İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Tallində İbrahim Kalın və Riçard Mur ilə gizli görüşü: Zəngəzur dəhlizində hansı ssenari hazırlanır?

 

Ermənistan baş naziri Nikol Paşinyanın Estoniyadakı səfəri fonunda yayılan gizli görüş iddiası Cənubi Qafqazda yeni geosiyasi ssenarilərin hazırlana biləcəyi ehtimalını gündəmə gətirib.

Məlumatlara görə, Tallində Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Britaniyanın kəşfiyyat xidməti MI-6-nın başçısı Rişard Mur və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gizli görüş baş tutub. Rəsmi təsdiq edilməsə də, bu məlumatın sızması ciddi rezonans doğurub. Adətən Ermənistanda bu cür informasiyalar ictimai rəyə təsir etmək və Paşinyana qarşı narazılığı qızışdırmaq məqsədi ilə tirajlansa da, mənbənin xaricdən qaynaqlanması məsələnin ciddi olduğunu göstərir.

Bu iddianın doğru olması halında, görüşün gündəliyində iki əsas məsələ yer ala bilər:

• Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması;
• Cənubi Qafqazda kommunikasiyaların açılması – xüsusilə Zəngəzur dəhlizinin taleyi.

Zəngəzur dəhlizinin açılması həm Ankara, həm Bakı, həm də London üçün strateji əhəmiyyət daşıyır. Britaniya rəsmi olaraq bunu bəyan etməsə də, Çindən Londona uzanan geosiyasi marşrutun balansı üçün bu dəhlizin açılması Böyük Britaniyanın regional təsir dairəsini genişləndirə bilər.

Məhz bu kontekstdə İlham Əliyevin son Çin səfəri və Pekinin Azərbaycanın sülh gündəminə verdiyi qəti dəstək, Zəngəzur dəhlizi ətrafında yaranan geosiyasi qarşıdurmanın növbəti mərhələyə keçdiyini göstərir.

Ankara və London bu işin içindədirsə, Bakı niyə narahat olmasın?

Bu məsələnin Azərbaycan cəmiyyəti və siyasi dairələri üçün həssas tərəfi İbrahim Kalının belə bir görüşdə yer alması ilə bağlıdır. Çünki Türkiyə – Azərbaycanın strateji müttəfiqidir və Azərbaycan ictimai rəyində “qardaş ölkədən zərər gəlməz” inancı möhkəmdir.

Eyni ilə Böyük Britaniya da son illər ərzində Azərbaycanla sıx enerji və təhlükəsizlik əməkdaşlığı qurub, Qarabağdan sonrakı dövrdə Azərbaycanın suverenliyinə hörmət etdiyini dəfələrlə nümayiş etdirib. Ona görə də, Britaniyanın MI-6 rəhbərinin bu görüşdə iştirakını Bakı üçün bir təhlükə siqnalı kimi qiymətləndirmək doğru olmaz.

Lakin görüşün detallarının tam məlum olmaması, bəzi sualları da cavabsız qoyur:
Paşinyan Zəngəzur dəhlizinə yaşıl işıq yandırmaq üçünmü razılıq axtarır?
Yoxsa Moskva öncəsi bu görüş, Kremlin planlarına qarşı Qərb platformasında danışmaq cəhdidirmi?

Paşinyan Moskva–Brüssel arasında sıxılır

Bu məlumatlar fonunda diqqət çəkən başqa bir detal da Paşinyanın 9 May-da Moskvada keçiriləcək Qələbə paradına qatılmaq planlarıdır. Halbuki Avropa İttifaqı namizəd ölkələrə bu tədbirdə iştirak etməməyi tövsiyə edib. Paşinyan isə Estoniyaya – Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallasın vətəninə – səfəri zamanı bu “ziddiyyətli qərarı” əsaslandırmağa çalışır.

Bu, Ermənistan rəhbərinin Rusiyaya yaxın görünmədən, Qərblə əlaqələri qorumağa çalışdığını, lakin eyni zamanda Rusiya ilə münasibətləri də tam qoparmağa cəsarət etmədiyini göstərir. Ermənistan mediası da bu səfərin əslində Moskva öncəsi Aİ-yə “hesabat” xarakteri daşıdığını yazır.

Zəngəzur uğrunda yeni mübarizə?

Bütün bu hadisələr fonunda Zəngəzur dəhlizi yenidən beynəlxalq gündəmin ön sırasına çıxır. Çin, Türkiyə, Britaniya və Azərbaycan bu layihəni regional sabitlik, inteqrasiya və ticarət baxımından dəstəkləyir. Ermənistan daxilində isə bu məsələyə qarşı hələ də ciddi müqavimət var.

Paşinyanın Tallində baş tutduğu iddia olunan bu məxfi üçtərəfli görüş doğrudursa, bu, Qərbin Cənubi Qafqazda Rusiyanın çəkildiyi boşluğu doldurmağa başladığının bariz nümunəsidir. Bu zaman Azərbaycan diplomatiyasının ayıq və çevik davranması, həm Türkiyə, həm Britaniya, həm də Ermənistanla mümkün ssenariləri diqqətlə izləməsi zəruridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR