Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlaması regionda rezonans doğurub. O, 22 oktyabr 2025-ci ildə jurnalistlərə verdiyi bəyanatda bildirib ki, “Azərbaycan parlamentinin sədri Ermənistana səfər edə bilər” və belə qarşılıqlı ziyarətlərin mümkünlüyünü istisna etmir.
Simonyan deyib:
“Qoy onların prezidenti də gəlsin, bizim liderimiz də getsin, mən özüm də gedərəm. Amma əvvəlcədən müzakirə olunmalı məsələlər var”.
Simonyan həmçinin qeyd edib: “Ermənistan tərəfi üçün Azərbaycana səfər etmək asan məsələ deyil”.
Bəs Alen Simonyanın bu açıqlamaları real diplomatik niyyətin ifadəsidir, yoxsa sadəcə siyasi mesaj xarakteri daşıyır?
Ermənistan parlament sədrinin “Azərbaycan parlamentinin sədri Ermənistana gələ bilər” fikri iki ölkə arasında yeni mərhələnin başlanğıcı ola bilərmi?
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb.
Politoloq qeyd edir ki, Simonyanın açıqlaması kifayət qədər qarışıq və eyni zamanda təxribatçı xarakter daşıyır:
"Əvvəla, sülh sazişi imzalanmadan dövlət başçılarının qarşılıqlı səfərləri xeyli mürəkkəb məsələdir. Simonyan bildirir ki, guya Paşinyanın Azərbaycana gəlməsi daha çətindir. Halbuki təcavüzkar tərəf Ermənistandır və məhz onlar 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıblar. Buna görə də ilk növbədə Ermənistan rəhbərliyinin ölkəmizə səfəri Azərbaycan xalqı qarşısında bəraət qazanmaq istiqamətində atılmış mühüm addım olardı.
Simonyan həmçinin “bir sıra həll olunmamış məsələlər var” deyir. Maraqlıdır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, bütün məsələlər müzakirə olunub və həll edilib, həll edilməmiş məsələ qalmayıb. İndi isə tam fərqli tonda danışırlar. Bu, rəsmi İrəvanın qeyri-səmimi və ziddiyyətli mövqeyini bir daha ortaya qoyur.
Məlum olduğu kimi, Ermənistan Konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəalar qalmaqdadır. Bu iddialar aradan qaldırılmalıdır. Həmçinin, Zəngəzur dəhlizi ətrafında müəyyən məsələlər mövcuddur ki, onlar da sülh sazişinin tərkib hissəsi kimi, hüquqi və siyasi yollarla – lazım gələrsə, referendum vasitəsilə öz həllini tapmalıdır".
Politoloq xatırladıb ki, Azərbaycan tərəfi artıq bir sıra humanist addımlar atıb:
"Məsələn, Qazaxıstandan gələn taxıl yük maşınlarının Azərbaycan ərazisindən tranzit keçərək Ermənistana daxil olmasına icazə verilib. Türkiyə tərəfi də müəyyən güzəştlərə gedib. Yəni, həm Türkiyə, həm də Azərbaycan Ermənistan üçün onun gözləmədiyi jestlər edib. Belə olan halda, Ermənistan rəhbərliyinin özünü hələ də “yüksək mövqedə” aparması təəccüb doğurur.
Bu baxımdan hesab edirəm ki, əgər Azərbaycan sülh sazişinin imzalanmasında qətiyyətli iradə göstərirsə, Ermənistan tərəfi də eyni səmimiyyəti nümayiş etdirməlidir. Çünki görünən odur ki, qarşı tərəf hələ də əl altından hansısa manipulyasiyalara və gizli gedişlərə cəhd göstərir".
Xalidə Gəray
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ