İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəyə 100 minlik istiqrazlar gəlir - xeyri...

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB/EBRD) Azərbaycanda ilk dəfə manat istiqrazı emissiya edəcək. Açıqlanan məlumata görə, emissiyanın həcmi 50 milyon manat olacaq, istiqrazlar 500 ədəd, hər biri nominal olaraq 100.000 manat dəyərində buraxılacaq.

İstiqrazlar 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilədək müddətə veriləcək və geri ödəniləcək. Faiz dərəcəsi AZİR (Azərbaycan Banklararası Faiz Dərəcəsi) əsasında müəyyən olunacaq və faiz ödənişləri rüblük (hər üç ayda bir) həyata keçiriləcək. İstiqrazlar Bakı Fond Birjasında listinqə daxil ediləcək.

Bu hadisənin Azərbaycanın kapital bazarında önəmli bir mərhələ kimi qiymətləndirilməklə, milli valyutada istiqrazların rolunun güclənməsinə xidmət edəcəyi bildirilir.

Qeyd edək ki, qiymətli kağızlar bazarı iqtisadiyyatın mühüm sahələrindən biridir. Onun inkişaf tarixi 16-cı əsr Avropasından başlayır. İnkişaf etmiş ölkələrdə bu, bazar iqtisadiyyatının əsas göstəricisi rolunu oynamaqla, maliyyə-investisiya siyasətində mühüm təsiredici qüvvəyə malikdir. Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı müstəqillik əldə olunan ilk illərdən qarşıya prioritet kimi qoyulsa da, indiyədək bu sahədə ciddi nəticələrin əldə olunduğunu söyləmək mümkün deyil. Bazar həcmləri çox cüzi rəqəmlərlə ifadə olunub, qiymətli kağızlar investisiya və reinvestisiya aləti kimi demək olar ki, iqtisadiyyatda əhəmiyyətli bir paya malik olmayıb, öz klassik rolunu oynaya bilməyib. Bunun əsas səbəbi kimi ekspertlər ölkədə inhisarçılığın yüksək həddini, məmur biznesinin təşəkkülünü, azad biznes və investisiya mühitinin olmamasını göstərirlər.

Son 3 ildə ölkədə qiymətli kağızlar bazarının inkişafına nail olmaq üçün müəyyən addımlar atılır. Bunlar arasında Maliyyə Nazirliyinin irihəcmli qiymətli kağızlarının emissiyası, Mərkəzi Bankın repo əməliyyatlarını bərpa etməsi, bir sıra iri dövlət şirkətlərinin qiymətli kağızlarının emissiyası və sairi göstərmək olar.

Azərbaycan Milli Depozit Mərkəzinin məlumatına əsasən, hazırda Azərbaycanın kapital bazarında dövlət istiqrazları, korporativ istiqrazlar və Mərkəzi Bankın qısamüddətli notları mövcuddur. Dövlət istiqrazı dövlət tərəfindən emissiya edilən istiqrazdır. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub, hər hansı bir fövqəladə hadisə ilə əlaqədar tələb olunan xərclərin qarşılanması və ya digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaitin əldə olunması məqsədi güdür.

Korporativ istiqraz özəl müəssisə tərəfindən əlavə vəsait cəlb etmək məqsədilə emissiya edilən borc qiymətli kağızdır.

Mərkəzi Bankın notları isə Mərkəzi Bank tərəfindən bir ilədək müddətə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir. “Qiymətli kağızlar bazarı haqqında” Qanuna müvafiq olaraq istiqrazların nominalı milli və ya xarici valyutada ifadə oluna bilər.

Əldə olunan nəticələr Azərbaycanda klassik və dünya ölkələrində uğurlu nəticələrə gətirən qiymətli kağızlar bazarının hələ də formalaşmadığını ortaya qoyur. Belə ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 36 milyard 855,9 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98 faiz və yaxud təxminən 2 dəfə çoxdur.

Yarımillik göstəricinin 3 milyard 72 milyon manatlıq hissəsi ilkin bazarda (28,2 faiz az), 33 milyard 783,9 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 15 920 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. Əqdlərin 1 494-ü ilkin bazarın (26,4 faiz çox), 14 426-sı isə təkrar bazarın (2,3 dəfə çox) payına düşüb.

Açıqlanan rəsmi statistikadan aydın olur ki, Azərbaycan qiymətli kağızlar bazarının həcmində repo əməliyyatlarının payı çox yüksəkdir. Bu əməliyyatlar əsasən Mərkəzi Bank tərəfindən həyata keçirilir. Klassik anlamda repo müqaviləsi kapital bazarlarında istifadə edilən qısamüddətli borc forması olmaqla, öz maliyyə ehtiyaclarını ödəmək məqsədilə bazar iştirakçılarını müvəqqəti borc cəlb etmə imkanları ilə təmin edir. Başqa sözlə, repo müqaviləsi qiymətli kağızların müqabilində vəsaitlərin cəlb olunması deməkdir.

Göstəricilərdən aydın olur ki, altı ayda bazarda aparılan əməliyyatların 31 milyard 220.2 milyon manatı repo/əks-repo əməliyyatları olub. Bu əməliyyatlar üzrə 3020 əqd bağlanıb ki, onun da mütləq əksəriyyəti - 2772-si dövlət istiqrazları üzrə bağlanan əqdlərdir. Dəyər baxımından bu əqdlər 19 milyard 254.2 milyon manata bərabər olib. Repo/əks repo əməliyyatlarında ikinci böyük paya 11 milyard 854.3 milyon manatlıq 169 əqdlə korporativ qiymətli kağızlarla əməliyyatlar malik olub.

Maraqlıdır ki, bu ilin birinci yarısında Azərbaycan qiymətli kağızlar bazarında korporativ qiymətli kağızlarla bağlanan 1 milyard 564.0 milyon manatlıq 12 299 əqdin 10028-i səhmlərə aid olsa da, onların dəyəri cəmi 181.3 milyon manat təşkil edib. Korporativ istiqrazlar üzrə əqd sayı 2271 ədəd olsa da, dəyəri 1 milyard 382.7 milyon manat olub. Bu da Azərbaycanda səhm bazarının demək olar ki, inkişaf etmədiyini göstərir.

Qeyd edək ki, son illərdə Maliyyə Nazirliyi istiqrazlar emissiyası yolu ilə sürətli daxili borclanmanı Azərbaycanda qiymətli kağızlar bazarının inkişafında dəstək kimi qiymətləndirirdi. Lakin Hesablama Palatasına görə, daxili borclanma ilə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi heç də uğurlu yol deyil. Palatanın 2023-cü ilin dövlət büdcəsinin icrasına verdiyi rəydə qeyd olunur ki, həmin il dövlət qiymətli kağızlarında böyük həcmdə artımın müşahidə edilməsi fonunda investor şəbəkəsində müvafiq artım olmayıb: “Emissiya edilmiş dövlət qiymətli kağızlarının böyük qismi mövcud investorlar tərəfindən alınmış, investor şəbəkəsinin hüquqi şəxslər üzrə bölgüsündə dövriyyədə olan istiqrazların əhəmiyyətli hissəsi dövlət büdcəsindən birbaşa və ya müvafiq məqsədlər üçün vəsait almış hüquqi şəxslər olmuş, qeyd edilənlər fonunda dövlət istiqrazları üzrə orta ödəmə müddətinin aşağı, daxili borclanmaya isə tələbatın böyük həcmli olması növbəti dövrlərdə dövlət istiqrazlarının yenidən maliyyələşdirilməsi üçün əhəmiyyətli risklər yaratdığı qənaətinə gəlinmişdir”.

Palatanın 2024-cü il dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, hesabat dövründə də qiymətli kağızlar bazarında artım əsasən dövlət istiqrazları hesabına baş verib: “Ötən il həyata keçirilmiş fiskal əməliyyatlar şəraitində sterilizasiya əməliyyatlarında azalma izlənib. Hesabat ilinin sonunda AMB-nin notlarının nominal üzrə dövriyyədəki həcmi 208,2 milyon manat olmaqla, ilin əvvəli ilə müqayisədə 1 milyard 111,9 milyon manat və yaxud 6,3 dəfə azalıb. Ümumilikdə hesabat ilində qiymətli kağızlar bazarında dövriyyənin həcmi 1 milyard 863,9 milyon manat artıb və AMB notlarının azaldıcı təsiri fonunda cəmi dövriyyənin artımı tamamilə dövlət istiqrazları hesabına təmin edilib”.

Bu ilin birinci yarısında isə Maliyyə Nazirliyinin istiqraz emissiyası qeydə alınmayıb. Bu şəraitdə bazardakı artımda dövlət istiqrazları üzrə repo əməliyyatlarının payı 8 milyard manatdan yuxarıdır. Bu artım Mərkəzi Bankın notları üzrə repo əməliyyatlarındakı 800 milyon manatdan yuxarı azalmanı artıqlaması ilə kompensasiya edib.

Yeri gəlmişkən, sentyabr ayından Maliyyə Nazirliyi dövlət istiqrazlarının emissiyasını bərpa edib. Ay ərzində nazirlik Bakı Fond Birjası vasitəsilə 8 istiqraz yerləşdirilməsi həyata keçirib. Bu, ilin sonunda qiymətli kağızlar bazarındakı əməliyyatların həcminin əhəmiyyətli artımını təmin edəcək.

İndi Azərbaycanın qiymətli kağızlar bazarına AYİB kimi xarici oyunçu daxil olur. Bakı Fond Birjası oktyabrın 1-də Bankın emissiya etdiyi istiqrazların yerləşdirilməsi əməliyyatının başa çatdığını elan edib. AYİB-in bu qərarı ilk növbədə Azərbaycan manatına olan etimadın göstəricisi kimi qiymətləndirilir. Belə ki, dünya neft bazarında qiymətlərin düşməsi fonunda Azərbaycanın əldə etdiyi valyuta gəlirlərinin azalması manatın məzənnəsi ilə bağlı narahatlıqları artırır. Gələn ilin dövlət büdcəsinin demək olar ki, artımsız proqnozlaşdırılması ölkədə devalvasiya ola biləcəyinə dair gözləntiləri artırır. Belə bir məqamda AYİB kimi nüfuzlu maliyyə təşkilatının qısamüddətli də olsa manatla istiqraz emissiya etməsi maraq doğurur.

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, AYİB istiqrazları təminatsız, dəyişən faizlidir: “Bu o deməkdir ki, Mərkəzi Bank faiz dərəcəsini dəyişərsə, istiqrazların da faizi dəyişəcək. Əsasən institutsional alıcılar üçün nəzərdə tutulub. ATİB bu istiqrazlardan əldə edəcəyi vəsaitləri Azərbaycanda maliyyələşdirəcəyi layihələrə yönəldəcək. Burada əsas müsbət məqam istiqrazların manatla yerləşdirilməsidir. Bu o deməkdir ki, onu alan investorlar üçün valyuta riskləri olmayacaq. Eyni zamanda manatla emissiya AYİB-in də istiqrazlarla bağlı hər hansı valyuta riskinin olmamasına təminat verir. Bank yaşıl enerji, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi kimi sahələrə investisiya yatırmağı nəzərdə tutur”.

Ekspert qeyd edir ki, Azərbaycan qiymətli kağızlar bazarının hazırkı inkişaf səviyyəsi qətiyyən qaneedici ola bilməz: “Əlbəttə ki, mövcud inkişaf səviyyəsi heç bir tərəfi qane etmir. Çünki bu bazarın inkişafını səciyyələndirən və iqtisadiyyatın özündən asılı olan amillər var. Məsələn, qiymətli kağızlar bazarı dedikdə bütün dünyada ilk növbədə səhm bazarı yada düşür. Səhm şəffaflıq, hər hansı bir şirkətin açıq bazarda təmsil olunması, əhalinin həmin şirkətlərdə payının olması deməkdir. Bu, həm də şirkətlərin bazardan investisiya cəlbi imkanı deməkdir. Səhmləri bazara çıxarılan şirkət tam şəffaf, açıq olmalı, mütəmadi olaraq detallı maliyyə hesabatını açıqlamalı, kapital cəlbində maraqlı olmalıdır. Maliyyə hesabatlılığı beynəlxalq audit qanunvericiliyinə uyğun olmalıdır. Bütün bunlar Azərbaycanda yoxdur, yalnız banklar və qismən sığorta şirkətləri səhm bazarında oynaya bilirlər. Bu da bazarın inkişafı baxımından dəryada bir damlaya bənzəyir”.

Dünyan SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR