Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ali vəzifəyə ilk dəfə seçilməsinin 21-ci ildönümüdür.
Onun Prezident seçilməsi ölkənin siyasi həyatında yeni inkişaf dönəminin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi üzərində Azərbaycanımızın daha yeni uğurlara imza atması İlham Əliyevin adı ilə sıx bağlıdır.
21 il içində, demək olar, bütün əməli çalışma sahələri üzrə, o cümlədən iqtisadiyyat (özəlliklə enerji sektoru), ordu quruculuğu, xarici siyasət, sosial və s. sahələrdə çox önəmli işlər görülüb, islahatlar həyata keçirilib. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz iri infrastruktur layihələrin uğurlu icra meydanına çevrilib. Azərbaycan beynəlxalq səviyyəli iri layihələrin keçid və ya başlanğıc ölkəsi statusuna yiyələnib.
Bu müddətdə Azərbaycan beynəlxalq arenada daha nüfuzlu mövqelər qazanıb.
Ölkəmiz yalnız öz qayğıları ilə uğraşan dövlət olmaqdan çoxdan çıxıb və bölgəmizdə, bir sıra yaxın-uzaq coğrafiyalarda məhz Azərbaycanın rəyi, münasibəti, dəstəyi həlledici amilə çevrilib.
Bəli, İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı ağır durum köklü surətdə dəyişdi və bu əlamətdar ildönümünü biz Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının qüruru içində qeyd edirik.
Ötən dönəmdə uğurlu diplomatik və hərbi strategiya tətbiq edərək, bölgəmizdə yeni gerçəkliklər yaradıldı. Bu, yalnız Azərbaycan üçün deyil, ən azı Qafqaz üçün böyük tarixi mərhələdir.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın fərqli beynəlxalq platformalarda nüfuz qazanması, ciddi nəticələr verməkdə davam edir. Ölkəmiz çox önənli beynəlxalq tədbir - COP29 ərəfəsindədir. Ölkələr var belə tədbirləri on ildə bir dəfə keçirə bilmir, biz az qala hər il bu və ya digər beynəlxalq tədbirin məsuliyyətli təşəbbüsçüsü, uğurlu evsahibi yaxud güvənli tərəfdaşı oluruq.
Cənab İlham Əliyev strateji qərarları ilə bu gün fövqəladə uğurlara imza atır və bununla da əcdadın ruhunu şad edir, gələcək nəsillərə işıqlı yol xəritəsi cızır.
Cənab Prezidentimizə şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Onun uğuru Dünya azərbaycanlılarının, bütövlükdə Türk dünyasının uğurudur!
Arzu Bağırova,
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ