İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sentyabrda almalı idim, üç ay sonraya qaldı" – Vətəndaşdan işsizlik sığortası ilə bağlı NARAZILIQ

Musavat.com-un redaksiyasına Bakı şəhər sakini Günay Hüseynova İsmayıl qızı tərəfindən daxil olan müraciətdə vətəndaş Dövlət Məşğulluq Agentliyi tərəfindən ona təyin edilmiş işsizlikdən sığorta ödənişinin vaxtında verilməməsindən şikayətçidir.

Günay Hüseynova bildirir ki, iyun ayının sonunda Dövlət Məşğulluq Agentliyinə müraciət edib və avqustun 1-dən etibarən ona işsizlikdən sığorta ödənişi təyin olunub:

“Avqustun 1-də sənədləri imzalayanda bizə bildirdilər ki, ilk ödəniş sentyabrın sonunda – təxminən 25-26-sı tarixlərində ediləcək. Həmin vaxt keçib, amma hələ də heç bir ödəniş olunmayıb. Müraciət etdim, dedilər ki, avqustda kimə sığorta ödənişi təyin olunubsa, həmin şəxslər məbləği yalnız noyabr ayında ala biləcək. Halbuki belə bir hal heç vaxt yaşanmayıb. Əslində sentyabrda ödənilməli idi. Zəhmət olmasa, buna aydınlıq gətirilsin”.

Vətəndaşın müraciəti ilə bağlı Dövlət Məşğulluq Agentliyinə ünvanladığımız sorğuya Agentliyin mətbuat xidmətindən cavab olaraq bildirildi:

“Bakı şəhər sakini Günay Hüseynovanın müraciəti ilə əlaqədar olaraq bildiririk ki, avqust ayında vətəndaş üçün işsizlikdən sığorta ödənişi təyin olunub və sentyabr ayında o, Fərdi Məşğulluq Proqramını təsdiqləyib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 620 nömrəli Qərarı ilə təsdiq olunmuş “Sığorta ödənişinin verilməsi Qaydası”na uyğun olaraq ödənişlərin hesablanması və həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə aparılır.

Hazırda məşğulluq sahəsində xidmətlərin səmərəliliyinin artırılması, məlumatların dəqiqliyinin və təhlükəsizliyinin təmin olunması məqsədilə sistemdə texniki təkmilləşdirmə və profilaktik işlər aparılır. Bu proses başa çatdıqdan dərhal sonra vətəndaşa qanunvericiliklə nəzərdə tutulan ödənişin verilməsi təmin olunacaq”.

Günay Hüseynovanın sözlərindən də göründüyü kimi, burada əsas problem vətəndaşa əvvəlcədən heç bir şəkildə məlumat verilmədən ödənişin gecikdirilməsidir. Vətəndaşlar haqlı olaraq gözlədikləri dəstəyi zamanında almaq istəyirlər. Əgər texniki səbəblər varsa, bu barədə əvvəlcədən ictimaiyyət məlumatlandırılmalı və gecikmənin səbəbləri açıq şəkildə izah olunmalıdır.

Əks halda bu cür hallar həm vətəndaşlarda narazılıq yaradır, həm də dövlət qurumlarına olan inamı zədələyə bilər.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR