Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “Daily Telegraph” qəzeti İranın yeni mərhələyə hazırlaşdığı barədə sensasion məlumat yayıb. Nəşrin iddiasına görə, Tehran artıq kaset tipli döyüş başlıqları ilə təchiz edilən hipersəs raketlərinin hazırlanmasına start verib.
İranın hipersəs raketləri istehsal etməsi barədə ilk informasiyalar bundan əvvəl də yayılmışdı. SEPAH-a yaxın media qurumları və teleqram kanallarında İsraili “xəritədən silə biləcək” silahların hazırlandığına dair açıqlamalar verilmişdi. Həmin informasiyalar təhdid xarakteri daşısa da, indi “Daily Telegraph”ın yazısı bu planların reallığa çevrildiyini göstərir.
Musavat.com bu məqamda xatırladır ki, İsraillə son 12 günlük müharibə İran üçün ağır nəticələnmişdi. İsrail İranın boş və müdafiəsiz hava məkanından istifadə edərək İranın hərbi və strateji obyektlərinə zərbələr endirmişdi. Daha sonra isə ABŞ bombardmançı təyyarələri İsfahan və Natanz bölgəsindəki nüvə obyektlərini vurmuşdu. Bu hadisələr İranın hərbi-siyasi nüfuzuna ciddi zərbə vurmuş, ölkəni beynəlxalq arenada rüsvayçı vəziyyətə salmışdı.
Musavat.com yazarının fikrincə, İran indi həmin uğursuzluqların izini silmək və tarixi gedişatı öz xeyrinə dəyişmək üçün revanşa hazırlaşır. Hipersəs raketlərinin yaradılması həm regionda güc balansını dəyişə, həm də İsrail üçün yeni strateji təhlükə yarada bilər. Lakin eyni zamanda bu addım İran üçün də böyük risklər daşıyır. Çünki yeni müharibə başlayacağı halda nəticələr həm Tehran, həm də bütün Yaxın Şərq üçün fəlakətli ola bilər.
Ekspertlər hesab edirlər ki, bu silahlanma yarışı regionu daha da gərginləşdirir. Əgər Tehran həqiqətən hipersəs raketlərinə sahib olarsa, bu, təkcə İsrail üçün deyil, həm də ABŞ və Qərbin maraqları üçün ciddi çağırış olacaq. Digər tərəfdən, İsrail və ABŞ-ın cavab reaksiyası çox sərt ola bilər. Bu isə Yaxın Şərqdə növbəti genişmiqyaslı müharibənin başlanğıcını qoya bilər.
Beləliklə, İranın hipersəs raketləri üzərində apardığı işlər, əslində, bütün regionu qarşıdurmanın yeni və daha təhlükəli mərhələsinə sürükləyir.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ