Onlayn ictimai-siyasi qəzet
25 yaşlı qadının intiharında cinayət izi aşkar olunmayıb - Baş Prokurorluq açıqladı
Baş Prokurorluq Qazax rayonu, Daş Salahlı kənd sakini Asif Qurbanovun baş prokuror Kamran Əliyevə müraciətinə reaksiya verib.
Qurumun mətbuat xidmətindən Musavat.com-a təqdim olunan yazılı münasibətdə deyilir:
"Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.
Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib. Qeyd olunan fakt həmin vaxt orada olmuş zərərçəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb".
Baş Prokurorluq qeyd edir ki, toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Asif Qurbanov qızının müəmmalı ölüm işinin araşdırılmasını tələb edir. O, baş prokuror Kamran Əliyevə müraciət edərək qızının ölüm işinin nəzarətə götürülməsini və yenidən araşdırılmasını istəyib. O, baş prokurora ünvanladığı, surətini Musavat.com-a yolladığı müraciətində yazır ki, 25 yaşlı qızı Aytac Asif qızı Qurbanova(sonradan Əliyeva) 2021-ci ildə ailə həyatı qurub.
“Öz kəndimizdən olan Adil Ayvaz oğlu Əliyev ilə el adətilə rəsmi surətdə ailə həyatı qurdu. Bu nikahdan bir övladları da var. Səhhətimlə bağlı xəstə olduğuma görə bu ilin yanvar ayının 11-də qızım və həyat yoldaşı bizə gəlib, məni ziyarət etdilər. Öz evlərinə qayıdandan sonra, səhəri gün, yanvarın 12-də xəbər gəldi ki, qızım Aytac dərman içərək özünü öldürüb. Həmin vaxt mənim bacılarım Dürdanə Qurbanova və Yeganə Məmmədova, eyni zamanda Aytacın baldızı Hava xanım da orada olublar. Hadisə də məhz onların yanında baş verib. Lakin meyiti yuyanda sinəsinin ürək nahiyəsində bıçaq yarası olduğu aşkar edildi. Mən morqda meyiti ekspertiza üçün yaran həkimlərdən soruşduqda, həkimlər bildirdilər ki, dərmandan deyil, bıçaqla öldürülüb. Bu barədə bacılarımdan növbəti dəfə soruşanda ki, bəs deyirdiniz dərman içib, bu bıçaq yarasına nə deyirsiz? Onlar həyəcanlı halda cavab verdilər ki, hə, əvvəl dərman içdi, sonra da bıçaqla özünü öldürdü. Bu, olduqca absurddur".
Zərərçəkmiş qızının ölümünün araşdırılmasını xahiş edirdi.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ