İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən izdihamlı dəfn mərasimi – “Xalqlar atası”nın xalqa sonuncu zülmü

Moskvanın baş meydanı sayılan Qırmızı meydan bir çox tarixi hadisələrə şahidlik edib.

1 may və 7 noyabr tarixlərində bu meydanda nümayişlər keçirilib, 1941-ci ildə on minlərlə insan məhz bu meydandan cəbhəyə yollanıb, alman faşizmi üzərində qələbədən sonra tarixi qələbə paradı da Qırmızı meydandan dünyaya səs salıb və s. 1953-cü ilin mart ayında isə Qırmızı meydan öz tarixində ən böyük izdihamla üzləşib. Stalinin dəfn mərasimi tarixə ən izdihamlı tədbirlərdən biri kimi düşüb.

STALİN YENİ.jpg (141 KB)

1953-cü ilin martın 5-də, saat 21:50-də xüsusi həkim komissiyası Stalinin ölümü ilə bağlı rəsmi rəyi Mərkəzi Komitəyə təqdim etdikdən sonra dəfn komissiyası yaradılıb və ona rəhbərlik Nikita Xruşova həvalə edilib.

XRUSA SON.jpg (142 KB)

Əvvəlcə Stalinin nəşi üzərində həkimlər işləyiblər. Onun beyni çıxarılaraq Beyin İnstitutuna (bu institut haqqında əlavə yazı təqdim edəcəyik) təhvil verilib. Həkimlərin 6 saatlıq gərgin fəaliyyətindən sonra “xalqlar atası”nın nəşi vida görüşünə hazır vəziyyətə salınıb. Həmin 6 saat ərzində Stalinin hansı geyimdə dəfn olunacağı məsələsi də həll edilib. Onun hərbi formasına generalissimus rütbələri və qızıl düymələr tikilib. Eyni vaxtda memar Posoxin Lenin mavzoleyinin üzərinə ikinci bir adın həkk olunması ilə məşğul olub və bir gecənin işində mavzoley Lenin və Stalin adını daşıyıb.

Vida mərasiminin İttifaqlar Evinin sütunlar zalında keçirilməsi qərara alınıb. Mərasim üçün zalın daxili dekorasiyasına SSRİ Nazirlər Soveti yanında İncəsənət Komitəsinin sədri Nikolay Bespalov rəhbərlik edib. Cəsəd üçün tabut seçimi Mərkəzi Komitənin İşlər İdarəsinin müdiri Dmitri Krupinə həvalə olunub. Təhlükəsizlik məsələlərinə Dövlət Təhlükəsizliyi Nazirliyi cavabdehlik daşıyıb.

Stalinin vəfatı ilə bağlı ölkədə 4 günlük matəm elan edilib. Vida görüşünə təkcə SSRİ vətəndaşları deyil, xarici ölkələrdən gələnlər də olub. O cümlədən dünyanın bir çox ölkələrinin siyasi liderləri dəfn mərasimində iştirak etmək üçün Moskvaya gəliblər. Martın 6-dan 9-a qədər SSRİ-nin 30 illik rəhbəri ilə vidalaşmaq üçün İttifaqlar Evinin sütunlu zalından 2 milyona yaxın adam keçib.

İZDİHAM.jpg (191 KB)

Üç gün ərzində İttifaqlar Evinin qapısı gecə-gündüz insanların üzünə açıq olub. Moskvanın mərkəzi küçələrində xüsusi maşınlar istisna olmaqla avtomobillərin hərəkəti məhdudlaşdırılıb. İnsan axını olan küçələrdə yük maşınlarının üzərində projektorlar quraşdırılıb. Dövlət və hökumət dəfnlə bağlı bütün zəruri tədbirləri həyata keçirib, o cümlədən təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirilib. Ancaq bu məsələdə yanlışlığa yol verilib, vida görüşünə gələnlərin sayının bu qədər çox olacağını nə dəfn komissiyasının üzvləri, nə də hüquq-mühafizə orqanların əməkdaşları ağıllarına belə gətirə bilməyiblər. Bu isə böyük faciələrə səbəb olub.

İttifaqlar Evinə üz tutan insanların sayı o qədər çox olub ki, bu da dəhşətli bir sıxlıq yaradıb. İnsan kütlələri sanki bir canlı orqan kimi hərəkət edib. Yəni ayrı-ayrı adamlar öz hərəkətlərinə nəzarət edə bilməyiblər, bütövlükdə insan axınının hərəkətinə tabe olublar. Məsələn, kimsə yıxılıbsa, digəri dayanıb onu qaldırmaq imkanında olmayıb, yaxud kimsə sıradan çıxmaq istəyibsə, kütlənin axını buna imkan verməyib.

Ən dəhşətli hadisələr isə Bulvar dairəsində yerləşən Trubnı meydanına gedən yolda baş verib. Bu yol nisbətən üzüaşağı olduğundan insan axını müvazinətini itirib, basabas düşüb, sıxlıq o qədər böyük olub ki, yıxılan, yaxud sadəcə büdrəyən adam ayağa qalxıb hərəkətini bərpa edə bilməyib. Beləliklə, onlar ayaqlar altında qalaraq aldıqları zədələrdən ölüblər. Eyni hadisələr Puşkin küçəsində və “İttifaqlar Evi”nə sol tərəfdən gələn yolda da baş verib.

Alınan zədələri çox asanlıqla, ilkin tibbi yardım etməklə aradan qaldırmaq mümkün olsa da, buna heç kim cəhd etməyib. Ümumiyyətlə, həmin ərazilərə nəinki təcili tibbi yardım maşınlarının daxil olması, hətta adi bir həkimin girməsi mümkünsüz olub.

Vida mərasimi zamanı ayaqlar altında tapdanaraq ölənlərin sayı haqqında ictimaiyyətə məlumat verilməyib. Bəzi mənbələrə görə, onların sayı 3 mini keçib. Bu rəqəmi təsdiq edən faktlar da var. “Tədbir” sona çatdıqdan sonra meyitlər nömrələnərək ərazi üzrə təcili tibbi yardım stansiyalarına çatdırılıb. Nömrələr yalnız o meyitlərin qollarına bağlanıb ki, onların kimliyi bir sutka ərzində müəyyənləşməyib, yəni doğmaları onları tapmayıb.

AGLA.jpg (150 KB)

Həmin təcili tibbi yardım stansiyalarının birində işləyən həkim Yuliya Dektaryova sonrakı açıqlamalarında aşağıdakıları qeyd edib:

“Bizim stansiya geniş həyət ərazisinə malik olduğundan meyitlərin yığılmasında mərkəz funksiyasını daşıyırdı. Digər stansiyalara aparılan meyitlər də sonda bizə gətirilirdi. Sahibi tapılmayanların qollarına nömrələr vurulurdu. Mən növbədə olanda 2134 nömrəli meyit gətirilmişdi. Yəni bu, tanınmayan 2134-cü meyit idi...”

Stalinin güdazına gedənlərin hamısı şəhərdən kənarda eyni yerdə dəfn olunub.

1989-cu ildə dəfn mərasimi ilə bağlı araşdırmalar aparılanda yeni faktlar ortaya çıxıb. Məlum olub ki, vida görüşünə gedərkən tapdaq altına düşərək ölənlərin sayı 4 min nəfərə yaxın olub. Yaralananların sayını isə müəyyənləşdirmək mümkün olmayıb. Bununla da “xalqlar atası” xalqa sonuncu dəfə son mənzilə gedərkən zülm edib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR