Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili istintaqa verdiyi ifadəsində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Musavat.com xəbər verir ki, məlumatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze brifinqdə açıqlayıb: "Bu gün keçmiş baş nazir İrakli Qaribaşvili Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, istintaqla tam əməkdaşlıq edir və bir neçə il ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib".
Qaqnidze bildirib ki, yaxın günlərdə istintaq Qaribaşvilinin əməllərinin necə təsnif ediləcəyinə və ona qarşı hansı hüquqi tədbirlərin seçiləcəyinə qərar verəcək.
Gürcüstan Baş Prokurorluğu bundan əvvəl Qaribaşvilinin, keçmiş DTX rəhbəri Qriqol Liluaşvili və keçmiş baş prokuror Otar Partsxaladzenin, eləcə də onlarla əlaqəli 8 şəxsin evlərində axtarış aparıldığını bildirib. Daha sonra DTX keçmiş məmurların və onların ailə üzvlərinin evlərindən 7 milyon dollar, 198 bahalı əşya və saatlar, qiymətli rəsmlər, minlərlə səhifə sənəd, 50 mobil telefon və 119 elektron cihaz müsadirə etdiyini bildirib. Bundan əlavə, prokurorluq daha 4 milyon dollar ələ keçirildiyini bildirdi.
2024-cü ildə Qaribaşvilini hazırkı baş nazir İrakli Kobaxidze əvəzləyib. Qaribaşvili hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının rəhbəri postunda Kobaxidzenin yerinə keçib və apreldə siyasətdən getdiyini bəyan edib. O, 2013-2015-ci illərdə və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. Həmçinin müxtəlif vaxtlarda daxili işlər və müdafiə naziri vəzifələrində də çalışıb.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ