Onlayn ictimai-siyasi qəzet
Rusiya 2020-ci ildə Qarabağda atəşkəsin yaradılmasında konstruktiv rol oynayıb.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan etiraf edib.
“Rusiya artıq çox konstruktiv rol oynayıb. Rusiya elə bir ölkədir ki, 2020-ci ildə müharibədən sonra sülhü bərqərar edib, sonra atəşkəs imzalaya bilib”, - Mirzoyan bildirib.
XİN rəhbəri əlavə edib ki, Moskva Bakı və İrəvanı danışıqlar masasına gətirə bildi. Mirzoyan həmçinin Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün dövlətlərə təşəkkür edib. Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var, bu da həmişə respublikanın maraqları ilə üst-üstə düşmür, nazir qeyd edib.
Maraqlıdır ki, İrəvan bundan əvvəl dəfələrlə Rusiyanı erməni maraqlarını Türkiyə və Azərbaycana satmaqla, xüsusilə də Qarabağ ermənilərinin bölgədən çıxarılmasında mühüm rol oynamaqda günahlandırırdı. İndi isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tamamilə başqa mövqedən çıxış edir, az qala Moskvanı Cənubi Qafqazda sülhün təminatçısı kimi tərifləyir.
Siyası şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Ermənistan xarici işlər nazirinin Rusiya barədə müsbət fikirlər bildirməsini siyasi kurs dəyişikliyi kimi qiymətləndirmir.
Onun fikrincə, geosiyasi gərginliyin poliqonuna çevrilən istənilən dövlət daha ağır aqibətlə qarşılaşmamaq üçün güc mərkəzlərinin heç birinin xətrinə dəyməyən açıqlamalar verməlidir:
“Mirzoyan da məhz bunu etməyə çalışır və bu, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları üçün maneə təşkil etmir. Əksinə, Rusiyanı sakitləşdirərək onun regiondan uzaqlaşması üçün zəmin hazırlayır. Mirzoyanın ilk baxışdan kurs dəyişikliyini andıran bu açıqlamasının ABŞ-ın Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri Patrik Priorunun Bakıya səfərindən dərhal sonra verilməsi də təsadüfi deyil. Hesab edirəm ki, biz son zamanlar regionumuzda baş verənlərin əsl mahiyyətini Rusiya prezidenti Vladimir Putinin Bakı səfərində əldə olunan razılaşmaların gizlinləri ortaya çıxınca anlayacağıq. Şəxsən, mənim fikrimcə, bu səfər çərçivəsində çox məsələlər masaya yatırıldı. Bu məsələlərdən biri Azərbaycanın Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi kimi çıxış etməsi, digəri rus qazının Azərbaycan vasitəsilə Avropaya nəqlinin yeni formulu idi. Üçüncü razılıq isə Rusiyanın Azərbaycanla Ermənistan arasından çəkilməsi, Cənubi Qafqazın öz taleyini müəyyənləşdirməsinə münbit şərait yaratması ola bilər. Mən bunu Rusiyanın böyük sülh üçün güzətlərinin məntiqi davamı sayıram. Ona görə ki, Rusiya əgər sülhdən danışırsa, bu, yalnız Ukraynanı əhatə etməməlidir. Eyni zamanda Cənubi Qafqazı, Yaxın Şərqi, hətta Cənubi Amerikanı da öz əhatə dairəsinə almalıdır. Çünki burada söhbət dünya hegemoniyası uğrunda mübarizədən gedir və Rusiya təkcə Ukraynada deyil, həm də Cənubi Qafqazda, Yaxın Şərqdə, Venesuella və Kubada ABŞ-la mübarizə aparır. Bütün bu coğrafiyalarda baş verənləri isə ayrıca götürülmüş şəkildə həll etmək mümkün deyil. Zira vahid bir cəbhə xətti var və sülh əldə olunacaqsa, bu, hər tərəfə yansımalıdır”.
Siyasi şərhçinin mülahizələrinə görə, Rusiya bu qlobal savaşda təklənmiş vəziyyətdədir və onun qələbə qazanmaq imkanı tamamilə sıfırlanıb:
“O, bu zamana qədər öz strateji tərəfdaş hesab etdiyi qüvvələrdən də arzuladığı dəstəyi ala bilmədi. Faktiki olaraq Çin onu tək buraxdı, istədiyi silahları vemədi və Rusiya ilə iqtisadi əməkdaşlığını genişləndirmədi. Hətta “Sibir gücü-2” kimi Avropaya neft nəqlini kompensasiya edəcək layihəyə belə yaşıl işıq yandırmadı. Dolayısıyla bundan sonra Rusiyanın Ukrayna savaşını və dünyanın digər regionlarında, o cümlədən Cənubi Qafqazda soyuq müharibəni davam etdirməsi çətinləşdi. Bu siyasətin davamı üçün Rusiya əlindəki beş-on rublu da silah istehsalını artırmağa sərf etməlidir. Nəticədə isə vaxtilə SSRİ-nin üz-üzə qaldığı böyük bir problemlə qarşılaşa bilər. Moskva üçün bu böyük dağılışa getmədən əvvəl bir daha düşünməkdən və geri çəkilməkdən başqa alternativ qalmayıb. Amma bu geri çəkilməni də elə həyata keçirməlidir ki, ruhu inciməsin, xar olmasın və beynəlxalq imicini mümkün qədər qorusun. Bu durumda ən optimal addım region ölkələri ilə münasibətləri düzəldərək yeni mərhələyə başlamaqdır. Başqa sözlə desək, rahat ayrılıq ona həm də köhnə tərəfdaşlarla iqtisadi və humanitar münasibətləri davam etdirmək şansı verərdi. Bunun üçün isə köhnə tərəfdaşlar da Rusiya ilə gərginliyi azaldan bəzi addımlar atmalıdır. Fikrimcə, Ermənistan və Azərbaycan da məhz bunu edir, Rusiyanın üzüsulu regionumuzu tərk etməsinə şərait yaradır”.
Heydər Oğuz Ukraynanın son zamanlar Moskvaya dron hücumlarını da bu kontekstdən dəyərləndirir:
“Kiyev bu hücumlarla faktiki olaraq Rusiyaya sülhə gəlməyəcəyi təqdirdə üzləşəcəyi aqibət barədə siqnallar ötürür. Ona göstərir ki, növbəti mərhələdə əsas hədəf Rusiyanın paytaxtı və digər sənaye şəhərləri ola bilər. Özü də təkcə dronlarla deyil, həm də Qərbdən aldığı uzunmənzilli raketlərlə. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken dünən mətbuata verdiyi açıqlamada Co Bayden hakimiyyətinin Ukraynaya Amerika silahları ilə Rusiyanın dərinliklərini vurmasına izn verə biləcəyini istisna etməyib. Ardınca da Co Baydenin özü açıqlama verərək, Ukraynaya bu icazənin verilməsi barədə fikirləşdiyini bildirib. Fikrimcə, bu cür açıqlamalar diplomatiyada qarşı tərəfə “bir daha dərindən fikirləşmə” fürsəti verməkdən başqa bir şey deyil. Sanki ABŞ Rusiyaya ola biləcəklər barədə əvvəlcədən xəbərdarlıq edir, Kiyev isə yaşanacaqların kiçik mənzərəsini göstərir. Zənnimcə, bütün bu mesajlar Rusiya tərəfindən də anlaşılıb və daha böyük gərginliyə getmədən münasibətləri yenidən qurmağa qərar verilib”.
H. Oğuz onu da istisna etmir ki, son zamanlar Zəngəzur dəhlizi ilə bağlı İranın az qala yaxasını cırması da Rusiyanın bu mümkün qərarından sonra daha anlaşılır hala gəlir:
“İran başa düşür ki, Rusiya Cənubi Qafqazdakı mövqelərini ABŞ-a və ya NATO qüvvələrinə təhvil verdikdən sonra onun regionda təklənməsi prosesi tamamilə başa çatacaq və hər tərəfdən mühasirəyə düşəcək. Onun Avropaya açılan son qapısı da NATO dövlətlərinin əlinə keçəcək, beləcə, nəfəsliyi tamamilə qapanacaq. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün İran Rusiyadan daha erkən hərəkətə keçib əlindəki son kozırları masaya atmağa çalışır. Bir tərəfdən də “mən “Qərbə Baxış” strategiyasına yenidən qayıda bilərəm” mesajları verir. Amma onun bu sülh arayışlarında Azərbaycanın milli maraqlarını iynələyən mövqe sərgiləməsi də növbəti strateji səhvidir. Məncə, İran bunun əvəzinə İrəvanın ətəklərindən yapışmaqsa, Putin kimi rəsmi Bakının vasitəçiliyindən faydalanaraq, strateji düşmənləri ilə dil tapmağa çalışması daha rasional addım olardı”.
Bir sözlə, siyasi şərhçi Ararat Mirzoyanın Rusiyayönümlü çıxışını geosiyasi yerdəyişmələrin bir tələbi olaraq görür və bunun Cənubi Qafqaza sülh gətirəcəyinə inanır:
“Açığı, Ermənistanın yaxın zamanlarda Azərbaycanın bütün tələblərini qəbul edib sülh sazişi imzalamağa hazır olduğunu bəyanlayacağını düşünürəm. Məlum olduğu kimi, rəsmi İrəvan özü də bildirmişdi ki, Azərbaycanla bağlanacaq sülh sazişinin əksər maddələrində ümumi razılığa gəlinib. Üzərində çalışılan cəmi 3 maddə maddə qalıb ki, zənnimcə, bunlardan birinin Zəngəzur dəhlizinin taleyi, digərlərinin isə ATƏT-in Minsk qrupundan imtina və Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq olduğunu düşünürəm. Əgər mənim mülahizələrim doğrudursa və Rusiya Cənubi Qafqazdan çıxmaqla razılaşıbsa, deməli, həmin maddələr üzərindəki problemlər də ortadan qalxacaq. Bu mənada mən sülh sazişinin uzağı bir ay ərzində bağlanacağını, COP-29-a qalmayacağını proqnozlaşdırıram. COP-29-un noyabrın 11-də başlayacağını nəzərə alsaq, bu, ən uzağı oktyabrın sonlarına qədər Ermənistanla sülh müqaviləsi bağlayacağımız anlamına gəlir”.
Heydər Oğuz həm Putinin, həm də ABŞ-ın Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri Patrik Priorunun bu qədər mühüm qlobal məsələləri Bakıda müzakirə etməsini və bu müzakirələrdən sonra yaşananları Azərbaycanın misilsiz diplomatik uğuru saydığını da gizlətməyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ