Onlayn ictimai-siyasi qəzet
Avropa Birliyinə üzv ölkələrin quru qoşunlarının Ukraynaya göndərilə biləcəyi haqda Emmanuel Makronun bəyanatının yalnız bir neçə saatlıq ömrü oldu. Yada salaq ki, Parisdə Ukraynaya dəstək üzrə sammitdə Fransa prezidenti müharibə zonasına qoşun göndəriləcəyini istisna etməyib.
Fransa lideri iddia edib ki, Rusiya Avropaya qarşı aqressiv davranır, Afrika qitəsində böhranlar törədir və kibertəhlükəsizlik təhdidləri yaradır. Düzdür, Makron onu da deyib ki, quru qoşunlarının Ukraynaya göndərilməsi ilə ilə bağlı bu gün konsensus yoxdur, amma gələcəkdə heç nəyi istisna etmək olmaz.
Fransa Avropa Birliyinə sədrlik edir və prezidentinin bu qurumun adından danışmaq, bəyanat vermək, mövqe bildirmək kimi hüququ var. Amma bəllidir ki, Makronun Rusiyanı Avropaya real təhlükə kimi görərək Ukraynaya qoşun göndərilə biləcəyi haqda danışmaq səlahiyyəti yoxdur. Çünki əvvəla, Avropa Birliyinin qoşunu, yəni vahid ordusu yoxdur. Onların ordusu NATO-dur. Yəni söhbət ancaq NATO qoşunlarından gedə bilər. İkincisi, Avropa Birliyi dövlətlərinin Ukrayna məsələsində tam yekdil rəyi yoxdur, bəziləri bunu Macarıstan kimi aşkar şəkildə elan edib. Bəziləri ən müxtəlif bəhanələrlə Ukraynaya silah vermək istəməyib. İndi Avropa Birliyinin adından bu cür sarsaq bəyanat Rusiyadan daha çox bu ölkələrin paytaxtlarında reaksiya doğurub. Almaniya kansleri, NATO baş katibi Avropa Birliyinin belə bir qərar verə biləcəklərini istisna ediblər.
Slovakiyanın baş naziri Robert Fiko Bratislavanın Ukraynaya qoşun göndərməyəcəyini bəri başdan söyləyib. Onun çexiyalı həmkarı Petr Fial da eyni mövqedən çıxış edib. Polşa prezidenti Duda isə bəyan edib ki, ölkəsinin Ukraynaya dəstəyi ancaq sursat tədarükü ilə məhdudlaşacaq.
Bəs, Makronun bu cür araqarışdıran bəyanat verməkdə məqsədi nə ola bilər?
Sonuncudan başlayaq. Fransa prezidenti son olaraq deyib ki, Rusiya kosmik bazalarına nüvə silahı yerləşdirdiyi xəbərlərinə aydınlıq gətirməlidir.
Rusiyanın kosmosa nüvə silahı yerləşdirdiyi haqda iddianın nə qədər ciddi olduğunu demək çətindir, amma bugünlərdə Rusiya prezidenti ilə müdafiə nazirinin görüşündə bu barədə deyilənləri lağa qoydular. Putin daha inandırıcı göründü: "Guya onlar(Qərb) bilmirlər ki, Rusiya belə bir addım atmayıb, əlbəttə izləyib, görüb bilirlər... " Doğurdan da, kosmos Baykanurun anqarı deyil ki, nüvə başlığını gizlədəsən. Əgər Rusiyanın kosmosa nüvə silahı yerləşdirdiyini təsbit (təsdiq) edə bilmirlərsə, daha söz yoxdur.
Avropa Birliyinə üzv dövlətlər Ukrayna müharibəsindən yetərincə zərər çəkiblər, çəkməkdə də davam edirlər. Fransa da daxil “aqrar qiyam” Avropanın əsas ölkələrini bürüyüb. Bir neçə gün əvvəl o etirazçılardan bir neçəsi sərgidə Makronun qarşısını kəsmişdilər. Dedilər ki, bizim Ukraynaya hərbi və maddi yardıma heç bir iradımız yoxdur, amma necə deyərlər, “bizim də balalarımız var, dolana bilmirik”. Makron onları razı salacaq və inandıracaq cavab verə bilmədi. Aksiyaların davam etdiyi bir zamanda Makronun Rusiya təhlükəsi ilə öz əhalisi də daxil Avropa Birliyi ölkələrini təhdid etməsi diqqət çəkir. Mümkündür ki, Makron onları Rusiya ilə qorxutmaqla diqqəti bu etirazlardan yayındırmaq istəyir. Bu ucuz gedişlər, populizm və yalançı qəhrəmanlıq Makrona yaraşır, amma bu Avropa Birliyinin də, hətta NATO-nun da indilikdə yürütdüyü siyasətə ziddidir. Təsadüfi deyil ki, son aylar Avropa Birliyinin rəhbərliyi səviyyəsində(məsələ, Borrel) "Ukrayna müharibəsindən yorğunluq" haqda ehtiyatlı açıqlamalara rast gəlinir. Bu isə Amerikanı narahat edir, o səbəbdən “Avropaya təhlükə” mövzusunu gündəmdə saxlamağa çalışırlar. O səbəbdən Makronun bu sərt ritorikası olsa-olsa, ABŞ-ın maraqlarına uyğundur. Çünki Amerika bu müharibədən istifadə edərək Avropa Birliyini iqtisadi cəhətdən ciddi şəkildə zəiflədib. Ukrayna məsələsində isə Fransa indi ən aktiv şəkildə ABŞ-a dəstək verir. Ola bilsin ki, Makronun dedikləri də Amerikanın tezisləridir.
Rusiya hərbi ekspertləri isə haray salıblar ki, Makron blef etmir, əslində NATO-nun Ukraynaya hərbi müdaxilə planını ağzından qaçırıb, loru dildə “quşlayıb”.
Makronun bəyanatı bəzi “Teleqram” kanallarında və sosial şəbəkələrdə lağ mövzusu da olub. Bəzi internet seqmentində Makronun cəsarətini Napoleonla müqayisə ediblər, onun da özünü çox hərb meydanına atdığı, amma bir az çətinə düşən kimi sülhə razılaşdığını yada salıblar.
Ermənistandakı dostları Makrona çox da güvənib qonşu dövlətlərə diş qıcamasa yaxşı olar. Sonda peşman olarlar...
Nazim SABİROĞLU
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ