Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan mətbuatının keçdiyi tarixi yol yüksək qiymətləndirilib və yubiley tədbirlərinin təşkili ilə bağlı mühüm tapşırıqlar verilib.
Mətbuat tariximizin bu əlamətdar hadisəsi, imzalanan sərəncam və bundan irəli gələn məsələlərlə bağlı “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun fikirlərini öyrəndik.
- Rauf bəy, Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncamı necə qiymətləndirirsiniz və bu sərəncamdan gözləntiləriniz nələrdir?
-Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncamı böyük təqdir və razılıq hissi ilə qarşılayıram.
Sərəncamın əsaslandırıcı mətni çox mükəmməldir — o, milli mətbuatımızın bütün tarixi yolunu ümumiləşdirir, həm klassik, həm müasir dövrlərdəki nailiyyətlərə obyektiv qiymət verir.
Bu, Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür.
Prezident İlham Əliyev fəaliyyətində dəfələrlə göstərib ki, jurnalistlərin dostudur.
Ən çətin, ən ağır dönəmlərdə belə, mətbuatın yanında olub, medianın sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atıb. Bu gün də bu sərəncam bir daha təsdiqlədi ki, Azərbaycan dövləti milli söz azadlığının qorunmasına və mətbuatın inkişafına ciddi önəm verir.
Ümid edirəm ki, bu sərəncamdan irəli gələn tədbirlər, proseslər Azərbaycan jurnalistlərini bir daha sevindirəcək və həm sosial rifah sahəsində, həm də peşəkar inkişaf baxımından yeni imkanlar açacaq".
Rauf Arifoğlu 150 illik yubiley ərəfəsində gözləntilərini də açıqlayıb:
“Məlumdur ki, hazırda jurnalistlər ölkədə sosial təminat baxımından ən zəif təbəqələrdən birini təşkil edir.
Redaksiyaların vergi və DSMF ödənişləri səbəbilə əmək haqlarını real rəqəmlərlə rəsmiləşdirə bilməməsi, əmək müqavilələrinin minimum əmək haqqı ilə bağlanması, gələcəkdə təqaüd hüquqlarının da ciddi şəkildə zəifləməsinə səbəb olur.
Bu da yüzlərlə, minlərlə jurnalistin gələcək sosial rifahı üçün təhlükəli bir vəziyyət yaradır.
Bu problemin aradan qaldırılması üçün təklif edirəm ki, MEDIA Agentliyinin reyestrində qeydiyyatdan keçmiş media subyektləri üçün əmək haqlarının real şəkildə rəsmiləşdirilməsi təşviq olunsun, bunun qarşılığında DSMF ödənişləri 10 il müddətinə dövlət tərəfindən subsidiyalaşdırılsın.
Belə bir mexanizm, həm medianın sağlam inkişafına, həm də jurnalistlərin sosial rifahına ciddi dəstək verə bilər.
Eyni zamanda hesab edirəm ki, redaksiyaların indiyə qədər yığılan çap, vergi və DSMF borclarının dövlət tərəfindən silinməsi faydalı olardı.
Belə bir addım, 25 il əvvəl, Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdı və milli mətbuatın inkişafında böyük rol oynamışdı.
Burada bir mühüm məqamı da xüsusi qeyd etmək istəyirəm, Azərbaycan jurnalistikasında fəaliyyət göstərən, öz imzası və xidmətləri ilə mətbuat tarixinə adını yazdırmış bir çox tanınmış jurnalistlər var.
İstərdim ki, Prezidentin sərəncamından irəli gələn tədbirlər çərçivəsində:
Bu, həm onların əməyinin layiqincə qiymətləndirilməsi, həm də gənc nəslə bir stimul olar.
Mən şəxsən bu fikirlərimi və təkliflərimi MEDİA Agentliyinə və digər müvafiq ünvanlara təqdim etməyi düşünürəm. Sonda bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan milli mətbuatı 150 illik şanlı tarixi ilə bu diqqətə, qayğıya layiqdir.
Prezident İlham Əliyevin bu sərəncamı isə milli medianın daha güclü, daha müasir və sosial rifah baxımından daha təminatlı gələcəyinə gedən yolun mühüm bir mərhələsidir".
Şahanə Rəhimli
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ