İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda “çevriliş şousu” Fransanın planıdır - iki məqsəd

Fransız nazirin “Moskvanın təzyiqlərindən Ermənistanı qoruyacaqlarını” deməsi fonunda Rusiyadan gələn “Arbat” qruplaşmasının hakimiyyəti devirmək cəhdi haqda xəbərlər təsadüfə oxşamır - iki analitikin çarpaz baxışları...

Məlumata görə, Ermənistana gələn iki nəfərin daxil olduğu ümumilikdə 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədilə plan hazırlayıb. 

“Araşdırmalar zamanı müəyyən edilib ki, həmin qanunazidd əməlin icrası üçün bu şəxslərin hər birinə 90 gün boyunca hər ay 220 min rubl məbləğində pul ödənilməklə onların Rusiya ərazisində təlim keçmələri, eləcə də Ermənistana qayıtdıqdan sonra təlimlərdə qazandıqları bilik və bacarıqların bu ölkədəki müəyyən şəxslər arasında yaymalı olduğuna dair razılıq əldə olunub. Bir müddət sonra onlar Rusiyanın Rostov-Don şəhərinə gələrək, buradakı "Arbat" hərbi bazasında təlimlərə cəlb edilib, burada müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər", - açıqlamada bildirilir. 

Xəbərə görə, həmin şəxslərin bəziləri sonradan Ermənistanda dövlət çevrilişinə dair tapşırığın icrasından imtina edib, üç nəfər isə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı həbs olunub. Qurum 4 nəfər barəsində axtarış elan edildiyi açıqlayıb. Fransalı nazirin Ermənistana səfərindən dərhal sonra çevriliş iştirakçılarının həbsi ciddi suallar doğurur. Yada salaq ki,  Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvanda “Ermənistanı Rusiyanın təzyiqindən qoruyacaqlarına” söz də verib. Sejurne “təzyiq göstərməyə çalışan Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq” Ermənistan xalqına və hökumətinə dəstəyini ifadə edib. Onun sözlərinə görə, buna baxmayaraq, Ermənistan mərhələli şəkildə demokratiyaya doğru irəliləyir. “Demokratik dəyərləri müdafiə etməyinizə kömək etmək üçün bizə hər zaman arxalana bilərsiniz. Fransa hər zaman sizə yaxındır. Fransada siyasi qüvvələr arasında razılığın olduğu mövzular azdır. Ermənistan belə azsaylı mövzulardan biridir”, - deyə Sejurne vurğulayıb. 

Rəsmi məlumatdan da göründüyü kimi, çevriliş cəhdində izlər Rusiyaya aparır. Bu məlumat yayıldıqdan sonra Paşinyan “Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyümüzü təkcə ona görə dondurmamışıq ki, bu qurum Ermənistan qarşısında öz təhlükəsizlik öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhlükə yaradır”, - deyə bəyan edib. Paşinyan deyib ki, Ermənistanın KTMT-yə qayıtması barədə fikirlər çox müzakirə olunur. 

“Biz əvvəl də demişdik ki, KTMT-də fəaliyyətimizi yalnız qaldırdığımız suallara cavab veriləcəyi təqdirdə tam bərpa edəcəyik. 2 il keçdi, amma cavablar eşidilmir və eşidilməyəcəyi də ortadadır. Deyə bilərəm nə qədər ki, bu cavablar əsaslı və inandırıcı deyil, hər dəqiqə və saniyədə Ermənistan KTMT-dən getdikcə daha da uzaqlaşır”, - o bildirib. Paşinyan qeyd edib ki, “dönməzlik nöqtəsi” ifadəsi var. “Əgər biz geriyə "dönməzli nöqtəsi"ni keçməmişiksə, böyük ehtimal var ki, bu vəziyyət belə davam edərsə, o “dönməzlik nöqtəsi”ni keçəcəyik və onda heç kimin bizi ittiham etməyə haqlı səbəbi və əsası olmayacaq". 

Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur. O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını söyləyib. Qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur. “Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək. Ermənistan yaxın tərəfdaşdır”, - deyə Kremlin sözçüsü əlavə edib. Aydındır ki, Fransa və Qərb tərəfdaşları Paşinyana “qaz ver” komandası veriblər. Fransalı nazirin Ermənistanı qorumaq vədi Rusiyanı qıcıqlandırmaq, Paşinyanın dedikləri isə Moskvaya meydan oxumaqdır. Qərb Ukrayna müharibəsində uduzduğunun fərqindədir. Kursk əməliyyatı planlaşdırılan effekti vermədi və indi Rusiyaya qarşı Ermənistandan “ikinci cəbhə” açmaq fürsətini dəyərləndirmək istəyirlər.

AZAD MƏSİYEV: RUSİYANIN KONSULLUQ AÇMAQ İSTƏYİ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ  XƏLƏL GƏTİRMİR

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, erməni cəmiyyətində Paşinyana müxalif düşərgə var: “Nikolu iqtidara gətirən qüvvələr isə onun siyasi opponentlərinə qarşı hakimiyyətin möhkəmlənməsi üçün dəstəyi artırırlar. Hazırda bütün hakimiyyət orqanları sorosçuların əlindədir. Həmin sorosçular da anti-Rusiya əhval-ruhiyyəsini getdikcə gücləndirir. Düşünürəm ki, İrəvanda çevriliş cəhdi haqda tirajlanan xəbərlər də həmin təbliğatın bir hissəsidir”, - deyə siyasi analitik belə qiymətləndirir. Onun fikrincə, Rusiyanın belə planı olsaydı, bu cür primitiv yollara əl atmazdı: “Çünki 6-7 nəfərlə hakimiyyət çevrilişi olmur. Hesab edirəm ki, süni yaradılmış əməliyyat oyunudur və Rusiya əleyhinə aparılan təbliğat üçün istifadə olunub. Rusiyanın Ermənistanda çevriliş niyyəti varsa, bunu daha mükəmməl səviyyədə hazırlayar”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyada ermənilərdən təşkil olunan “Arbat” silahlı qruplaşması Ermənistanın baş naziri Nikol Paşinyanın başını hələ çox ağrıdacaq. Onun fikrincə, keçmiş “Vaqner” muzdlusu Ayk Qasparyan Rusiyada yaşayan ermənilərdən ibarət “Arbat” qruplaşmasını yaratdıqdan sonra Kremlin yeni əmrlərini yerinə yetirməyə başlayıb: “Əlbəttə, "Arbat" Ukraynada işğalçı müharibədə iştirak üçün təsis edilib, ancaq qruplaşmaya Ermənistan vətəndaşları ilə keçmiş Qarabağ separatçılarının cəlbi ondan xəbər verir ki, Ayk Qasparyan başqa tapşırığı da yerinə yetirməyə hazırdır. Nikol Paşinyanı Ermənistandakı radikallar yıxa bilmədilər, ümid qalır “Arbat” qruplaşmasına". Ekspertin bildirdiyinə görə, Ermənistanın radikal müxalifət nümayəndələrinin bugünlərdə işğal altındakı Donbasa ziyarəti də təsadüfi deyil: “Onlar Donbasda yerli separatçılarla danışıqlar aparıblar. Həmin radikallar Donbasa getmişkən Ayk Qasparyanla görüşüb ondan dəstək istəyə bilərdilər. Amerikalılar hələ ki Nikol Paşinyanı yaxşı qoruyurlar, Ermənistanın baş nazirinə qarşı sui-qəsd planının ifşası isə bağlı əməliyyatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsinin rolu istisna deyil”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR