İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kəndiri boğazına keçirib ipini də dartaram, ikiüzlülər” – Orxan Əsgərovun atasından qəzəb dolu AÇIQLAMA

"İran tərəfi artıq neçənci dəfədir ki, yalandan bəyanatlar verir. Ölkənin məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangirin çıxışına baxdım və çox təəccübləndim. Belə ikiüzlülük olarmı? Deyirlər ki, guya biz valideyn kimi edam üçün müraciət etməmişik. Bunların görəsən, vicdanı varmı? İranın Baş prokurorunun müavini Bakıya gələndə onunla görüşdüm və oğlumu öldürən şəxsə edam tələb etdim.  2023-cü il 4-5 dəfə ailəm adından edamla bağlı müraciət etmişik. Eyni ilə bu müraciətləri 2024 və 2025-ci illərdə də İranın ədliyyə orqanlarına etmişik. Sonuncu müraciətim isə aprel ayının 19-da olub. Baş prokurorluq bu müraciətimi diplomatik yollarla İrana çatdırıb. İranda vəkilimiz də var, ona etibarnamə vermişik ki, bizim adımızdan edamda iştirak etsin".

Bunu Musavat.com-a Tehrandakı səfirliyimizə silahlı hücumda şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib. O deyib ki, İran tərəfinə edam hökmünün icrası ilə bağlı dəfələrlə müraciət edib:

”Bunlar necə insandır? Çox rahatlıqla yalan danışırlar. Əvvəlcə edamın vaxtını təyin etsinlər və bu barədə Azərbaycanın İrandakı səfirliyinə məlumat versinlər. Səfirlik də mənə bu barədə xəbər verəcək. İran bu barədə səfirliyimizə nə zaman məlumat verdi? Belə çıxır ki, iranlıların nə zaman kefi olacaq, o zaman edam edəcəklər. Xəbər etsinlər, gedim edamda iştirak edim. Kəndiri boğazına keçirib, ipini də dartaram. 

Prezident İlham Əliyev 2025-ci ildə 3 dəfə bu məsələni qaldırdı. Bu yaxınlarda ingilis jurnalistin suallarına cavab verəndə də edam məsələsinə toxundu. Yalandan deyirlər ki, qatil anlaqsız vəziyyətdə olub. Edam etsinlər ki, biz də sakitlik tapaq”.

Qeyd edək ki, İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir bildirib ki, Azərbaycan səfirliyinə hücumun günahkarının edam edilməsi üçün bütün hazırlıqlar tamamlanıb.

Onun sözlərinə görə, məhkəmə bu hökmü icra etməyə hazırdır:

"Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də, məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib. Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər".

Xatırladaq ki, 2023-cü ilin 27 yanvar tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. O, 3 fevral 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR