İnsanlara hürriyət, millətlərə istiqlal!

FED rəhbəri uçot dərəcəsinin azaldılacağı anonsunu verdi – Tramp qane olacaqmı?

ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauell dünyanın aparıcı mərkəzi banklarının rəhbərlərinin ənənəvi olaraq toplaşdığı Cekson Hole illik iqtisadi simpoziumda çıxışı ilə dünyanın diqqət mərkəzinə gəlib. Onun çıxışı FED-in sentyabr toplantısında uçot dərəcəsini endirəcəyinin açıq siqnalı kimi qəbul edilib.

FED rəhbərinin sözlərinə görəŞ ABŞ iqtisadiyyatında dəyişən risk balansı FED-in pul siyasətini korreksiya etməsini tələb edə bilər. Belə ki, işsizlik səviyyəsinin sabitliyi və əmək bazarının digər göstəriciləri FED-ə pul siyasəti faizində dəyişiklikləri nəzərdən keçirərkən ehtiyatlı davranmağa imkan verir: "Bununla belə, siyasətin məhdudlaşdırıcı xarakterini nəzərə alaraq, bizim baza proqnozumuz və dəyişən risk balansı kursunda düzəliş tələb edə bilər". Pauell, həmçinin pandemiyadan sonrakı yüksək səviyyələrlə müqayisədə inflyasiyanın əhəmiyyətli dərəcədə yavaşladığını qeyd edib.

Eyni zamanda, FED sədri inflyasiyanın "bir qədər yüksəldiyini" deyib və məşğulluğun maksimuma yaxın olduğuna diqqət çəkib: "Bütövlükdə əmək bazarı balanslaşdırılmış görünür, lakin bu, həm işçi qüvvəsi tələbində, həm də təklifdə nəzərəçarpacaq dərəcədə soyuma səbəbindən maraqlı tarazlıqdır. Bu qeyri-adi vəziyyət məşğulluq üçün aşağı yönlü risklərin getdikcə artdığını göstərir. Və bu risklər reallaşarsa, bu, ixtisarların və işsizliyin kəskin artması şəklində çox tez baş verə bilər".

Pauell həmçinin ABŞ prezidenti Donald Trampın idxal rüsumları ilə əlaqədar bəzi mal qruplarının qiymətlərinin qalxdığını qeyd edib: "Tariflərin istehlak qiymətlərinə təsiri indi aydındır. Biz bu təsirin önümüzdəki aylarda artacağını gözləyirik, baxmayaraq ki, vaxt və miqyasda kifayət qədər qeyri-müəyyənlik var."

Onun sözlərinə görə, pul siyasəti kontekstində tariflərin səbəb olduğu qiymət artımı ilə bağlı “davamlı inflyasiya problemi” riskinin əhəmiyyətli dərəcədə artması ehtimalı vacibdir.

Mümkündür ki, tariflərdən qiymətlərə yuxarı təzyiq “daha ​​uzunmüddətli inflyasiya dinamikasını stimullaşdırsın və bu riski qiymətləndirmək və idarə etmək lazımdır”.

İqtisadçı-ekspert Elman Sadıqovun Musavat.com-a dediyinə görə, Pauell  "əmək bazarında vəziyyətin nisbətən gərginləşməyə, tariflərin isə hazırda inflyasiyaya mənfi təsir etməyə başladığını" qeyd edib:

“Bu fikir Trampı yenidən əsəbləşdirəcək, əmək bazarındakı vəziyyət isə narahat etməyə başlayacaq! Çünki əmək bazarında işsizliyin artması iqtisadiyyatın daralması siqnallarını verir. Bu vəziyyət tamamilə gözlənilən idi. Nə üçün? Çünki istehsal və emalın genişlənməsi, yeni istehsal müəssisələrinin açılması, istehsal və emal müəssisələrinin Çin, Vyetnamdan ABŞ-a köçürülməsi hələ tam başlamadan tariflərin tətbiqi başladı. Bu iki proses arasında əlaqə pozuldu. Trump bu məsələni ciddi şəkildə araşdırtmalıdır. Çünki ola bilər ki, iqtisadiyyatdan investisiyaların ona qarşı olan qüvvələr tərəfindən tədricən çəkilməsi prosesi getsin. O halda yeni vəd olunan investisiyaların qoyuluşu sürətlənməlidir”.

Ekspertə görə, FED sentyabrda faiz azalmasına getsə də, böyük ehtimalla, bu, cüzi -  0.25 faiz ola biləcək: “Bu isə Trumpı qane etmir. Trump faizlərin kəskin şəkildə 1.5 faizə qədər aşağı salınmasını istəyir. Hazırda faiz dərəcələri 4 - 4.25 faizdir. Hətta ilin sonunadək 3 faiz bəndi endirmək ehtimalını FED demək olar ki, istisna edir.

Pauell ilk dəfə ikili mandatın müəyyən çətinliklər yaratdığını bildirdi. Qeyd etdi ki, "birinci mandatım qiymət stabilliyidir." Əgər tariflərin inflyasiyanı artıracağı ehtimalını nəzərə alsaq, gərək faizlər aşağı düşməsin: "Əmək bazarında işsizlik müraciətlərinin gözləniləndən çox olduğunu, yəni artdığını nəzərə alsaq biznes mühitini dəstəkləmək üçün gərək faizləri aşağı salaq. Bu isə hazırki həssas vəziyyətdə iqtisadiyyat üçün ciddi çağırışlar formalaşdırır."

Nəticə etibarilə, Trampın iqtisadiyyat sahəsində qısamüddətli inqilabi nailiyyələtlərə nail olmaq istəyi nəinki mümkün deyil, hətta mövcud iqtisadi şəraiti daha da mürəkkəbləşdirir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR