük? Musavat.com-un arayışı
Kir II (e.ə. 600–530), tarixdə Kir Böyük adı ilə tanınan hökmdar, Əhəmənilər imperiyasının qurucusu və ilk şahı olub. O, müxtəlif tayfaları birləşdirərək qədim dünyanın ən güclü imperiyalarından birini yaratmışdı.
Kir Böyük yalnız hərbi yürüşləri ilə deyil, idarəçilik mədəniyyəti ilə də seçilirdi. Fəth etdiyi xalqların adət-ənənələrinə hörmətlə yanaşır, onların dini inanclarına toxunmurdu. Ən məşhur addımlarından biri isə Babildə əsirlikdə olan yəhudiləri azad etməsi və onların Qüdsə dönməsinə icazə verməsi idi. Bu hadisə Bibliyada da qeyd olunur və yəhudi tarixində Kirin adı xüsusi hörmətlə yad olunur.
Onun dövründə yazılmış “Kir silindri” isə bəzi tarixçilər tərəfindən dünyanın ilk “insan hüquqları bəyannaməsi” hesab olunur. Bu səbəbdən, müasir dövrdə Kir Böyük həm İranın dövlətçilik ənənələrinin banisi, həm də xalqlar arasında tolerant münasibətin simvolu kimi qəbul edilir.
Siyasi rezonans
Rza Pəhləvinin “Kir Paktı” təşəbbüsü həm İranda, həm də regionda geniş rezonans doğurub. Çünki rəsmi Tehran uzun illərdir İsraili 1 saylı düşmən dövlət elan edirnvə bütün çıxışlarında “sionist rejim” ifadəsini işlədir. Şahzadənin bu bəyanatı isə hazırkı rejimə qarşı yönəlmiş açıq mesaj kimi dəyərləndirilir.
Analitiklərin fikrincə, bu təklif yalnız “rejim dəyişikliyi sonrası İran” üçün nəzərdə tutulur və Rza Pəhləvinin özünü müxalifət lideri kimi legitimləşdirmək cəhdidir. Bununla belə, İran daxilində və region ölkələrində təşəbbüsün kəskin etirazla qarşılanacağı da gözləniləndir.
Beləliklə, “Kir Paktı” hələlik sadəcə mühacir şahzadənin siyasi ideyasıdır. Amma İranın gələcəyi ilə bağlı mübarizədə bu cür layihələrin gündəmə gətirilməsi həm daxili auditoriyada, həm də beynəlxalq dairələrdə müzakirələri daha da alovlandıracaq.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ