İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya siyasətinin yeni cizgilərini ortaya qoyan şifrəli FOTO - ABŞ-a ötürülən təhdidedici mesaj var

Çində keçirilən hərbi parad və burada çəkilən bir foto dünya çapında təhlil olunur.

Fotoda Çin lideri Si Cinpinqin sağında Rusiya Prezidenti Vladimir Putin, solunda isə Şimali Koreya lideri Kim Çen İn ilə birlikdə yer alır, arxa fonda İran Prezidentinin də görünməsi, Çin tərəfindən Qərb dünyasına, xüsusilə də ABŞ-a göndərilən bir siyasi mesaj kimi şərh edilir.

Təhlilə görə, Çin bu şəkillə dünyaya açıq şəkildə bildirir ki, Rusiya və Şimali Koreya onun "çətiri" altındadır və bu ölkələrlə bağlı heç bir siyasət onun iştirakı olmadan həyata keçirilə bilməz.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki,təqdim olunan foto dünya üçün kritik anda çəkilib, dünya ictimai rəyinə təqdim olunub:

6d014e7c-4708-4869-9356-9961893d8b69.jpeg (66 KB)

"Görünən bu idi ki, Çin lideri bu şəkillə Amerikaya və onun Qərb müttəfiqlərinə önəmli bir mesaj göndərirdi. Fotodan da göründüyü kimi, parad zamanı Çin lideri Si Cinpinq sağ yanına Putini, sol yanına Şimali Koreya lideri Kim Çen İni alıb irəliyirlər. Arxalarında da İran Prezidenti Məsud Pezeşkiyanın tam, digər liderlərin isə qısmən simaları görünür. Bu foto əslində Si Cinpinqin dünyaya göndərdiyi mesajın tam ifadəsi gizlənir. Sanki Çin lideri açıq şəkildə dünyaya bəyan edirdi ki, bundan sonra Şimali Koreya da, Rusiya da mənim qanadlarım altındadır. Nəbadə, onlarla bağlı siyasətlərinizi mənim iştirakım olmadan həyata keçərəsiniz. Əks halda, planlaşdırdığınız bütün siyasətlər göydən asılı vəziyyətdə qalacaq. Başqa sözlə, Putinin ağzı nədir, Ukraynada müharibəni dayandıra. Müharibəni ancaq mən dayandıra bilərəm.
Amma istəsəniz, arxama aldığım İranla istədiyiniz kimi davrana bilərsiniz. Çünki o, bir zamanlar Hindistanla birləşib, mənim İpək yolumu əngəlləməyə çalışırdı. Bu ölkəyə sizlər kimi, mən də çox etibar etmirəm.

Cinpinq bu mesajını dünən keçirdiyi hərbi paradla bir daha möhkəmləndirdi. Paradda Çinin sahib olduğu ordunun nizam-intizamı, nüvə triadası və müasir silahlar nümayiş olunurdu".

Heydər Oğuz deyir ki, təqdim olunan silahların hər birinin mənzili ABŞ-a çatacaq səviyyədədir:

"Məsələn, nümayiş etdirilən raketlərdən biri Dongfeng-61-dir. Rusiyanın “Yars” raketi ilə eyni sinifdən olan bu ballistik raketin bərk yanacaqla işlədiyi bildirilir. Çinin Dongfeng-41 raketinin modernləşdirilmiş formasıdır. Özü barədə təfsilatlı məlumatlar hələ sızdırılmasa da, sələfi Dongfeng-41-ın 10-12 min km. uça bildiyi məlumdur. Pekinlə Vaşinqton arasındakı quş uçuşu məsafənin 11,146 kilometr olduğunu nəzərə alsaq, eyni mənzilə sahib raketin ABŞ-ı hədələmək üçün nümayiş karvanına qoşulduğunu anlaya bilərik.

Maraqlıdır ki, Çinin Qərb dünyasına ünvanladığı mesajı ilk tutan da elə ABŞ Prezidenti Donald Tramp oldu. Ötən gün Çin bu silahlarını nümayiş etdirəndə özünün “Truth Social” şəbəkəsində bayram təbriki mesajı paylaşan Tramp Si Cinpinqə və Çin vətəndaşlarına bu sualı ünvanladı: “Bu böyük qələbəni qeyd etdiyiniz zaman ABŞ-ın da sizə dəstəyini xatırlayacaqsınızmı?”

Ardınca isə çinli həmkarına ünvanladığı mesajında eynilə bunları bildirdi: “Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız üçün Vladimir Putinə və Kim Çen Ina mənim ən səmimi salamlarımı çatdırın”. Qısası, yəni, cənab Si mənə ünvanladığınız mesajı anladım. Cənab Sinin də əslində ABŞ prezidentinə özünəməxsus mesajları vardı. O, paradda Çin xalqına müraciətində bunları bildirirdi: “Dünya sülh və ya müharibə, dialoq və ya qarşıdurma seçimi ilə üz-üzədir”. Yəqin razılaşarsınız ki, formal olaraq Çin xalqına ünvanlansa da, əsl həqiqətdə bu mesajlar Vaşinqtona və Brüsselə göndərilmişdi".

Heydər Oğuz fotodakı digər məqama da diqqət çəkib:

"Göründüyü kimi, paradı qeyd edənlər arasında ümumiyyətlə Hindistan baş naziri Narenda Modi nəzərə çarpmır. “Reuters”in dərc etdiyi parad iştirakçıları sırasında da onun adı yoxdur. Görünən budur ki, Pekində onun qulağına “həvəsdir, bəsdir, gəldin, özünü bizim yanımızda göstərib hava atdın, indi buyur, öz yuvana qayıt. Sənin bizim yanımızda nə ölümün var?” mesajı pıçıldanıb. Deyə bilərsiniz ki, Türkiyə prezidenti də paradda iştirak etməyib, ona da eyni mesajı veriblər? Məncə, xeyr. Türkiyə hər şeydən əvvəl NATO üzvüdür. Özü də bu alyansın ikinci ən böyük qüdrəti sayılır. Sözsüz ki, Ərdoğan bəy NATO-nun əleyhinə formalaşmağa başlayan yeni bir alyansın yanında olmazdı. Üstəlik, onun Çinlə aydınlaşdırmalı olduğu xeyli suallar var. Bunlardan ən başlıcası Türk dünyasına kimin nəzarət etməsidir. Ümid edirəm ki, yaxın zamanlarda NATO-nun taleyinə aydınlıq gətiriləndən sonra Türkiyə Çindən bu sualları açıq şəkildə sorğulayacaqdır. Suallarına müsbət cavab taparsa yəqin ki, Türkiyə rəsmiləri bu cür şəkillərin hansı nahiyəsində dayanacağını müəyyənləşdirəcək.

Çinin dünənki hərbi paradında verdiyi mesajların bu gün Parisdə keçirilən Ukrayna görüşmələrinə də öz damğasını vuracağı gözlənilir. Məlumata görə, bu gün Parisdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Ukrayna Prezidentin mətbuat katibi Sergey Nikiforov Ukrayna mətbuatına açıqlamasında bildirib ki, bu görüşdən sonra Tramp da Zelenskiyə zəng edəcək. Rəsmilərin görüşdə nəyi müzakirə etdikləri barədə hələ ki, konkret məlumatlar verilmir. Ancaq biz bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla Stiv Vitkoffun arasında keçirilən görüşlərin gündəliyinə baxsaq, Zelenski ilə də hansı danışıqların aparıldığını anlaya bilərik. Ukrayna Prezident Aparatının rəhbəri Yermakın iddiasına görə, Rüstəm Umerovla görüşün əsas məqsədi dövlət başçılarının Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı razılaşmalarının praktiki şəkildə həyata keçirilməsi idi. Görünən budur ki, Si Cinpinqin mesajını düzgün anlayan Donald Tramp ABŞ-ın hegemoniyasını təhdid edən Çinin həmlələrini Ukraynada dayandırmaq niyyətindədir. Çin rəsmiləri də artıq Ukraynada savaşın bitməsində maraqlı olmadıqlarını açıq şəkildə dilə gətiriblər. Bilirsiniz ki, ŞƏT sammitindən bir müddət əvvəl Çinin Xarici İşlər naziri Van Yi Avropaya səfər etmiş və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşmüşdü. Görüş zamanı Çinin Ukrayna savaşına münasibəti müzakirə olunmuşdu. Van Yi açıq şəkildə demişdi ki, biz Ukrayna savaşının bitməsində maraqlı deyilik. Çünki Ukrayna savaşı bitən kimi ABŞ Çinə hücum edəcək.

Belə görünür ki, Si Cinpinq sağ tərəfinə Putini, sol tərəfinə Kim Çen İni alaraq öz xarici işlər nazirinin fikrini qüvvətləndirmək istəyib. Deyib ki, bundan sonra Ukrayna savaşında həlledici qərarı Putin yox, mən verəcəyəm. Müharibəni bitirmək istəyirsinizsə, Alyaskada Putini qəbul etməyin, mənə müraciət edin, mən sizinlə görüşə Çində münasib yer ayıra bilərəm. Bu mesajın hərbi paradda verilməsi də təsadüfi deyil".

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR