Onlayn ictimai-siyasi qəzet
Bəlkə də Rusiyanın bölgədəki siyasəti heç vaxt indiki qədər çılpaq olmamışdı. İki yüz il müstəmləkəçilik dövrünü demirəm, son otuz ildə Rusiya siyasətinin hər üzünü görmüşük.
Bəli, otuz il bundan əvvəl Dağlıq Qarabağ separatçılarının öz qurumları, hərbi bölmələri yox idi - o vaxt SSRİ bu bölgədə xüsusi idarəetmə komitələri yaradır, separatçı ermənilərin hərb bölmələrini isə SSRİ-nin və sonra da Rusiyanın qoşunları əvəz edirdi.
Böyük hesabla indi az şey dəyişib. Rusiya “sülhməramlıları” hazırda sovet qoşunlarının funksiyasını yerinə yetirir, həm də onların komandanlığı əvvəlki xüsusi idarəetmə orqanlarını əvəz edirlər. Amma son vaxtlarda Rusiyanın bu siyasi maketi üçün əsl təhlükə yaranıbdır.
Birincisi, Rusiyanın oyunları qarşısında Azərbaycan əvvəlki kimi tək və çarəsiz deyildir -bizim yanımızda Türkiyə, ən əsası isə, öz dövlətimiz və ordumuz vardır.
İkincisi, bir tərəfdən bölgədəki vəziyyətin dəyişdiyini görən, otuz illik hərbi-siyasi teatrda ciddi dəyişikliklərin şahidi olan, ən əsası da keçmiş SSRİ-nin az qala bütün perimetri boyunca Rusiya ilə qarşıdurma yaşayan ABŞ və Qərb dövlətləri belə hesab edirlər ki, tərəflərin razılığa gəlməsi, neçə ildir ki, gözlənilən sülh sazişinin imzalanması üçün heç vaxt indiki kimi real və münbit şərait olmayıbdır. Ona görə də Qərb, xüsusən də ABŞ çox çalışır ki, mümkün qədər tez bir vaxtda tərəflər sülh sazişini imzalasınlar.
Üçüncüsü, Ermənistandakı indiki hakimiyyət əvvəlkilərdən fərqlidir. Paşinyan, əlbəttə, birmənalı siyasət aparmır, tez-tez ziddiyyətli bəyanat və qərarlarla çıxış edir. Səbəbi budur ki, Nikol da ermənidir, İrəvanın proseslərdən mümkün qədər daha çox udmasına çalışır. Üstəlik, o, qəti addımlar atmağa ehtiyat edir, çünki hakimiyyəti, hətta özü üçün yarana biləcək təhlükədən ehtiyat edir. Amma Paşinyanın verdiyi bəyanatlara görə bir vaxt Ermənistanda dövlət çevrilişləri olurdu, dövlət və hökumət adamlarına qarşı terrorlar baş verirdi. Yəni Paşinyan əlini yanına salıb farağat dayanmayıb, o, nəsə etməyə çalışır. Paşinyan anlayır ki, ölkəsinin bu vaxta qədər bölgədə apardığı siyasət dəyişməli, Ankara və Bakı ilə yeni münasibətlər qurulmalıdır. Nikola qarşı Qərbdən də təzyiq var ki, o, mümkün qədər tez Bakı ilə sülh sazişi imzalasın. Bəli, Nikol da Köçəryan və yaxud Sarkisyan kimi Rusiyaya daha çox sığınmaqla Qərbin təzyiqindən yayına bilər. Amma o, bunu etmək istəmir, çünki yaxşı başa düşür ki, ölkəsinin inkişafı Qərblə münasibətlərdən asılıdır, ona görə ki, Rusiyanın vədlərindən kökə bişirmək olmur, Moskva İrəvana göstərdiyi kiçik dəstəyin müqabilində onu əjdaha kimi kiçik-kiçik hissələrə bölərək udur.
Hazırda Ermənistan hökumətinin nəyə nəzarət etdiyini demək bəlkə də çətin bir tapmacadır. Çünki bu illər ərzində Ermənistan hökuməti yalnız onu edə bilibdir ki, ölkənin ayrı-ayrı sferalarını Moskvanın nəzarətinə veribdir.
Bəli, mövcud vəziyyət belədir: Qərb əvvəlki dövrlərdən daha çox çalışır ki, tərəflər sülh sazişi imzalasın.
İrəvan könülsüz və qətiyyətsiz olsa da, buna razılaşır, Qərbə qarşı çıxa bilmir və sülh prosesinə əvvəlki dövrlərdən daha az müqavimət göstərir, hətta bəzən Rusiyanın iradəsinin əleyhinə də gedir. Heç şübhəsiz ki, bütün bunlar Kremli bərk narahat edir.
Kreml bir tərəfdən İrəvanı Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa tələsməməyə, digər bir tərəfdən, ümumiyyətlə, tərəfləri tələsik sülh sazişi imzalamamağa səsləyir.
Həm də özünü elə aparır ki, guya ondan başqa Dağlıq Qarabağ ermənilərinin “təhlükəsizliyini” düşünən, ondan başqa Dağlıq Qarabağ ermənilərini himayə etmək istəyən, onlara vəkillik edən ikinci bir dövlət yoxdur. Əslində isə vəziyyət tamamilə başqadır. Ruslar başa düşürlər ki, Bakı ilə İrəvan arasında sülh yaransa daha Moskvaya ehtiyac qalmayacaqdır - sülh sazişi imzalanandan uzağı bir-iki ay sonra rusiyalı “sülhməramlılar” özləri üçün başqa ünvan axtarmalı olacaqlar...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ