Onlayn ictimai-siyasi qəzet
Deyilənlərə görə, Rusiya koreyalıların köməyi ilə Kursku Ukrayna “işğalı”ndan nəhayət ki, azad edə bilib. Hər halda neçə gündür Vladimir Putin daxil, bu dövlətin yüksək çinli rəsmiləri ard-arda “qıyıq gözlü”lərə minnətdarlıq eləməkdən yorulmurlar.
Əlbəttə, ehtiyac yaranmasaydı, Putin “top əti” üçün Şimali Koreya diktatoruna ağız açmazdı. Belə çıxır, səfərbərlik işində gerçəkdən ciddi və obyektiv problem var. Nə qədər etnik-milli bölgələrdən, dustaqlar və miqrantlar arasından müxtəlif şirnikləndirici yollarla, zorla cəbhəyə adam yığmaq olar ki...
Avrasiyaçı-filosof, ictimai-siyasi xadim Aleksandr Duqin isə hesab edir ki, Rusiya “koreyalılar tükənənə qədər” (?!) tam səfərbərlik elan etməlidir. “Biz çoxlu yeni döyüşçülər dünyaya gətirməli, 40 illik müharibələrə hazırlaşmalıyıq”, - Duqin ərz edib.
Onun zənnincə, cəmiyyət həlli vacib problemlərə xüsusi diqqət yetirməlidir, çünki: “Yaxın 40-60 ildə Rusiya müharibə aparacaq. Belə müharibələrə hazırlaşmalıyıq! Ona görə yeni döyüşçülər və onların analarını dünyaya gətirmək lazımdır. Odur ki, xahiş edirəm, Rusiyada doğum səviyyəsini artırmaq üçün mübarizə kəskin şəkildə sürətləndirilsin. Qarşıdakı aylarda ümumi səfərbərlik barədə düşünün”.
Heyrətə gəlirsən. Bunca böyük mineral resurslara, bitib-tükənməz təbii sərvətlərə malik ucsuz-bucaqsız bir ölkənin fikir adamını öz xalqının rifahı, qonşularla sülh və əmin-amanlıq içində yaşaması deyil, müharibə, qırğın-qiyamət qayğılandırır. Rus analara o, yenə dünyaya öldürülmək üçün rus gətirməyə çağırış edir!
Doğrudan da, niyyətin hara, mənzilin ora...
Bu yerdə yada illər öncə Putinin söylədiyi bəzi sözlər düşür. Məsələn, Putin demişdi ki, Rusiyanın dünyada dostu yoxdur, onun ən sadiq müttəfiqi isə ordusudur. Onu da bildirmişdi ki, “Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir”. Necə? 4 ildir Ukraynanın timsalında hamı görür. Sərhədi bilinməyən ölkə yəni.
Bəs ruslar kompakt şəkildə daha hansı ölkədə yaşayır? Həmsərhəd Qazaxıstanda, Estoniyada, Latviyada, Litvada. Düzdür, sonuncu üç ölkə NATO üzvüdür. Amma və lakin rusların “balta” ilə iş ləməyə meylliliyi də gərək unudulmaya. Heç vaxt “heç vaxt” demək olmaz.
“Rusiyanın üç ən sadiq müttəfiqi var - ordu, hərbi dəniz donanması və müdafiə sənayesi”. Bunu da vaxtilə Rusiya baş nazirinin sabiq köməkçisi Dmitri Roqozin söyləmişdi...
Duqinə gəlincə, o, sıradan biri deyil. Qızğın “velikorus” ideoloqlarından və Kremldə sözü keçən şəxslərdəndir. Bəyanatını da hər şeydən əvvəl buna görə zarafata salmağa dəyməz. Ələlxüsus Rusiyanın “qardaş və dindaş” Ukraynanın başına açdığı oyunlar, davam etdirdiyi işğalçılıq fonunda.
Duqinin müharibə hədələri ilə bağlı fikirlərindən dolayı yeganə təsəlliverici məqam isə Rusiya əhalisinin (müsəlman-türk toplum istisna olmaqla) getdikcə azalmasıdır. Bunu onun narahatlığından aydın görmək olar. Reallıq belədir ki, son illər hökumət doğumu, çoxuşaqlı ailələri stimullaşdırmaq üçün nə qədər səy göstərsə də, müsbət nəticə yoxdur. Elə yaxşı ki, yoxdur. Allahın başqa millətlərə rəhmi gəlir yəqin ki...
Əhali sayı, onun yaşı, gənclərinin faiz göstəricisi isə həm də milli təhlükəsizlik məsələsidir. Nədən ki, ordunun, quru silahlı qüvvələrinin əsasını gənc kişilər təşkil edir. Nonsens də elə odur ki, əhalisi ilbəil azalan Rusiya dayanmaq əvəzinə, təzə torpaq iştahası ilə alışıb-yanır.
Görəsən “şimal ayısı” daha 40-60 il kiminlə və necə vuruşacaq? Ümumiyyətlə, ona qədər Rusiya qalacaqmı? Bütün hallarda Duqinin siqnalını biz də nəzərə almalıyıq. Azərbaycanda (kompakt şəkildə) rus əhali yaşamasa da...
Z.SƏFƏROĞLU
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ