İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın elan etdiyi “qırmızı xətləri” əzilib keçilir

Zəngəzur hələ də “qırmızı cizgi”dirmi?

İsrail son zamanlar İranın elan etdiyi bir “qırmızı cizgiləri”ni keçməkdədir. HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə İranda öldürüldü, Hizbullah lideri Həsən Nəsrullah qətlə yetirildi, Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd öldürülüdü. İrana bağlı komandirlər, iri siyasi fiqurların aradan götürülməsi prosesi da paralel olaraq aparılır. Eyni zamanda srağagün İsrail ordusu Livanın paytaxtı Beyrutu bombaldı, İsrail ordusu Livan ərazisinə daxil olub. Bir sözlə, İranın zaman-zaman elan etdiyi “qırmızı xətti” ayaqlar altına alınır və keçilir.

Cənub qonşumuzun elan etdiyi daha bir “qırmızı xətti” isə Zəngəzur dəhlizi idi. Bəs İranın “qırmızı xətti” hələ də Zəngəzur dəhlizidirmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Yaxın Şərq “barıt çəlləyi”nə dönüb. Toqquşmaların səngiyəcəyini gözləmək yersizdir.

elxan.jpg (248 KB)

İsrail-ABŞ ikilisi tədricən İrana yaxınlaşıb. İsrail-İran qarşıdurmasının Cənubi Qafqaza və bu bölgədə də İranın elan etdiyi “qırmızı cizgilərə” də təsirləri olacaq. Azərbaycan buna hazır olmalı yaranan yeni duruma uyğun qərarlar verməlidir:

“İranın mərhum prezidenti İbrahim Rəisi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirmişdi. İbrahim Rəisi Tehranda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını, ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını iddia etmiş və İranın buna qəti şəkildə qarşı olduğunu vurğulamışdı. NATO-nun Zəngəzur dəhlizinə nə aidiyyatı var, bunun izahını kimsə verməyib. NATO-nun Zəngəzur dəhlizinə aidiyyatı varsa, Çin öz mallarını Orta Dəhlizlə (Zəngəzur dəhlizi bunun tərkib hissəsidir) Avropa ölkələrinə daşıyarmı? NATO ilə Zəngəzur dəhlizi arasında əlaqə yaratmaq məntiqə sığmır. İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra da iranlı rəsmilər, diplomatlar və mollalar Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına ara vermədilər. Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianın Tehranda andiçmə mərasimi çərçivəsində ali dini lider Əli Xameneyi ilə görüşdü. Paşinyan Zəngəzur dəhlizi barədə fikir söyləməzkən, Əli Xameneyi bu dəhlizin reallaşmasının əleyhinə olduğunu vurğuladı. Paşinyan Xameneyinin bu sözlərinə reaksiya vermədi, çünki bu dəhlizin İrana dəxli yoxdur, nəqliyyat yolu Ermənistan ərazisindən keçəcək.

İranın yeni Prezidenti Məsud Pezeşkian bu vaxta qədər Zəngəzur dəhlizinin əleyhinə fikir bildirməyib. Görünür, Pezeşkian daxilən anlayır ki, Zəngəzur dəhlizinin İran üçün təhlükəsi yoxdur, sadəcə o bu barədə açıqlama vermək istəmir. Əks halda o İranın mühafizəkar dairələrinin qəzəbinə tuş gələcək”.

Politoloq qeyd etdi ki, İranın baş dərddədir, imicinə böyük zərbə dəyib. İsrail İranın silahlandırdığı regional silahlı qrupları başsız qoyub, komandirlərinin mütləq əksəriyyətini öldürüb:

“İsrail raket zərbələriylə SEPAH generallarını müxtəlif ölkələrdə öldürməkdə davam edir. Tehran və Qum İsrailə qarşı bir şey edə bilmədikləri halda, onların Zəngəzur dəhliziylə bağlı hədələrinin heç bir əhəmiyyəti qalmayıb. Beynəlxalq aləm də gördü ki, İrandakı siyasi və hərbi dairələri ancaq sözdə qorxu yaratmağa çalışırlar, reallıqda isə elə bir gücləri yoxdur, olsaydı, kiçik İsraillə savaşa başlayardılar. İranın parçalanması və bir neçə yerə bölünməsi təhlükəsi barədə ən doğru izahı elə ölkə Prezidenti Məsud Pezeşkian verib. Yaxın Şərqdə baş verən son olaylar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilər, bu Çindən başlayaraq hamının, o cümlədən Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanın da xeyrinədir. Ona görə də danışıqları intensivləşdirərək dəhlizin açılmasına nail olmaq lazımdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR