İnsanlara hürriyət, millətlərə istiqlal!

Dönər problemi dönə-dönə aktuallaşır - standartlara riayət olunmur

Eyyub Hüseynov: “İstehlakçı sənədə baxanda dərhal bilməlidir ki, bu dönər hansı müəssisəyə məxsusdur”

Türkiyə Avropa İttifaqı ölkələrində dönər kababının hazırlanması üçün ciddi standartların tətbiqi təşəbbüsündən imtina edib.

2022-ci ildə Türkiyə dönər kababına “Ənənəvi ixtisas zəmanətli” statusunun verilməsi üçün Avropa Komissiyasına ərizə vermiş, dönər kababın hazırlanması üçün ciddi qaydalar tələb etmiş, bu olmadan onun Aİ-də satışının qadağan olunacağını bildirmişdi.

Ərizə təsdiq edilsəydi, icazə verilən inqrediyentlərin çeşidi ciddi şəkildə məhdudlaşdırılacaqdı və Almaniyanın kabab sənayesi bundan təsirlənəcəkdi.

Burada önəmli detal dönərin hazırlanması qaydaları ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanda dönər-kabab adlandırılan qida məhsulundan tez-tez zəhərlənmələr olur. Ümumiyyətlə, Azərbaycanda dönərdən zəhərlənmə hallarının son bir ildə artması bu qidanın hazırlanması və satışına nəzarətin yetərli olmaması problemini gündəmə gətirir. Misal üçün, 2024-cü ilin oktyabr ayında Tovuzun Qovlar qəsəbəsində yerləşən “Köz dönər” adlı dönərxanada toyuq dönəri yedikdən sonra 18 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu ilin fevral ayında Şəmkir rayonunda 3-11 yaş arası uşaqlar da daxil olmaqla, 9 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınıb.

Oxşar hal Zaqatalada da baş verib. Eyni qidadan 1999, 2007 və 2016-cı il təvəllüdlü şəxslərin zəhərləndiyi bildirilib.

2025-ci ilin iyun ayında Tovuzda baş verən daha ciddi hadisə zamanı 28 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. Araşdırmalara əsasən, məhsulun hazırlanmasında istifadə olunan ətin keyfiyyəti və dönərin saxlanma şəraiti ciddi pozuntularla müşahidə olunub. Eyni ay ərzində Naxçıvanda yerləşən “Kassap Döner” adlı dönərxanada 17 nəfərin zəhərlənməsi xəbəri yayılıb.

Qida təhlükəsizliyi üzrə müfəttişlər hadisənin səbəbi kimi saxlanma şəraitindəki nöqsanları, temperatur rejiminin pozulmasını və gigiyenik qaydalara əməl edilməməsini qeyd etdilər. Bu kimi halların təkrarlanması dönər sektorunda sistemli və sertifikatlaşdırılmış nəzarət mexanizmlərinin vacibliyini bir daha ortaya qoyur. Ət məhsullarının mənşəyi, saxlanma temperaturu, istifadə olunan marinadların tərkibi, hazırlanma texnologiyası və satıcıların gigiyenik bilik səviyyəsi kimi faktorlar ciddi şəkildə tənzimlənməlidir. Əks halda, belə zəhərlənmə halları gələcəkdə daha geniş miqyas ala və insan həyatı üçün ciddi təhlükə yarada bilər.

Bu baxımdan, dönərin keyfiyyət standartları ilə bağlı dəyişikliklərin vaxtı deyilmi?

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Hələ Azərbaycanda Dövlət Standartlaşdırma Komitəsi olanda dönərin standartlarını hazırladı. O standartlar bu gün də qüvvədədir - dönərxananın böyüklüyü, orada istifadə olunan məhsullar və sairə. Təəssüf ki, ölkədə biznes və istehlakçı siyasətində balanssızlıq müşahidə olunur. Biznes qurumlarının müəyyən toxunulmazlığı var, istehlakçıların maraqlarının müdafiəsi isə ikinci planda qalır. Belə şəraitdə bəzi sahibkarlar istədiklərini edərək istehlakçı hüquqlarını pozurlar.

 

Bu xüsusda ən çox narazılıq doğuran məsələlərdən biri dönərdən baş verən kütləvi zəhərlənmələrdir. Xüsusilə qida təhlükəsizliyi standartlarının zəif tətbiqi ictimai narahatçılığı artırır. Halbuki vaxtilə ölkədə müəyyən normativlər mövcud idi: dönər üçün istifadə edilən ət əvvəlcə şişə keçirilir, -40 dərəcədə “şok dondurma” prosesindən keçirilərək bakteriyalardan təmizlənir, sonra isə xüsusi qablaşdırma ilə “soyuq zəncir” prinsipi əsasında satış məntəqələrinə çatdırılırdı. Bu qaydaları tətbiq edən yalnız iki müəssisə fəaliyyət göstərir. Lakin aparılan araşdırmalar göstərir ki, ölkədə dönərxanaların böyük əksəriyyəti, ümumiyyətlə, həmin iki müəssisədən məhsul almır. Halbuki onlar çox bahalı avadanlıqlarla təchiz olunmuş, yüksək standartlara cavab verən istehsal müəssisələridir. Təəssüf ki, bu müəssisələr Azərbaycanın dönər bazarını əhatə edə bilməyib. Nəticədə bəzi dönərçilər həmin müəssisələrin adından sui-istifadə edirlər: dönəri oradan aldıqlarını göstərən kağızı divara asırlar, lakin əslində məhsulu özləri - gecə hazırladıqları ətlə düzəldirlər. İstehlakçı isə həmin kağıza baxanda ayırd edə bilmir ki, təqdim olunan dönər həqiqətən sertifikatlı məhsuldur, yoxsa saxta. Bu da qida təhlükəsizliyi ilə bağlı ciddi risklər yaradır".

Eyyub Hüseynovun qızı vəfat etdi | Modern.az

Eyyub Hüseynov

Eyyub Hüseynov qeyd edir ki, istehlakçı üçün aydın mexanizm olmalıdır: “Müştəri asılmış sənədə baxanda dərhal bilməlidir ki, bu dönər hansı müəssisəyə məxsusdur və etibarlıdır. Təəssüf ki, hazırda yalnız baytarlıq arayışı yetərli sayılır və bu sənəd də hər zaman real vəziyyəti əks etdirmir. Məsələ təkcə keyfiyyətlə də bitmir. Mən bir neçə Avropa ölkəsində dönər yemişəm, dad baxımından onların heç biri Türkiyə dönərindən üstün deyil. Azərbaycanda isə problem təkcə dadla bağlı deyil, həm də gigiyena ilə bağlıdır, elə hallar olur ki, müştəriyə verilən çörək əvvəlcə əl yuyulmadan toxunulur və bu da əlavə narazılıq doğurur.

E.Hüseynovun sözlərinə görə, dönərdən zəhərlənmələrin əsas səbəbi təkcə ətlərin keyfiyyətsizliyi deyil: “Məsələn, mal əti zəhərlənmə səviyyəsinə çatanda pis qoxumağa başlayır, kiflənir, ona heç kim yaxın dura bilmir və bu zaman zəhərlənməyə səbəb ola bilər. Toyuq əti isə çox tez çirklənəndir. Ona görə də toyuq dönərlərindən çox tez-tez zəhərlənmələr baş verir. Bu işin də qarşısı, təəssüf ki, alınmır. Əsas məsələ burada qoyulan gigiyenik qaydalardır. Məsələn, verilən mayonezin açıldıqdan sonra saxlanma müddəti 4-5 saatdan artıq deyil. Amma biz görürük ki, dönərxanalarda mayonez qabları gətirilir, açıq saxlanılır və uzun müddət istifadə olunur. Eyni zamanda bu gün hazırlanan dönərin sabaha saxlanılması da ciddi problemdir. Belə dönərlər artıq çürüməyə başlayır. Ona görə də dönər biznesi elə qurulmalıdır ki, sabaha dönər qalmasın. Standartlar daha da sərtləşdirilməlidir”.

Afaq MİRAYİQ,
"Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR