Onlayn ictimai-siyasi qəzet
Pekində keçirilən paraddan sonra, burada ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxan Putin, Si, Kim Çen In ABŞ mediasında geniş rezonans doğurub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, media Trampın həm paradın özü, həm də Putinin onu “sistematik şəkildə alçaltması” səbəbindən qəzəbləndiyini yazır.
"The New York Times" yazır ki, Tramp sosial şəbəkəsində Si, Putini və Kimi “ABŞ-a qarşı sui-qəsdçilər” adlandırıb. ABŞ-ın Çindəki keçmiş səfiri Nikolass Berns isə paradı Çin və Rusiyanın İkinci Dünya müharibəsində qələbəni öz adına yazdığı “səhnələşdirilmiş tamaşa” adlandıraraq, onun avtoritar rejimlərin ittifaqını və ABŞ-a açıq hörmətsizliyi simvolizə etdiyini vurğulayıb.
CNN qeyd edir ki, Çin və Hindistan Rusiyanı pulla və texnologiya ilə, Şimali Koreya isə insan resursları ilə təmin etdikcə, Avropada təhlükəsizlik sistemi dəyişir. Bir vaxtlar ağlasığmaz görünən addımlar — Almaniyanın hərbi xərcləri artırmaq üçün konstitusiyanı dəyişməsi, İsveç və Finlandiyanın NATO-ya qoşulması — bu dəyişikliklərin nəticəsidir.
"The Washington Post" yazır ki, Putin Çin səfərindən sonra özünü daha güclü hiss edir. Lüks limuzinlər, qucaqlaşmalar və qaz sövdələşmələri üç lider üçün böyük təbliğat uğuruna çevrilib və ABŞ-ın qlobal hegemonluğuna meydan oxuyan simvol olub.
"Reuters" isə xəbər verir ki, “Sibir Gücü-2” qaz kəməri layihəsi başa çatdıqda, Rusiya Çinin ən iri qaz təchizatçısına çevriləcək. İllik 50 milyard kubmetr gücə malik yeni kəmərin 2030-cu ildən əvvəl işə düşməsi gözlənilmir, amma bu, Çinin qaz idxalında Rusiyanın payını ikiqat artıracaq.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ