Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Banqladeşdən daha çox işçi cəlb etməyə çağırılıb. Minval.az “New Age” nəşrinə istinadən verdiyi məlumata görə, bu çağırışı Banqladeşin əmək və məşğulluq üzrə müşaviri Səxavat Hossain Bakıda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə ikitərəfli görüşü zamanı səsləndirib.
Görüş zamanı Banqladeş işçilərinin həyat səviyyəsinin yüksəldilməsi, əməyin mühafizəsi, viza prosedurları və digər güzəştlərlə bağlı məsələlər müzakirə olunub. Müşavir Azərbaycanda banqladeşli işçilərin hüquqlarını və sosial təminatlarını təmin etmək üçün texniki əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Hossain Azərbaycan nazirini Banqladeşdən daha çox ixtisaslı mütəxəssislər cəlb etməyə çağırıb və Banqladeşdə xüsusi iqtisadi zonalarda əmək və investisiya sahəsində texniki əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Komitənin üzvü Kəmalə Məmmədovanın Minval.az-a açıqlamasında bildirdiyinə görə, əcnəbilər əmək miqrasiyası qanunvericiliyinə əməl etdikləri təqdirdə Azərbaycanda iş tapa bilərlər: “Bizim qanunvericilik bazamız və əcnəbilər üçün əsas tələblər var, yəni iş icazəsi və fərdi iş icazəsinin məcburidir. Əgər şirkət mütəxəssis dəvət edirsə, o, Əmək Nazirliyinə müraciət etməlidir. İnsanların müvafiq sənədləri, diplomları, hökumətimiz tərəfindən hər il ayrılan müvafiq kvotaya uyğun olmalıdır. Prinsipcə, əmək icazəsi illik kvota çərçivəsində təsdiq edilir”. Onun sözlərinə görə, kvota daxili əmək bazarındakı vəziyyətə əsasən müəyyən edilir. Yerli vətəndaşlar tərəfindən tutula bilməyən vakant yerlərin mövcudluğu və xarici mütəxəssislərə olan ehtiyac araşdırılaraq müvafiq təhlil aparılır. “Azərbaycanın siyasətində vətəndaşların işlə təmin olunması prioritet təşkil edir, yəni ilk növbədə onlar işə götürülməlidir, ardınca əcnəbilər. Lakin Azərbaycanda müəyyən sahə üzrə mütəxəssislər yoxdursa, o zaman əcnəbi vətəndaşlardan istifadə oluna bilər”, - deyə İctimai Şuranın nümayəndəsi izah edib.
Əcnəbilər üçün işçi qüvvəsi kvotası ilin sonuna bir ay qalmış elan edilir. Xarici vətəndaşların müəyyən kateqoriyaları iş icazəsi tələblərindən azaddır. Məsələn, bunlara İT mütəxəssisləri və ya Azərbaycanda sənaye parklarında rezident olan şirkətlərin əməkdaşları daxildir. Böyük dövlətlərarası layihələrin professorları və iştirakçıları da iş icazəsi tələblərindən azaddırlar.
Lakin iş icazələrinin alınmasına gəlincə, hazırda Azərbaycanın bu sahədə kifayət qədər daxili imkanları var. Niyə banqladeşlilər bizdən bu cür xahiş edirlər, onların fəhlələri bir yana, mütəxəssislərinə ehtiyac varmı?
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda əmək bazarında son illərdə xarici ölkə vətəndaşlarının iştirakı artmaqdadır. Xüsusilə tikinti, sənaye, xidmət və informasiya texnologiyaları sahələrində bu artım daha çox hiss olunur. Xarici vətəndaşların ölkəyə iş məqsədilə gəlməsi üçün onlar müvafiq dövlət orqanlarından iş icazəsi almalıdırlar. Rəsmi statistikaya görə, hər il minlərlə əcnəbi bu icazəni alaraq Azərbaycanda fəaliyyət göstərir. Ən çox iş icazəsi alan xarici vətəndaşlar əsasən Türkiyə, Rusiya, Hindistan, Çin, Pakistan, Türkmənistan və Filippin kimi ölkələrdən gəlirlər. Bu ölkələrin vətəndaşları müxtəlif sahələrdə - xüsusilə tikinti, mühəndislik, xidmət və texnologiya sektorlarında işləyirlər. Türkiyə vətəndaşları isə həm say, həm də iştirak sahələrinin genişliyi baxımından birinci yerdədir. Rəsmi məlumatlarda qeyd edilir ki, Azərbaycanın iqtisadi inkişafı və xarici investisiyaların artması ilə bağlı olaraq, beynəlxalq şirkətlərin fəaliyyət dairəsi də genişlənib. Bu da öz növbəsində xaricdən mütəxəssis gətirilməsinə ehtiyac yaradır. Xüsusilə texniki bilik və təcrübə tələb edən sahələrdə xarici mütəxəssislərə üstünlük verilir. Bununla yanaşı, ölkəyə gələn əcnəbilərin yalnız rəsmi yollarla çalışması və qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçməsi vacibdir. Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti qurumlar bu sahədə nəzarəti gücləndirib. Ümumilikdə, Azərbaycanda əmək bazarı tədricən beynəlxalqlaşır və xarici işçi qüvvəsi bu prosesin bir hissəsinə çevrilir. Bu tendensiya əmək bazarının dinamikliyini artırmaqla yanaşı, yerli və beynəlxalq təcrübənin paylaşılmasına da şərait yaradır.
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əslində Azərbaycan əməkçi miqrantları qəbul edən ölkə deyil. Bizdə işçi qüvvəsi çoxdur. Özümüzün iş yerlərimiz onların işlə təmin olunmasına kifayət etmir. Bizdə tələb təklifi üstələyir. Ona görə də Azərbaycan daha çox əmək miqrantları əksinə başqa ölkələrə üz tutub. Ənənəvi olaraq sovet dövründə də beləydi. Yaxın illərə qədər doğuşun yüksək səviyyəsi müşahidə olunub. Əmək bazarına daxil olanların sayı onu tərk edənlərdən çoxdur. Ona görə də bizdə işsizlik göstəriciləri həmişə yüksək olur. Bu, demoqrafik göstəricilərlə bağlıdır. Amma belə götürəndə Azərbaycanın əmək bazarında bir sıra problemlər var. Problemlərin biri odur ki, işçi qüvvəsi, məhsuldar qüvvələr qeyri-bərabər paylanıb. İşçi qüvvəsinin çoxu Bakı, Abşeron, Sumqayıt aqlomerasiyasında yerləşib. Regionlarda iş yerləri də azdır, işçi qüvvəsi də azdır. Amma bəzən regionlarda mütəxəssisə ehtiyac olanda onu tapmaq da mümkün olmur. Eyni zamanda bizdə ixtisaslı fəhlə peşələri, bir sıra mühəndis peşələrinə ehtiyac var. Bizim təhsil sistemi bu kadrları hazırlaya bilmir. Ona görə də bir qayda olaraq böyük, mürəkkəb tikintilərə xaricdən ixtisaslı fəhlələr gətirilir. O cümlədən mühəndis heyəti də bütün sahələrdə çatışmır. Kənd təsərrüfatı sahəsində zootexniklər, aqronomlar çatışmır. İndi İT sahəsində vəziyyət yaxşı deyil, mütəxəssislərimiz azdır. Süni intellekt texnologiyasının tətbiqi ilə bağlı mütəxəssislərə ehtiyac olacaq. Dövlət proqramı qəbul olunub, kadr çatışmır. Amma bizim əmək bazarında ehtiyatlarımız kifayət qədər çoxdur. Kənardan gələn işçilərə ehtiyac olur”.
Ekspert qeyd edir ki, Banqladeş əhalisinin sayı kifayət qədər böyük və kasıb ölkədir. Həyat səviyyəsi çox aşağı səviyyədədir. Ona görə də bütün dünyada onlar işçi ixracı ilə məşğuldur: “Azərbaycan elə də böyük bazar deyil. Azərbaycanda iş icazəsinin alınması qanunvericiliklə mürəkkəb bir prosedurdur. Ona görə də biz əmək bazarına çox da işçi qəbul etmirik. Amma indi Banqladeşdən olanlar orada üstünlük təşkil edirsə, bunun bir səbəbi də odur ki, banqladeşlilər daha çox başqa ölkələrdə iş axtarırlar, nəinki digərləri. Əvvəllər, Çin, Hindistan ola bilərdi, indi Banqladeş onları üstələyib. Məsələn, ərəb ölkələrində əksər işçi həmin ölkələrdən, yaxud Filippindən gələnlər olur. Nazir Bakıda olarkən bu məsələyə toxunubsa, buna da təbii baxmaq lazımdır. Banqladeş hökuməti öz əhalisinin işə olan tələbatını ödəyə bilmir və onlar maraqlıdır ki, bu işçi qrupunu ixrac etsinlər. Bu baxımdan hansı ölkələrə getsələr bu məsələni qoyurlar. Mən şəxsən bilmirəm, əmək bazarında Banqladeşdən gələn işçilər hansı işləri yerinə yetirirlər. Bizim qanunvericiliyə görə, biz ixtisassız işçilərə iş icazəsi vermirik. Yalnız onun ixtisası olmalıdır. İxtisaslı fəhlə olmalıdır, ya diplomu, təhsili olan mütəxəssislər olmalıdır. Yəqin ki, gələnlər İT sahəsində mütəxəssislərdir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ