Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi bu gün Bakıda dünya üzrə ən prestijli intellektual yarışmalardan biri hesab olunan ICPC (Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi) 2025 Dünya Finalı başa çatıb. Azərbaycan ilk dəfə bu nəhəng miqyaslı tədbirə ev sahibliyi edib.
Yarışmada 139 universitet iştirak edib və dünyanın ən güclü proqramçı tələbələri birincilik uğrunda amansız mübarizə aparıblar. Ənənəvi olaraq, ICPC həm də “texnoloji nəhənglərin izlədiyi” yarış kimi tanınır, çünki qaliblərin əksəriyyəti sonradan “Google”, “Microsoft”, “Meta”, “Amazon” kimi şirkətlərdə lider mövqelərə yüksəlirlər.
Azərbaycanı bu nüfuzlu finalda host ölkə olaraq ADA Universiteti və BANM (Bakı Ali Neft Məktəbi) komandaları təmsil etsələr də, mükafat qazanmayıblar. Nəticələrə görə ADA Universiteti 112-ci, BANM komandası isə 133-cü yerdə qərarlaşıb.
Qaliblər isə belədir:
Qızıl medal - Tokio Universiteti, Sinxua Universiteti, Peterburq Dövlət Universiteti, Pekin Universiteti
Gümüş medal - Harvard Universiteti, Massaçusets Universiteti, Pekin Universiteti, Saratov Universiteti
Bürünc medal - HSE Universiteti, Karneqi Mellon Universiteti, Seul Universiteti, Zaqreb Universiteti.
Musavat.com bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkəmizin bu yarışda mükafat qazana bilməməsinə bu cür münasibət bildirib:
"Mükafat qazana bilməsək də, bu qlobal və nüfuzlu yarışmadan xeyli təcrübə qazanmışıq.
Cədvələ diqqət yetirəndə Rusiyanın 2 universitetinin öndə olması, eyni zamanda bəzi zəif universitetlərin , məsələn Suriyanın, Kosta Rikanın və İordaniyanın bəzi universitetlərinin də müəyyən nəticələr əldə etməsi diqqət cəlb edəndir.
Düşünürəm ki, uğur qazanmasaq da, ICPC kimi yüksək rəqabətli və çətin yarışların Azərbaycanda təşkili ölkəmizin texnoloji və təhsil ekosisteminə böyük töhfədir.
Bu, Azərbaycanın gənclərini qlobal IT və proqramlaşdırma arenasına daha çox inteqrasiya edir. İCPC icmamızın güclənməsi, bu sahədə mentorların yetişdirilməsi baxımından da əhəmiyyətlidir. Belə beynəlxalq tədbirlər tələbələrimiz üçün həm təcrübə, həm də inkişaf meydanıdır.
Əlbəttə, uğursuzluğun səbəbləri də ciddi müzakirə predmeti olmalıdır ki, gələcəkdə daha uğurlu nəticələr əldə edək.
Ümid edirəm ETN, İRİA, universitetlər, digər maraqlı tərəflər bu nüfuzlu tədbirin yekunlarını ciddi müzakirə edəcək və Azərbaycanın bu sahədə gələcəkdə mövqeyinin gücləndirilməsi üçün tədbirlər görüləcək".
Xalidə Gəray
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ