Onlayn ictimai-siyasi qəzet
44 günlük Vətən müharibəsi günlərində Mərkəzi Bankın tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq qərar verdilər ki, şəhid, qazi, yaralı hərbçilərimizin, düşmən təxribatı nəticəsində zərər çəkmiş mülki vətəndaşlarımızın kredit borcları bağışlanılsın, faizləri dondurulsun. Əksər banklar bu qərara sadiq qalsalar da, bəzi istisnalar da var.
“Kapital Bank” artıq həyatda olmayan qazi Təbriz Şəmsi oğlu Əliyevin ailəsindən onun sağlığında aldığı kreditin qaytarılmasını tələb edir.
Bu barədə Musavat.com-a Təbriz Əliyevin həyat yoldaşı Günel Əliyeva məlumat verib.
Deyib ki, “Kapital Bank”ın çağrı mərkəzindən onunla əlaqə saxlayaraq mərhum yoldaşı Təbriz Əliyevin kredit borcunun ödənməsi tələb olunub:
“Təbriz müharibədə kontuziya almışdı. Yanında mərmi partlamışdı. 3-cü qrup əlil idi. Müharibədən sonra bankdan kredit alıb heyvandarlıqla məşğul olmaq istədi. Lakin psixoloji durumu ağır idi deyə müalicəsinə xərclədi. Ötən ilin dekabrında Səfikürd kəndinin mərkəzində özünü asaraq intihar etdi.
Bankdan dedilər ki, Təbrizin vərəsələri övladlarıdır, dövlət onların saxlanılması üçün müavinət verir. Kredit borcu da müvafiq olaraq onun övladlarına ödənilən müavinətə yönləndiriləcək”.
Hazırda mərhum Təbriz Əliyevin iki övladı böyüyür.
Günel Əliyevanın sözlərinə görə, bankdan zəng edən şəxs deyib ki, könüllü ödənmə üçün iyun ayına qədər vaxt verilir:
“Əgər iyun ayına qədər ödəmə etməsək, dedi ki, kredit borcunu uşaqların saxlanılması üçün dövlətin ödədiyi müavinətdən tutacaqlar”.
Günel Əliyeva ölkə rəhbərliyinə müraciət edərək həyat yoldaşının sağlığında aldığı kredit borcunun silinməsini xahiş edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ