İnsanlara hürriyət, millətlərə istiqlal!

Livanda “peycer terroru”nun sirli tərəfləri- Dünyanı gözləyən YENİ TƏHLÜKƏ- ŞOK FAKTLAR

 

Livanda ümumistifadədə olan cihazların – peycer və telefonların, skuterlərin, günəş panellərinin partladılması ilə bağlı tezliklə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. BMT-nin baş katibi Antonio Quterres Livanda baş verənlərə münasibət bildirərək mülki cihazların silaha çevrilməsinə qadağa qoymağa çağırıb.

Partlayışlardan sonra Livan Səhiyyə Nazirliyi məlumat yayaraq azı 20 nəfərin həlak olduğunu, 450-dən çox insanın yaralandığını açıqlayıb.

Musavat.com xəbər verir ki, rabitə bazarının analitiki Eldar Murtazin Rusiyanın “MİR 24” telekanalına açıqlamasında bu genişmiqyaslı aksiyanın necə təşkil oluna biləcəyini və onun nəticələrinin necə olacağından danışıb.  Analitik deyib ki, Livanda partlayışlar qorxu mühitinin yaranmasına hesablanan hücumdur, terrordur:

"İnsanları qorxutmağa, panika yaratmağa çalışdılar. Bütün bunlar olduqca aydındır. İlk gündə batareyaların həddindən artıq qızması səbəbindən partlaması və onların partlamasına səbəb olan versiyalar var idi. Çoxları litium batareyaların partladığını və alovlanğını görmüşdülər. Amma indi hamı başa düşür ki, bu, qadjetlərə öncədən yerləşdirilmiş partlayıcıların bir siqnalla partladılmasıdır. Ortada olan foto və videolardan da aydın görünür ki, cihazlarda litium batareyalar deyil, partlayıcı maddələr partlayıb. 10-12 qram çəkisinin olmasına baxmayaraq, kifayət qədər güclü partlayıcıdır. Bu, mütləq batareya deyil. Mobil cihazın heç bir batareyası partlayışa səbəb olacaq qədər enerji verə bilməz.  5 min cihazı qaraj emalatxanasında söküb içinə partlayıcı yükləmək təlim keçmiş kadrlar üçün iki-üç günlük işdir. Heyət beş-altı nəfərdir. Belə bir hücumun qiyməti 150-200 min dollardır. Yəni deyə bilərik ki, dövlət səviyyəsində bu, pul deyil. Dövlət üçün bu, həqiqətən çox asan bir iş kimi görünür. Bəşəriyyət tarixində heç vaxt məişət texnikasının minalanması baş verməyib. Peycer adi insanların istifadə etdiyi cihazıdır. 5 min ədəddən ibarət peycerin partlayışı cihazların minalanmasından xəbər verir".

Analitik deyib ki, mümkündür ki, İsrail əvvəlcə istehsal müəssisəsi yaradıb, orada peycerlər, mobil telefonlar və s. istehsal edib və onu Livana satılması təşkil olunub: “İndi çoxlu fikirlər var ki, Livanda bu iki gündə baş verənlər dünya tarixində yeni səhifə, yeni dövr açır, bütün bunların mütləq davamı olacaq. Mən bu fikirlərlə tamamilə razıyam. Mənim şəxsi fikrim budur ki, biz dövlət terroru aktı ilə üz-üzəyik, artıq cin şüşədən buraxılıb. İndi məlum oldu ki, əksər məişət cihazlarını çox asanlıqla və sadə bir şəkildə minalamaq olar. Bu, çətin deyil. Bu gedişat bütün dünyanı belə partlayışlara həssas olmasını göstərir. Və belə hallar sadəcə olaraq başqa ölkələrdə fərqli miqyasda təkrarlanacaq.  Bundan sonra biz dövlət tərəfindən deyil, müəyyən qruplar tərəfindən belə terror aktları ilə üzləşəcəyik. Yəni indi bu, təkcə Livanda deyil, “boz” qadcetlər bazarının olduğu istənilən ölkədə baş verə bilər. Mütləq deyil ki, “boz” qadcetlər partlayacaq. Mümkündür ki, içinə isti çay tökdüyünüz adi bir fincan da partlaya bilər.

Livanda baş verənlərə qədər hər kəs yazılmamış qaydaya riayət edirdi, kimsə ümumistifadədə olan əşyaları minalamırdı - bu cini şüşədən buraxmamaq lazım idi”.

Analitik deyib ki, Livanda baş verən bu hadisələr “Yerli mal al” şüarını milli təhlükəsizlik şüarına çevirəcək:

“Hər bir dövlət təhlükəsizliyini təmin etmək üçün mobil telefondan tutmuş digər gündəlik istifadədə olan əşyaları daxildə istehsal etməli olacaq.  Xaricdən gələn cihazlar və komponentlər minalana bilər. İsrailin bu hərəkəti bütün avadanlıqların, ilk növbədə mobil avadanlıqların qiymətinin artmasına səbəb olacaq. Çünki avadanlıqların təhlükəsiz olub-olmadığını yoxlamaq üçün əlavə tədbirlər həyata keçirilməsi zərurəti yaranıb. Yəni mütləq əminlik üçün bütün texnoloji zəncir bir dövlətin ərazisində olmalıdır. Yəni, çap elektron platanın mikrosxeminin yaradılmasından tutmuş hazır cihazın yığılmasına qədər ölkə ərazisində olmalıdır ki, təhlükəsizliyinə tam əminlik olsun. Yeganə yol budur”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR