İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcnəbi işçilər Bakıda “paçka” pullar qazanır, bizimkilər isə...

Əmək Məcəlləsinə görə, şirkətlərdə işçilər arasında ayrı-seçkilik qadağandır, amma...

Azərbaycan Respublikasının Əmək Məcəlləsi - əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin yerli şəxslərlə bərabər hüquqlara malik olduğunu təsbit edir. Əmək Məcəlləsi bu tələbi o əsasdan nəzərdə tutur ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının yerli vətəndaşları ilə bərabər hüquqlara malik olsun. Əmək Məcəlləsinin konkret olaraq 16-cı maddəsində qeyd edilib ki, işçi qüvvəsi olan şirkətlərdə işçilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan olunub. Hər bir işçi dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabərhüquqlu sayılır. Yəni işçi eyni vəzifədə, eyni peşədə işləyirsə, fərqi yoxdur, istər əcnəbi, istər yerli olsun eyni əmək haqqını almalıdır.

 

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev isə praktikada bunun əksi olduğunu deyir. “Fikrimcə, bir çox sahələrdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin əmək haqqı Azərbaycanın yerli şəxslərinin əmək haqqından daha çoxdur. Yəni diskriminasiya əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə qarşı deyil, yerli işçilərə qarşıdır. Xüsusən də bu şəxslərin, yerli şəxs və ya işçilərdən bir neçə dəfə artıq əmək haqqı almalarında. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən - əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir”, - deyə ekspert qeyd edib.

Xarici təcrübədə əmək miqrantlarını daha çox ucuz işçi qüvvəsi lazım olanda gətirdikləri halda bizdə əksinə, xaricdən mütəxəssis adı ilə çox maaş tələb edən işçilər gətirilir: “Bəzi şirkətlərin çox maaş tələb edən işçilər gətirməkdə müəyyən maraqları var. Hesab edirəm ki, ölkəmizdə hər sahədə kifayət qədər ixtisaslaşmış işçilər olduğu üçün xaricdən işçi gətirib o qədər əmək haqqı ödəmək əlavə pul itkisidir.

Əmək münasibətləri müqavilələr əsasında tənzimləndiyi üçün bu gün bir çox şirkətlər maaş məsələsində müstəqil qərarlar verirlər. Qanunda bununla bağlı xüsusi qadağa olmadığından belə məsələlərə müdaxilə edilmir və nəticədə yerli vətəndaşların əmək hüquqları pozulur.

"Əmək miqrasiyası haqqında" Qanuna görə isə  Azərbaycan daxilində mövcud olan iş yerlərində miqrantlar ancaq yerli işçilərin iddia etmədiyi sahələrdə çalışa bilərlər. Hazırda Azərbaycanda yüksək əmək haqqı alan xaricilər əsasən neft sektorunda cəmləşib. “Əsrin müqaviləsi” imzalanan zaman bəzi sahələr var idi ki, burada xaricdən gətirilən xüsusi mütəxəssislərə ehtiyac var idi. Həmin müqaviləyə belə bir şərt əlavə edilmişdi ki, əgər bir şirkətdə 70-80 faiz tarixi mütəxəssisin işləməyi nəzərdə tutulubsa, bu, getdikcə azalmalı idi. Yəni burada xarici işçilərin yerli mütəxəssislərlə əvəz edilməsi əsas şərt kimi qoyulmuşdu. Aradan uzun illər keçməsinə baxmayaraq nə yerli, nə də xarici mütəxəssislər bu şərtlərə əməl etmirlər.

Bəzi iddialara görə, ölkəmizdə işləyən əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən bir neçə dəfə artıqdır. Hətta ötən illərin rəsmi məlumatlarında bunu görmək mümkündür. Misal üçün, Dövlət Statistika Komitəsinin hələ 2013-cü ildə verdiyi məlumata görə, ölkəmizdə işləyən əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11 dəfə yüksək olub. 2012-ci ilin nəticələrinə əsasən isə Azərbaycanda işləyən 6 918 nəfər xarici ölkə vətəndaşlarının orta aylıq əmək haqqı 4 518 manat təşkil edib. Ölkə üzrə ümumi orta aylıq əmək haqqı o zaman 396 manat idi. Başqa sözlə, əcnəbilərin orta aylıq əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11,4 dəfə artıq olub.

Oxu.az - Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il  “Bakını xilas edəcək”

 Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində bu yanaşma doğrudur: “Çünki bu bərabərlik daha çox xarici şirkətlərdə gözlənilmir. Burada başqa bir əks arqumentlər var ki, daha ixtisaslaşmış şəxslərin müəyyən dərəcədə iş prosesinə cəlb olunması baxımından bu fərqləndirmə nəzərdə tutula bilər. Amma bu fərqləndirmə məhz xarici və yerli vətəndaş kontekstində aparılmamalıdır. Daha çox ixtisas bilgisi kontekstində aparılmalıdır. Çünki ixtisas səviyyəsinə görə istər-istəməz digər bu kateqoriyadan olan yerli vətəndaşlar arasında da aparıla bilər. Daha çox eyni işdə çalışaraq müəyyən dərəcədə ixtisasına, hazırlıq səviyyəsinə görə, daha çox iş sərf etdiyinə görə yüksək maaş ala bilər. Bu fərqləndirmə məhz qabiliyyət göstəricisinə görə olmalıdır. Amma hansısa bir yerli və xarici vətəndaş olma amili burada əsas rol almamalıdır. Fikrimcə, xarici şirkətlərdə bir çox hallarda buna əməl olunmur. Xarici vətəndaşsansa, səviyyən də Azərbaycan vətəndaşından yüksək deyil, amma iki dəfə çox maaş alır, bu fərqləndirməyə son qoyulmalıdır. Digər tərəfdən, yerli və xarici vətəndaş arasında fərqin ortadan qaldırılmasının məqsədi mütəxəssis seçimində daha sərbəst imklanların verilməsidir. Bu istiqamətdə Əmək Məcəlləsi məhdudiyyətləri ortadan qaldırır ki, bütün işlətmələr özlərinə uyğun şəkildə kadr bazası formalaşdıra bilsinlər. Bütövlükdə hüquqların pozulması istiqamətində əsas məsələ nəzarət mexanizmi zəif və yetərsiz olduğuna görə bu hallar baş verir. Nəzarət olsa, qanunvericilikdə kifayət qədər qoruyucu mexanizmlər var. Həm  yerli vətəndaşların, həm  xarici təşkilatlarda çalışan vətəndaşların qoruyucu mexanizmləri var. Həmkarlar ittifaqları və başqa modellərin də daha aktiv rol alması müəyyən dərəcə prosesdə neqativ halları ortadan qaldıra bilər”.

Bu arada, 2023-cü ilin 9 ayı ərzində ölkəmizə 1 milyon 536 min 378 əcnəbi daxil olub. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. O bildirib ki, həmin müddət ərzində 1 milyon 533 min 47 əcnəbi isə ölkəni tərk edib. “Bu ilin 9 ayı ərzində 1517 əcnəbinin ölkədə qalma müddəti uzadılıb, 65 756 əcnəbinin ölkədə müddət yaşama icazəsi il sonuna qədər etibarlıdır, 11937 əcnəbinin il sonuna qədər etibarlı olan daimi yaşama icazəsi var, 9190 nəfər iş icazəsi alıb”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda hasilatın pay bölgüsü əsasında karbohidrogen ehtiyatları hasil edən iri şirkətlərin yerli işçilərə münasibətində ayrı-seçkilik mövcuddur: “Bu özünü həmçinin "bərabər əməyə görə bərabər ödəniş" prinsipində göstərir. Yerli işçilər ən az əmək haqqı alır. Ən çox ödəniş Avropadan gətirilən işçilərə, ikinci yerdə digər ölkələrdən gələnlərə, sonuncu isə yerli işçilərə edilir. Bu, aşkar ayrı-seçkilikdir, bizim konstitusiya və qanunvericiliyə ziddir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR