Onlayn ictimai-siyasi qəzet
Bu ilin birinci rübündə ABŞ iqtisadiyyatı illik ifadədə 0,3 faiz kiçilib.
Musavat.com xəbər verir məlumatıp ölkənin Ticarət Nazirliyi açıqlayıb. Nəticə bütün analitik mərkəzlər üçün gözlənilməz olub. Belə ki, Trading Economics analitikləri orta hesabla 0,3 faiz, MarketWatch respondentləri 0,4 faiz artım gözləyirdilər.
Bu, son üç ildə göstəricinin ilk azalmasıdır. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin dördüncü rübündə ABŞ ÜDM-i 2,4 faiz artıb.
Bu ilin birinci rübündə ABŞ iqtisadiyyatının üçdə ikisini təşkil edən istehlak xərcləri əvvəlki rübdəki 4 faizə qarşı cəmi 1,8 faiz artıb. Hökumət xərcləri 5,1 faiz azalıb (2024-cü ilin dördüncü rübündə 2,5 faiz artmışdı), bu, son üç ilin ən böyük azalmasıdır.
Bununla yanaşı, əsas kapitala investisiyalar 7,8 faiz artıb ki, bu da 2023-cü ilin ikinci rübündən bəri ən sürətli artımdır. Xüsusilə qeyri-yaşayış aktivlərinə kapital qoyuluşları 9,8 faiz, mənzil sektoruna isə 1,3 faiz artıb.
İxrac 1,8 faiz artıb. Eyni zamanda idxal rüsumlarının tətbiqi ərəfəsində müəssisələrin tədarük ehtiyatı yaratması nəticəsində idxal 41,3 faiz artıb.
PCE istehlak qiymətləri indeksi birinci rübdə əvvəlki üç ayla müqayisədə 3,6 faiz artıb. Oktyabr-dekabr aylarında 2,4 faiz artım olmuşdu.
Federal Ehtiyat Sisteminin inflyasiya risklərini qiymətləndirərkən yaxından izlədiyi PCE Core indeksi (ərzaq və enerji istisna olmaqla istehlak qiymətlərində dəyişiklik) 3,5 faiz (əvvəlki rübdə 2,6 faiz) artıb.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ