İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirill Kabanov Azərbaycan diasporunu “bitirməyə” çağırdı – Putin bu axmağın qulağını niyə çəkmir...

Musavat.com xəbər verir ki, Kremlin təbliğat maşınının aparıcı fiqurlarından biri, Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri və Rusiya Təhlükəsizlik Şurasının üzvü Kirill Kabanov növbəti dəfə Azərbaycana qarşı aqressiv bəyanatla çıxış edib. Onun sözləri təkcə böhtan deyil, həm də Azərbaycan diasporunun məhv edilməsinə yönəlmiş açıq çağırış kimi dəyərləndirilir.

Kabanov iddia edir ki, guya 1980-ci illərin sonlarından başlayaraq Azərbaycan diasporu Heydər Əliyevin dəstəyi ilə Rusiya iqtisadiyyatında mövqelər qazanıb və bu gün həmin icmaların “zərərsizləşdirilməsi üçün unikal fürsət” yaranıb. O, açıq şəkildə Rusiyanı azərbaycanlı diasporun fəaliyyətinə öldürücü zərbə vurmağa, onu darmadağın etməyə çağırır.

Qeyd edək ki, Kirill Kabanov bundan əvvəl də Bakının neft yataqlarının bombalanmasını və Azərbaycan diasporunun məhv edilməsini təklif etmişdi. Onun bu cür aqressiv çıxışlarına qarşı Rusiya hakimiyyəti tərəfindən heç bir tədbir görülmür. Bu isə onu göstərir ki, belə çağırışlar şəxsi mövqe deyil, Kremlin təbliğatçılarının dəstəklədiyi rəsmi xəttin tərkib hissəsidir.

Bizə (Musavat.com yazarı) görə onun çıxışları insani prinsiplərə, beynəlxalq hüququn normalarına, qonşuluq prinsiplərinə və bəşəri dəyərlərə zidddir. Çünki yüz minlərlə azərbaycanlı Rusiya cəmiyyətinin ayrılmaz hissəsidir, ölkənin iqtisadiyyatına, sosial həyatına mühüm töhfə verirlər. Onları düşmən elan etmək və “bitirmək” istəyi yalnız milli nifrəti alovlandırmaq məqsədi daşıyır.

Bununla yanaşı, Kabanovun iddialarında qeyri-ixtiyari bir həqiqət də üzə çıxır: Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan diasporu illər ərzində həm güclənib, həm də Rusiyada ən nüfuzlu icmalardan birinə çevrilib. Elə bu səbəbdən də indi hədəfə çevrilməsi təsadüfi deyil.

Nəticə etibarilə, Kirill Kabanovun Azərbaycan diasporunu “yox etmək” çağırışları yalnız nifrət və qarşıdurma toxumu səpməyə xidmət edir. Bu isə müasir dünyada nə siyasi, nə hüquqi, nə də insani müstəvidə qəbul edilə bilməz.
Rusiya rəhbərliyi, konkret halda Putin bu axmaq məmurun qulağını çəkib, sakitləşdirmir. Bu isə o deməkdir ki, Kabanovun qabanlığı özünün xarakterindən qaynaqlanmır. Birbaşa Kremldən, hətta Putinin özündən qaynaqlanır.
Bu baxından, Putinin dünənki Pekin açıqlaması əslində artustlikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR