Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Kəmalə Harrisin əri Duqlas Emhoffu Vaşinqtondakı Amerika Birləşmiş Ştatlarının Holokost Memorial Muzeyinin idarə heyətində tutduğu vəzifədən azad edib.
Musavat.com xəbər verir ki, məlumatı Emhoff The Hill qəzetinə özü açıqlayıb: “Bu gün mənə bildirildi ki, məni Holokost Memorial Muzeyinin idarə heyətindən çıxarırlar".
Emhoff Holokostun anım və maarifləndirilməsinin “siyasiləşdirilməməsi lazım olduğunu” vurğulayıb və bu istiqamətdə işi davam etdirəcəyinə söz verib. Öz növbəsində, Ağ Ev rəsmisi nəşrə təsdiqləyib ki, Tramp administrasiyası muzey şurasının bir neçə üzvünü işdən çıxarıb və yeni potensial namizədlərlə müsahibə aparır.
“The New York Times”ın (NYT) məlumatına görə, Emhoffdan başqa ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının bir neçə üzvü şuranı tərk edib. Onların arasında Ağ Evin keçmiş aparat rəhbəri Ronald Klein, keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays və birinci xanımın keçmiş köməkçisi Entoni Bernal da var.
NYT-nin məlumatına görə, Emhoff əvvəllər uzun müddət korporativ hüquqşünas kimi çalışıb. Onun müştəriləri arasında Spotify və Lionsgate kimi şirkətlər olub. 2020-ci ildə həyat yoldaşı Kamala Harris ABŞ-ın vitse-prezidenti olduqda maraqlar toqquşmasından qaçmaq üçün DLA Piper-dən ayrılıb. Qeyd olunur ki, o, daha sonra 2024-cü il prezidentlik yarışı zamanı həyat yoldaşına 1 milyard dollardan çox pul yığmaqda kömək edib. Emhoff həmçinin 2024-cü il Paris Olimpiadasında ABŞ-ı diplomatik vəzifədə təmsil edib.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ