İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqicübbələr

Hökumət bir neçə tiktokeri əxlaqsızlıq yaymaq üstündə qoduqluğa basmışdır. Mənim belə platformalarda heç profilim yoxdur, ona görə maraqlı gəldi ki, görəsən, bu tiplər nə edibdir. Qısa videolar bəzi saytlarda paylaşılıb. Əgər “əxlaqsızlıq”  maşına əlini yapışdırıb hətərən-pətərən, gic-gic söhbətlər etmək və bunu efirdə yaymaqdırsa, anlamıram, niyə bu işi başqa, özü də zır rəsmi platformlarda edənlərə gözün üstündə qaşın var deyilmir? Məsələn, eynilə bu cür maşın-şousu var idi axı. Səhv edirəmsə, deyin səhv edirsən. Hətta o verilişi aparana axırda ayrıca kanal verildi. 

O cümlədən qısa videoda bir gombul arvadın laqqırtısı “əxlaqsızlıq” sayılıbsa, efirdə xalqımızın sutkada 24 saat baxdığının, dinlədiyinin adı nədir? Axı bu bambılı tiktokerlərə nümunəni siz özünüz vermisiniz. Yoxsa artıq tərbiyəsizlik və əxlaqsızlıq da monopoliyadadır? 

Ritorik sualdır, əlbəttə. Türkün sözü, boş verin getsin. Daha ciddi işlərimiz vardır. 

Məsələn, Sumqayıtda “Dünya vəkil cübbələri” sərgisi keçirilmişdir. Bir nəfər vəkilimiz var, başqa ölkələrdən vəkillərin geyimlərini alır, kolleksiya toplayır, indi həmin paltarları xalqımıza nümayiş etdirmək qərarına gəlmişdir. 

Əhsən. Təşəkkür edirik. Atalar demişkən, qırağına bax, bezini al, vəkilinə bax, tozunu al. Vəkili geyiminə görə qarşılayıb, vəsatətinə görə yola salarlar. Yaxşı vəkil neynir siyasi məhbusu, pis vəkil neynir pulsuz müvəkkili. Belə ata sözləri çoxdur, hələlik bəsdir. 

Əgər biz başqa ölkələrdə də vəkillərin geydiyi cübbələrə baxmaq imkanı əldə ediriksə, bu, öz yurdumuzda vəkil peşəsinin necə üstün sayıldığının əlaməti deyilmi!? 

O baxımdan, sərginin açılışında hörmətli Sumqayıt icra başçısının və yenə hörmətli vəkillər kollegiyası sədrinin iştirakı Azərbaycanda insan hüquqlarına verilən yüksək dəyərin əlamətlərindən biri, bəlkə də birincisidir! 

Yazını təkrar oxuyanda fikrimi dəqiqləşdirdim: ikincisidir. Hər halda, məzmun formadan üstündür. Qədim Roma müdriklərindən Siseron demişkən: “Omnia mea mekum porto”. Tərcüməsi budur ki, nəyim varsa, əynimdədir. Bir dənə də romalılardan ata sözü yazaq, abzası bağlayaq: “E fruktu arbor kognoskitur”, yəni bar verən ağacı meyvəsindən tanıyarlar. Maşallah.

Yaxşı olar sayın vəkillərimizin bu təşəbbüsünə başqa peşəkarlar da qoşulsun. Məsələn, niyə Mətbuat Şurası dünya xalqlarının qələmləri sərgisi düzəltmir? Böyük maraqla qarşılanardı. Bəzi xalqlar var qəzeti dəvəquşu lələyi ilə yazır. Kokos qozundan mürəkkəb qabı, tutuquşu zılından şrift düzəldənlər də vardır. Hətta elə ölkə var orada qəzeti jurnalistlərin qanı ilə çap edirlər. Bunlar hamısı çox maraqlı eksponatlardır. Xahiş edirəm MŞ sədrimiz, sayın Rəşad Məcid bu proje üzərində düşünsün. Milad bayramı keçdi, heç olmazsa gələn Novruzda belə sərgi izləməyi arzulayırıq. 

Yaxud bir ara metromuz sərgi salonlarına oxşayırdı. Camaat bir-birinin belinə çıxıb rəsmlərə, fotolara tamaşa edirdi. Mənim Biləcəridə qonşum var, şəxsən “Əcəmi-Avtovağzal” keçidindəki divardan asılı tablolara baxaraq Paul Klee ilə Ejen Delakruanın fərqini öyrənibdir. Hətta Klod Mone ilə Eduard Mane-ni gözübağlı ayırd edir. Rast gələndə mənə sual verir ki, qonşu, səncə, Mane “Çəmənlikdə səhər yeməyi” tablosundakı çılpaq zənəni çəkərkən Corcone-nin “Kənddə konsert” rəsmindən təsirlənmişdirmi. Açığı, dedim bu suala cavab verə bilmərəm, bunu ancaq sayın sənətşünasımız Ziyadxan Əliyev cavablandıra bilər. Bir dəfə isə qonşum Pikassonun “Mavi dövrü” haqda düşüncələrə dalaraq səhvən Sumqayıt avtobusuna minib. 

Əlbəttə, incəsənət qurban tələb edir, nəticədə metroda basabas yaranırdı, xalqımız tunelə yıxılırdı. Nəticədə rəhbərlik məcbur oldu, metronun müdiri Zaur müəllimi işdən çıxartdı. (Xalq yazıçımız Anar müəllimin “Təhminə” romanındakı “Tələsmə, Zaur” obrazının prototipi idi. Qatarı həmişə yavaş sürürdü). 

Görəsən, dünya üzrə metro işçilərinin geyim sərgisini hansı stansiyada keçirsək, daha çox izləyici gələr? İndi söz əlaqədar təşkilatlarındır. 




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR