Onlayn ictimai-siyasi qəzet
Xameneinin nümayəndəsi Amuli yenə Azərbaycana qarşı çıxış etdi – Trampla bağlı açıqlamaya qəzəb
Musavat.com Günaz.Tv-yə istinadən xəbər verir ki, İranın ali dini lideri Əli Xameneinin nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli növbəti dəfə Azərbaycan əleyhinə çıxış edib.
Amuli bildirib ki, Azərbaycan dövləti dəfələrlə İran azərbaycanlılarını öz xalqı kimi təqdim edib və özünü onların himayədarı hesab edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampı çox bəlağətli şəkildə tərifləməsi və hətta onu Nobel Sülh Mükafatına layiq görməsi “İran azərbaycanlılarının ürəyini dağlayıb”.
Amuli bu açıqlamanı “öz xalqını təhqir etmək” kimi təqdim edib. Lakin sosial şəbəkələrdəki real mənzərə tam əksini göstərir – Güney Azərbaycanda əksəriyyət İlham Əliyevə böyük rəğbət və hörmətlə yanaşır, Azərbaycanın dövlət siyasətini dəstəkləyir.
Qeyd edək ki, Ayətullah Həsən Amuli Azərbaycan dövlətinə qarşı mütəmadi hücumları ilə tanınır. Əslən Livanın Cəbəl Amil bölgəsindəndir və uzun illərdir ki, Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edir. Onun məşhur ifadələrindən biri “Azərbaycan yatmış şirin quyruğu ilə oynayır” olmuşdu. İsrail və Amerika iyun ayında "şirin quyruğu"nu qopardı, amma həmin müddətdə Amuli bunkerdə gozlənmişdi. Qorxusundan səsini də çıxartmadı. İndi cəsarətlənib və cükküldəməyə başlayıb.
Bəli, Amuli bu gün də öz ampluasındadır: daim Azərbaycana qarşı danışmaq, dövlətimizin siyasətini gözdən salmaq və İran azərbaycanlılarının adından çıxış edərək manipulyasiya etmək. Lakin ictimai rəylər, sosial mediada əks olunan münasibət göstərir ki, onun bu iddiaları heç bir əsas daşımır və Azərbaycan dövlətinə qarşı yönəlmiş səviyyəsiz təbliğatdan başqa bir şey deyil.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ