Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışında olduğu kimi, Avropa Şurası Parlament Assambleyasında da “Zəngəzur dəhlizi” ifadəsindən təşvişini əcaib şəkildə ifadə etdi. Məlum olduğu kimi, Azərbaycan Prezidenti BMT Baş Assambleyasında bildirmişdi ki, regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir.
Sitat: “Vaşinqton sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP). Vaşinqton sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında anlaşma memorandumunu Prezident Donald Trampla birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".
Dövlət başçımızın sülh və əməkdaşlıq mesajlarından sonra Ermənistan rəhbərliyinin destruktiv fəaliyyətini müşahidə etməkdəyik. N.Paşinyanın “Zəngəzur dəhlizi” ifadəsində “səhv” axtarması absurd olmaqla yanaşı, tarixi danmaq cəhdidir. Baş nazirin AŞ PA-da da bənzər iddialarla çıxış etməsi ondan xəbər verir ki, rəsmi İrəvan yenidən “val”ı dəyişib. Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da MDB Hökumət Başçıları Şurasının Minsk toplantısında Paşinyanın sərsəmləməsini davam etdirib. Ermənistan rəhbərliyi Zəngəzur ifadəsindən niyə qorxur? Bununla Azərbaycanı şantaj etməyə girişiblər, yoxsa Rusiyada aldığı təlimatların ardınca Paşinyan və komandası 8 avqust razılaşmalarını pozmaq üçün hərəkətə keçiblər?
Sahib Alıyev
Bu mövzuda Milli Məclisin plenar iclasında da maraqlı fikirlər söyləyən deputat Sahib Alıyev “Yeni Müsavat”a açlıqlamasında bunları bildirdi: “Moskva səfərinin dərhal ardından Nyu-Yorka gedən Ermənistan baş nazirinin BMT kürsüsündən Azərbaycan Prezidenti cənab İlham Əliyevin orada etdiyi çıxışında işlətdiyi "Zəngəzur dəhlizi" və “kapitulyasiya” ifadələrinə etiraz bildirməsi belə bir təəssürat yaradırdı ki, iki ölkə arasında konflikt potensialının qaldığını sərgiləmək haqda o, sanki kiminsə qarşısında öhdəlik götürüb. Yəni onun tam yerində işlədilmiş, onun üçün hələ hansı geosiyasi və coğrafi yenilik olmayan həmin ifadələrə görə özünü iincimiş kimi göstərməsi və bunu AŞPA-dakı çıxışında da təkrarlaması süni xarakter daşıyır. Çünki Paşinyan özünün də etiraf etdiyi kimi, kapitulyasiya aktına qol çəkib, amma bir dəfə, müxtəlifətin iddia etdiyi kimi, 5-6 dəfə yox".
“Zəngəzur” sözünə gəldikdə, deputat xatırlatdı ki, onun ölkəsində düz 1952-ci ildən bu ad altında fəaliyyət göstərən mis-molibden kombinatı var: “Niyə o, Zəngəzur mis-molibden kombinatı adlanır, Paşinyan bilmir? Ümumiyyətlə, Ermənistan baş nazirinin sülh haqda danışdıqları da Avrasiya İqtisadi Birliyinin bundan ən çox fayda əldə edən üzvü ola-ola, sərhədlərini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoruya-qoruya, həmin dövlət Gümrüdə hərbi bazası yerləşə-yerləşə Avropa Birliyində yer almaqdan dəm vurmasına bənzəyir. Yəni onu konstruktiv edən də, 8 avqustda Vaşinqtonda məlum sənədə imza atdıran da 10 noyabr 2020-ci ildə olduğu kimi dəmir yumruqdur”. S.Alıyev zəruri bir xatırlatma da etdi: “Cənab Trampın elə həmin Nyu-Yorkda onlarla ölkənin liderinin dəvət olunduğu rəsmi naharda Azərbaycan Prezidentinə ayrıca diqqət göstərərək ona regiondakı vəziyyətlə bağlı sual verməsi Qafqaza sülhü gətirənin də, onu təmin edənin də məhz bizim dövlət başçımızın olduğunun etirafı deyildimi? Yəni sözüm ondadır ki, Paşinyanın nə deməsindən, haradan tapşırıq almasından, hətta onun yerinə kiminsə gəlməsindən asılı olmayaraq, Azərbaycan regionda sülhü təmin edəcək. Ermənistan özünü düzgün aparmasa, bu sülh həm də onlar üçün indikindən qat-qat əlverişsiz olacaq”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov isə bildirdi ki, Ermənistan rəhbərliyinin son çıxışları, xüsusilə də Nikol Paşinyanın BMT Baş Assambleyasında və Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) səsləndirdiyi bəyanatlar Zəngəzur dəhlizi məsələsinə qarşı yeni bir qorxu dalğasının formalaşdığını göstərir: “Baş nazirin ritorikasında diqqət çəkən məqam odur ki, o, dəhliz anlayışını təhlükə kimi təqdim etməyə çalışır. Bu, Ermənistan cəmiyyətində daxili siyasi konsolidasiyanı gücləndirmək üçün istifadə edilən alətlərdən biridir. Əslində Zəngəzur dəhlizi ideyası bölgədə kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm bir təşəbbüsdür. Lakin İrəvan rəhbərliyi məsələni siyasi manipulyasiya predmetinə çevirir”.
T.İsmayılov əlavə etdi ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın MDB Hökumət Başçıları Şurasının Minsk görüşündə verdiyi açıqlamalar da bu strategiyanın davamıdır. Qriqoryanın çıxışı Paşinyanın mövqeyini təsdiqləməkdən başqa bir şey deyildi: “Sual yaranır: Ermənistan niyə bu qədər narahatdır? Bunun bir neçə səbəbi var. Birincisi, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyənin regiondakı strateji mövqeyi daha da güclənəcək. İkincisi, Ermənistanın coğrafi izolyasiyası aradan qalxsa belə, bu prosesin İrəvanın tam nəzarətində olmayacağı qorxusu mövcuddur. Üçüncüsü, bu dəhliz layihəsi Ermənistanın uzun illər formalaşdırdığı "blokada" arqumentini zəiflədərək beynəlxalq müstəvidə mövqelərini daha da zəiflədə bilər. Paşinyanın və komandasının şantaj taktikasına üstünlük verdiyi də açıq görünür. Ermənistan rəhbərliyi, Azərbaycanın dəhliz məsələsində irəli sürdüyü mövqeyi beynəlxalq tərəfdaşlara yanlış şəkildə təqdim etməyə çalışır. Bu yolla onlar, həm Brüsseldə, həm də Vaşinqtonda dəstək toplamaq niyyətindədirlər. Lakin bu siyasət Ermənistanın özünü çıxılmaz vəziyyətə salır". STM əməkdaşının fikrincə, məsələnin digər tərəfi Rusiyanın mövqeyi ilə bağlıdır: “Ermənistan rəhbərliyi Moskvanın təsirindən tam qurtula bilmir. Son zamanlarda Ermənistanın Qərblə yaxınlaşma cəhdləri müşahidə olunsa da, Kreml hələ də proseslərə ciddi təsir imkanına malikdir. Paşinyanın BMT-dən sonra AŞ PA-da da ritorikanı sərtləşdirməsi, böyük ehtimalla Moskva ilə razılaşdırılmış bir addımdır. Çünki Rusiya üçün dəhliz məsələsi həm regiondakı balans, həm də özünün Cənubi Qafqaz siyasətində mövqelərini qorumaq baxımından əhəmiyyət daşıyır. Bəzi müşahidəçilərə görə, Paşinyan 8 avqust razılaşmalarından geri çəkilməklə faktiki olaraq yeni bir mərhələyə qədəm qoyur. Bu razılaşmaların pozulması isə sülh prosesinə ciddi zərbə deməkdir. Halbuki ilin əvvəllərində Ermənistan rəsmiləri dəfələrlə sülh sazişinə hazır olduqlarını bəyan etmişdilər. İndi isə ritorika dəyişib”.
T.İsmayılov qeyd etdi ki, konstitusiya dəyişiklikləri məsələsi də burada mühüm rol oynayır: “Ermənistan rəhbərliyi sülh sazişini Konstitusiya Məhkəməsinin rəyi ilə şərtləndirməklə faktiki olaraq prosesi uzatmaq və məsuliyyəti başqa bir instansiyanın üzərinə atmaq istəyir. Bu isə siyasi iradənin olmaması deməkdir. Əgər bir hökumət ölkəsinin gələcəyi üçün həyati əhəmiyyət daşıyan sazişi məhkəmənin öhdəsinə buraxırsa, deməli, siyasi nəticəni qəbul etmək istəmir. Burada yenə Rusiyanın təsiri ehtimalı önə çıxır. Paşinyanın son "U dönüşü" Kreml faktorundan ayrı təsəvvür edilə bilməz. Moskva Ermənistanı sülh imzalamaqdan çəkindirməklə regionda təsir mexanizmini saxlamağa çalışır. Çünki əgər Bakı ilə İrəvan arasında saziş imzalansa, Rusiyanın Cənubi Qafqazda vasitəçilik funksiyası zəifləyəcək. Bu isə Moskvanın maraqlarına ziddir. Eyni zamanda Ermənistan rəhbərliyinin sülh prosesində bu qədər tərəddüd göstərməsi onun daxili siyasətinə də hesablanıb. Paşinyan seçki ərəfəsində sərt addımlar atmamaq üçün müxtəlif bəhanələr gətirir. “Məhkəmənin rəyi” arqumenti də buna xidmət edir".
Siyasi şərhçi bildirdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Zəngəzur dəhlizi məsələsində ardıcıl mövqe nümayiş etdirir: “Bakı dəhlizi regional əməkdaşlıq və sülhün açarı kimi görür. Ermənistan rəhbərliyinin qorxuları isə yalnız siyasi manipulyasiyadan ibarətdir. Əslində dəhlizin açılması Ermənistanın öz iqtisadi maraqlarına da xidmət edəcək. Lakin İrəvan bu reallığı qəbul etmək əvəzinə, özünü geosiyasi oyunların vasitəsinə çevirir”. Ekspert qeyd etdi ki, ilin sonuna az qaldığı bir vaxtda, proseslərin hansı istiqamət alacağı sual altındadır: “Ermənistan rəhbərliyinin dəyişkən mövqeyi sülh prosesini ləngidir. Amma regiondakı əsas aktorlar - Azərbaycan və Türkiyə - konkret hədəflər üzərində dayanırlar. Bu hədəflərin reallaşması üçün beynəlxalq dəstək də artmaqdadır. Paşinyanın çıxışları göstərir ki, Ermənistan rəhbərliyi hələ də tarixi fürsəti qiymətləndirmir. Onların qorxuları isə reallıqdan daha çox siyasi ritorikanın məhsuludur. Zəngəzur dəhlizi bölgənin gələcəyi üçün yeni imkanlar açacaq. Ermənistan isə bu imkanlardan istifadə etmək əvəzinə, yenə köhnə təxribatçı ritorikaya qayıdır. Beləliklə, Paşinyanın və komandasında olanların çıxışları Ermənistan siyasətində bir qeyri-müəyyənlik sindromunun mövcudluğunu təsdiqləyir. Həm daxili, həm də xarici siyasətdə balansı qoruya bilməyən hökumət özünü daha çətin vəziyyətə salır. Bu isə nə sülhə, nə də regionun gələcək əməkdaşlığına xidmət etmir. Nəticə etibarilə, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi məsələsini qorxu və şantaj vasitəsinə çevirməklə əslində öz inkişaf perspektivlərini daha çətin vəziyyətə salır. Paşinyanın "U dönüşü" isə siyasi iradə yoxluğunun və xarici təsirlərdən asılılığın bariz nümunəsidir".
E.PAŞASOY,
“Yeni Müsavat”
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ