İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman totemi

Mən siyasətə qarışmıram, ancaq hərdən bu istiqamətdə maraqlı mövzular olur. Məsələn, təzəlikcə dövlət rəhbəri xarici telekanala intervüsündə 1920-ci ildə Rusiyanın müstəqil Azərbaycan dövlətini işğal etdiyini deyib və sən demə, bu, Moskvada böyük narazılıq doğurubdur. Rus siyasətçilər, politoloqlar, “zurnalistlər” hərəsi bir tərəfdən Azərbaycana qarşı yalan, böhtan, hədə püləməyə girişmişdir. Guya bütün dünyaya məlum olan tarixi faktı - Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməyini söyləmək olmazmış. 

Ancaq insafla yanaşanda rusların təəccübünü də haradasa anlamaq olar. Onlar oradan baxırlar, görürlər Azərbaycanda manqurtlar xeyli say təşkil edir. Rus imperiyasının, SSRİ-nin həsrətini çəkənlər, ana dilinə nifrət edib ev-eşikdə, ailədə rusca danışanlar, kəndlərimizi, şəhərlərimizi boş qoyub Sibirə axışanlar... 

Sanki bizdə işsizlik var. Rəsmi statistikaya görə, bizdəki işsizlik səviyyəsi şimal qonşumuzdan da yaxşıdır. Bəs niyə vətəni atıb qaçırlar? Haçana qədər Xoşqədəm xanım oradan sevgili vətənimiz üçün ər, oğul, uşaq toplamaq kimi əziyyətə qatlaşacaqdır?

Başqa tərəfdən, 1920-ci il bolşevik işğalının əsas simvollarından, totemlərindən biri Nəriman Nərimanovdur. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut eləyəndə, Azərbaycan Sovet Sosialist Respublikası elan olunanda Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifələrini (indiki terminologiya ilə yazsaq, prezident) kim tutmuşdu? Məhəmməd Əmin Rəsulzadə. Əşşi, zarafat edirəm, təbii ki, Nəriman yoldaş. İndiki uşaqlar bilməz, sovet vaxtı Azərbaycanda hər tərəfdə Nəriman yoldaşın bu afyorizminə rast gəlmək mümkün idi: “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır”. 

Nəticədə biz guya 1991-ci ilin bu vaxtları müstəqillik, suverenlik-filan kimi işlərə başlamışıq, lakin Leninin heykəli uçurulub, Nərimanov isə səmada qanad çalır.

Nəriman müəllimin adına rayon, metro, küçə və sairə vardır. Di gəl, cümhuriyyət qurucularından bir yetimin də Bakıda heykəli yoxdur. Rusiya bunu görəndən sonra bizim haqqımızda nə fikirləşməlidir? İşğal mövzusu onlara qəribə gəlməli deyilmi? 

O necə işğaldır ki, işğalın simvolu yaşadılır, qurbanı isə yox? Psixologiya elmində bu vəziyyətə, səhv etmirəmsə, “koqnitiv dissonans yaşamaq” deyirlər, biz öz ana dilimizdə yazaq: o nə pəhriz, bu nə alça turşusu? 

Yeri gəlmişkən, Rusiyadan bənzər nifrət və hədə-qorxulara Qırğız Respublikası da tuş gəlib. Onlar gec də olsa Leninin heykəllərini sökür, sovetdən qalma toponimləri dəyişdirmək istəyirlər. Məsələn, təsəvvür edin, Bişkekin 4 rayonu Lenin, Sverdlov, 1 may və Oktyabr adlanır. Oktyabr bolşevik inqilabının ayıdır, 1 mayı bilirsiniz. Yakov Sverdlov isə qaniçən bolşeviklərdən biri olub, ispan qripi 1919-cu ildə canını almasa bəlkə Stalin qədər qəddar kadr yetişirdi. Örnək üçün, rus çar ailəsini arvad-uşaqlı güllələmək qərarını Yakov müəllim şəxsən vermişdi. Ancaq hazırkı vəziyyətin idiotluğunu göstərən bu deyil. 

Tragikomik olan budur ki, SSRİ vaxtı Rusiyada Sverdlovsk şəhəri var idi və ruslar kommunist rejimi dəyişəndən sonra onun tarixi adını qaytardılar. Bu, soydaşlarımıza qarşı son qanlı terror hadisələrindən yaxşı tanıdığımız Yekaterinburq şəhəridir. Və Rusiya indi Bişkekdə qırğızların Sverdlovu xatırladan rayonun adını dəyişmək istəyini “ruslara qarşı nifrət siyasəti” adlandırır... Biz özümüz silmişik, ancaq sizdə qalmalıdır! Bilmirsən bu heyvərəliyə nə ad qoyasan... 

Çin liderinin son paradda dediyi “Bəşəriyyət müharibə və sülh arasında seçim astanasındadır” sözləri isə mənə, nə gizlədim, saqqallı bir anekdotu xatırlatdı. Deyir bir etnik azlığın nümayəndəsi 1945-ci ildə gedir Stalinin qəbuluna və narazılıq edir: “Müharibə aparmısan, bizə xəbər verməmisən”. Rəhmətliyin oğlu, 4 ildir dostun Putin Ukraynada qanı su yerinə axıdır (həm də sən göndərən silahlarla), ta müharibə necə olur? Astanası nədir, lap evin baş köşəsində qırğındır.  

Gözlərini yumurlar, guya gizlənirlər. 




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR