İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqresdə anti-Azərbaycan TƏXRİBATI – Ermənilər Trampı Bakıya qarşı qızışdırır

Erməni radikal-revanşistlər çoxdan cəhənnəmlik olmuş “arsax”ın xortladılması üçün dinc durmur, cəhdlərini davam etdirirlər. Məlumatlara görə, onlar indi də ABŞ-dakı havadarlarının köməyi ilə Konqresin insan haqları komitəsində təşkil olunmuş toplantıda Azərbaycan əleyhinə çıxışlar və çağırışlar ediblər.

Üzdəniraq qonaqlar arasında özünü hələ də “artsax”ın keçmiş “ombudsmanı” sayan Artak Beqlaryan da olub. Bu başdan əlilin ora hansı statusda və kim tərəfindən dəvət edildiyi hələlik bəlli deyil...

Təbii ki, Beqlaryan adam yerinə qoyulduğunu zənn edərək, gözünü yumub ağzını açıb, Azərbaycanı ağla gələn və gəlməyən cümlə cinayətlərdə, o cümlədən etnik təmizləmələr və soyqırımında, Qarabağdakı uydurma erməni “tarixi-mədəni irsi”ni məhv etməkdə suçlayıb. Üstəlik, tipik erməni həyasızlığı ilə Qarabağı guya “150 mindən çox erməni”in tərk etdiyini söyləyib.

Halbuki Ermənistan rəsmi şəkildə bu rəqəmin 101 min olduğunu dəfələrlə bəyan edib. Heç o da dəqiq deyil. Çünki 44 günlük Vətən müharibəsinədək Qarabağda uzağı, 30 min yerli erməni yaşayıb. Say artıq olubsa da, onların hamısı Ermənistan vətəndaşlığı olan qanunsuz silahlı dəstələrdən, işğalçılardan ibarət olub. Yəni dinc əhali birgə onlar da çıxıb getməli olub.

Belə baxanda digər ağlasığmaz yalan-palanların içində “150 min” yalanı nədir ki? Hərçənd bu minval və iştahla daha bir neçə il sonra “150 min” 250 min də ola bilər! Bütün dünya bilir ki, bunlar saxtakarlığa son dərəcə meylli bir toplum...

Təəssüf ki, Qərbdə erməni yalanlarına sidq-ürəkdən inananlar kifayət qədərdir. Əlbəttə ki, səbəblərin önündə xristian amili gəlir. Təsadüfi deyil ki, revanşist-radikallar Bakıda məhkəməsi gedən xuntaçıları həmişə “xristian məhbuslar” kimi təqdim edirlər. Guya Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi dini savaş imiş. Quldurun, hərbi caninin, uşaq qatilinin görəsən nə dini, nə imanı, nə milləti?!

Yeri gəlmişkən, Konqresdəki iclasda Bakıda məhkəməsi gedən erməni quldur-banditlərin məsələsi də diqqətdə olub. O sırada özünü bəşəriyyət əleyhinə cinayətlərdə ittiham olunan Ruben Vardanyanın “beynəlxalq vəkili” elan etmiş Cared Qenser revanşist xoruna qoşularaq, “xristian məhbusların” azad edilməsi üçün Tramp hökumətini “Bakıya təzyiq göstərməyə” çağırıb. Utanmasan, oynamağa nə var ki...

Gözləyək görək, Konqresdəki insan haqları tamaşasına Ağ Evdən və ya Dövlət Departamentindən hansı reaksiya veriləcək? Hər halda, bu, Trampın ikinci prezidentlik dönəmində Azərbaycan dövləti əleyhinə səhnələşdirilən ilk ciddi siyasi şou, tamaşa, təxribatdır.

Nikol Paşinyan hökumətinin reaksiyası da maraqlı olacaq. Məsələn, separatçı ünsürü Beqlaryan ABŞ-a vizanı necə, hansı pasportla alıb. Ümumiyyətlə, separatçıların İrəvandakı ofisi niyə hələ də bağlanmayıb?

Bütün hallarda Azərbaycan ona qarşı aparılan bu qəbil iyrənc kampaniyaları diqqətlə izləyir və gərəkən tədbirlərini görür. Eyni zamanda, Bakı bir daha “əzabkeş xalqın” diqqətinə çatdırır ki, ermənilərin xalq olaraq ağ günə çıxmasının yolu ABŞ-dan, Fransadan, Rusiyadan mədət ummaqdan, yaxud Azərbaycanı və Türkiyəni qaralamaqdan yox, müstəsna olaraq, iki əsas qonşu ilə barışıqdan keçir. Həm də təcili. Niyə?

Ona görə ki, günün birində “real Ermənistan” da “artsax”ın dalınca gedə bilər...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR