Onlayn ictimai-siyasi qəzet
…«İşğaldan azad olunmuş torpaqlara xoş gəldiniz!» plakatının ardınca qarşılaşdığımız hər bir mənzərə son 35 illik tariximizin xaosdan sabitliyə, tənəzzüldən qurtuluşa, məğlubiyyətdən zəfərə keçidinin bütün təzadlarını, ziddiyyətlərini aydın göstərirdi.
Füzuli, Cəbrayıl, Zəngilan, ümumiyyətlə Laçına doğru hər istiqamətdə dünyanın ən faciəli işğal barbarlıqlarından birinin yaratdığı dəhşətli dağıntıların ardınca dünyada ən çevik inşa olunan quruculuq nümunələrindən sayılan sosial infrastrukturları, yeni yaşayış məskənlərini, yolları qürurla seyr edirdik…
Gördüyümüz fərqli görüntülərin hər biri tariximizin müxtəlif dövrlərinin canlı təzahürü idi...
Xarabalığa dönən, daşı daş üstündə qalmayan, hər qarışında erməni təcavüzünün vəhşi izlərini «yaşadan» kəndlərimiz, şəhərlərimiz, rayonlarımız artıq Qafqazın ən böyük tikinti meydanına çevrilib…
Burada işin yüksək sürətini müasirliyin və modern zövqün dinamikası müşayiət edir…
Ağıllı strategiya əsasında tətbiq edilən «ağıllı kənd», «ağıllı rayon» konseptləri bu bölgədə ağlın və qətiyyətin vəhdəti əsasında Azərbaycan Modelini yaradır…
Qarabağ və Şərqi Zəngəzurda ucalan Zəfər Bayraqlarının kölgəsində bu bölgələr qələbənin, inkişafın, quruculuğun mükəmməl rəmzləri kimi dağların o tayındakı məğlub düşmənə göz dağıdır!..
Bu təəssürat siyasi partiya sədrlərinin, həmçinin siyasi ekspertlərin və media nümayəndələrinin Laçına dünənki səfərlərinin ortaq qənaəti, rəyi idi.
5 il öncə Prezident İlham Əliyevin irəli sürdüyü yeni siyasi təşəbbüslər 30 il ərzində biri-birlərinə kəskin münasibət bəsləyən opponentlər arasında qısa müddətdə inamı möhkəmləndirdi, qarşılıqlı etimad yaratdı və nəticədə geniştərkibli siyasi dialoqu formalaşdırırdı.
Dövlət başçısının siyasi islahatlar gündəliyinin icraçısı olan Prezident Adminsitrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin həyata keçirdiyi tədbirlər də uğurlu nəticələr verdi. Vətən Müharibəsindən öncə və savaşın gedişində bütün siyasi partiyalar, - iki məlum siyasi dərnək istisna ollmaqla, - siyasi mövqelərindən asılı olmayaraq, bu həssas dönəmdə yalnız bir mövqeni – milli maraqları müdafiə etdiklərini və üzərlərinə düşən siyasi vəzifələri tam icra edəcəklərini bildirdilər.
Çoxrəngli siyasi palitranın bir aydın çalarda – Zəfər rəngində birləşməsi əslində, Azərbaycanın müasir siyasi tarixində «ilk» idi.
Sonrakı dövrlərdə iqtidar-müxalifət təmaslarında çoxdan arzulanan, böyük ictimai gözləntiyə çevrilən «ilklər»in sayı getdikdə artdı. Zəfərin yaratdığı yeni reallıqlar kontekstində siyasi konsensusun möhkəmlənməsi və ölkədəki proseslərdə bütün siyasi cərəyanların iştirakının vacibliyi siyasi dialoqun davamlılğını daha da aktuallaşdırırdı. Prezidentin «yeni tarixi dövrə qədəm qoymuşuq» deyə səciyyələndirdiyi son 5 ilin ən mühüm göstəricilərindən biri də şübhəsiz ki, məhz bu siyasi mənzərədir.
Siyasi partiya təmsilçilərinin indiyədək Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə olan səfərlərinin davamı olaraq ötən gün Laçına gerçəkləşən səfər də Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiya baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Səfərdə iştirak edən 24 siyasi partiya təmsilçilərinin bir qisminin siyasi fəaliyyətində «Laçın» faktoru qara xəttlə keçir. Onlar bunu əlbəttə ki, unutmayıblar və bizlər də bu həssas təəssüratı onların simalarında daim aydın gördük.
Laçında düşmən üzərində yürüməli olan əsgərləri, tankları Bakıda Milli Məclisə, Prezident Aparatına doğru yönəldənlər…
Bakıda hakimiyyət uğrunda savaşda Laçını məğlub edənlər…
…Bu adamlar və o siyasi «irsin» yetirmələri dünən öz səhv əməllərini müxtəlif formalarda etiraf etdilər, təəssüflərini bildirdilər. Həm də Laçının 28 il yaşadığı təcavüz dəhşətinin əsas səbəbkarları olan AXC-Müsavat təmsilçilərinin obrazlı desək, Laçının üzünə baxmağa mənəvi haqları çatmadığı üçün bu səfərdə iştirak etmədiklərini söylədilər.
Laçının ən hündür nöqtəsi olan seyrangahda söhbətlər daha səmimi idi. Bir partiya sədrinin «İlham Əliyevin bu torpaqları azad etməsi böyük qəhrəmanlıqdır, amma buraları belə qısa müddətdə yenidən qurması bəlkə də daha böyük qəhrəmanlıqdır» etirafının ardınca, digər siyasi partiya rəhbərinin etirafı gəldi: «İlham Əliyevin həm qələbəsini, həm də buradakı quruculuq işlərini bizlər heç vaxt edə bilməzdik, bunu bacarmazdıq»…
Bu etiraflar silsiləsi davam etdi və çox arzulayırıq ki, bu həqiqətləri həmin partiya rəhbərləri daha geniş auditoriyalarda da açıqlasınlar...
Siyasi dialoqun ən böyük nəticəsi də məhz budur: artıq müxalifət inkarçı deyil, ağa qara demir, iqtidarın və Prezidentin fəaliyyətini qaraguruh ovqatda qərəzlə təftiş etmir.
Tam əksinə, ölkədəki proseslərlə bağlı obyektiv və ədalətli mövqe nümayiş etdirir, milli məsələlərdə dövlət maraqlarını siyasi mənafedən üstün tutur və bununla yanaşı, əsl müxalifətçi kimi, iqtidarın da, Prezidentin fəaliyyətini tənqid edir.
Son 5 ildə kərpic-kərpic inşa edilən yeni siyasi konfiqurasiyanın, böyük fədakarlıqlar hesabına formalaşan yeni siyasi mədəniyyətin bu nailiyyətləri əslində, dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsidir.
Laçında bu prosesi sevinc və minnətdarlıqla müşahidə etdik, həm də «Siyasi dialoqun Laçın zirvəsi»nin daha mühüm nəticələr yaradacağına əmin olduq.
Professor Ədalət Vəliyevin dediyi kimi: «Ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür».
Həqiqətən də, bu təzahür elə Laçın səfərinin timsalında bir daha yaşandı. 33 il öncə siyasi xaos nəticəsində işğala məruz qalan Laçındakı bugünkü inkişaf və quruculuq indi siyasi həmrəyliyin növbəti təntənəsinə çevrilir. 33 il öncə Laçının süqutu fonunda parçalanan, biri-birinə düşmənə çevrilən siyasi partiyalar bu gün Laçında Azərbaycan naminə birgə əməkdaşlığı daha da gücləndirmək barədə təkliflər müzakirə edirlər.
Hər şey, bütün proses göz önündədir. 5 il ərzində əldə olunan mütərəqqi siyasi transformasiya Azərbaycan siyasi tarixində həm yeni səhifə açır, həm də köklü dəyişiklərin başlanğıcına çevrilir.
Prezident İlham Əliyevin yaratdığı Yeni Laçının möhtəşəm quruculuq görkəminin miqyası və mahiyyəti elə yüksək vətəndaşlıq duyğusu oyadır ki, burada iqtidar və siyasət mənsubluğu tam əhəmiyyətini itirir.
İndiyədək rayonda 1000-dən çox yaşayış evi tikilib və bərpa olunub. Artıq 847 ailə doğma torpaqlarına qayıdaraq yeni evlərində məskunlaşıb. Laçın şəhərinin özündə 626 fərdi ev və çoxmənzilli binalarda yerləşən 138 mənzil inşa olunub. Daha 237 fərdi ev və 436 mənzilli 29 binanın tikintisi nəzərdə tutulur. Sus kəndində 59 fərdi ev, Zabuxda isə 223 fərdi ev istifadəyə verilib. Prosesdə müasir yanaşma xüsusilə diqqəti cəlb edir. Fərdi evlərin və qeyri-yaşayış binalarının damlarında günəş panelləri quraşdırılıb, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. Laçın-Kəlbəcər avtomobil yolu boyunca 14 körpü və 11 tunel artıq inşa edilib ki, onların sayı daha da artacaq.
Zabuxçay su anbarı da mühüm strateji əhəmiyyətli obyekt kimi qurulur. 26 milyon kubmetr tutumu olan su anbarı vasitəsilə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında əkin dövriyyəsinə buraxılan on minlərlə hektar torpağın suvarılması həyata keçiriləcək. Bu çay üzərində layihələndirilən 91 milyon kubmetr su tutumu olacaq yeni su anbarı isə Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam üçün həm içməli, həm də suvarma su mənbəyi kimi nəzərdə tutulur.
Dağların arxasında Ermənistanın kasıb kəndərinin, böhrandan, tənəzzüldən boşalan rayonlarının faciəli mənzərəsi aydın görünür…
Ora da Azərbaycandır – Qərbi Azərbaycandır – milli ideyamızın yeni strateji hədəflərindəndir…
Şərqi Zəngəzura sabitlik, quruculuq, rifah, inkişaf bəxş edən Ali və Müzəffər İradənin Qərbi Zəngəzura - qədim tarixi torpaqlarımıza da öncə ədalət, sonra isə tərəqqi bəxş edəcəyi gün uzaq deyil…
Bu həqiqətə olan sarsılmaz əminlik elə siyasi partiyaların Laçın səfərinin də əsas qayəsi oldu: Zəfərin yaratdığı siyasi dialoq prosesi indi milli ideyanın növbəti hədəfinin reallaşması istiqamətində daha əzmlə, qətiyyətlə davam etməlidir…
İxtiyar HÜSEYNLİ,
Əməkdar jurnalist
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ