Onlayn ictimai-siyasi qəzet
Arktikada gizli nasist bazaları tarix həvəskarlarının hər zaman diqqətində olub. Mətbuatda yazılanlardan bəlli olur ki, guya Berlinin süqutu ərəfəsində “Reyxin qızılı” orada gizlədilib, həmin yerlərdə müəmmalı silahlar hazırlanıb. Halbuki, almanlar orada kifayət qədər praqmatik işlər görüblər. 1951-ci ilin sentyabrında SSRİ-nin buzqıran gəmisinin ekipajı “Georq torpağı” və “Aleksandra torpağı” adaları arasındakı boğazdan keçərək nasist bazasının qalıqlarını aşkar ediblər. Həmin ərazi jurnalist Sergey Kovalyov tərəfindən “Üçüncü reyxin Arktika kölgələri” kitabında tam şəkildə təsvir edilib.
Kovalyov yazıb ki, ekspedisiya 30 nəfər üçün nəzərdə tutulmuş beş yeraltı istehkam tikilisi, meteoroloji sahə və anten dirəyi aşkar edib. Yaşayış bunkerində yataq, yemək, mətbəx və anbar da daxil olmaqla yeddi otaq olub. Bunkerin dörddə biri yerin altında gizlədilib, digər hissəsi isə kamuflyaj üçün ağ yağlı boya ilə rənglənib. Stansiya sudan görünməyib və sahildən təxminən yarım kilometr aralıda yerləşib.
Ətrafında səngərlər, eləcə də silah, minaatan və pulemyot qalıqları aşkarlanıb. Bunkerdən bir qədər aralıda tədqiqatçılar motorlu qayıq və güclü radioötürücü tapıblar. Bu kəşf sensasiyaya səbəb olub və Almaniyanın Arktika bazalarına marağı artırıb.
“Aleksandra torpağı”nda alman stansiyası və aerodrom, eləcə də yeraltı sualtı baza ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmayıb. Ancaq tədqiqatçılar indi həmin bazada almanların nə etdiklərini biliblər.
Müharibə üçün elm
I dünya müharibəsi başa çatdıqdan sonra texnoloji tərəqqi görünməmiş sürətlə inkişaf edib. Yeni aviasiya uçuş məsafəsi, hündürlük və uçuş sürəti üzrə rekordlarla yadda qalıb. Aviasiyanın inkişafı isə getdikcə daha dəqiq və vaxtında hava proqnozlarının tərtib edilməsinə ehtiyac duyub. Bütün planetdə radio rabitəsində sürətli irəliləyişlərin köməyi ilə qlobal meteoroloji stansiyalar şəbəkəsi böyüyüb.
II dünya müharibəsinin başlaması ilə hava hesabatlarına ehtiyac daha da çoxalıb. Fırtına zamanı siklonun hərəkətini dəqiq proqnozlaşdıran Almaniya meteoroloji xidmətinin məlumatı 1939-cu ildə döyüş tapşırığını yerinə yetirən “Şarnhorst” və “Gneyzsenau” döyüş gəmilərini Britaniya donanmasının diqqətindən yayınmağa kömək edib. Bunun sayəsində onlar Atlantik okeanına uğurla daxil olub və müttəfiq dövlətlərin gəmilərinin çox hissəsini sıradan çıxarıblar. Hərbi əməliyyatların aktiv ərazisi Şimali Atlantika və Şimal Buzlu okeanı olub. Nasistlərin böyük problemi bu ərazidə onlara hava haqqında hesabat verə biləcək meteoroloji bazaların praktiki olaraq fəaliyyət göstərməməsi olub.
Əvvəlcə Berlin bu ərazilərə meteoroloqlardan ibarət xüsusi gəmilər göndərərək problemi həll etməyə çalışıb. Bununla belə, müttəfiqlər bu ərazidə böyük üstünlüyə malik olduğu üçün nasist gəmiləri şikara çevrilib. Sonda nasistlər Arktika dairəsindən kənarda gizli meteoroloji bazalar yaratmaq barədə qərar qəbul ediblər. 28 avqust 1941-ci ildə Buskyö ekspedisiya gəmisi kəşfiyyat aparmaq üçün Almaniyanın işğalı altında olan Norveçdən hərəkət etməyə başlayıb. Kvislinq hökuməti uzun müddət Qrenlandiyanı Norveçə birləşdirmək istəyib.
Ancaq yola düşməzdən əvvəl, əməliyyatın alman kuratoru, SS oberşturmfüreri Hermann Krauze gəmiyə gəlib. O, gəmiyə ekspedisiyanın digər üzvü, radiostansiya, meteoroloji alətlər və silahlarla təchiz edilmiş 25 yaşlı norveçli nasist Ceykob Bredlini mindirib. Gənc Qrenlandiyada havanı izləməli və şifrəli meteoroloji hesabatları Berlinə göndərməli idi. Gəminin kapitanı planların qəfil dəyişməsinə etiraz etmək istəyəndə Krauze sərt cavab verib: “Unutmayın, bizim uzun qollarımız var, sualtı qayıqlarımız, təyyarələrimiz var, ailələriniz də burada, sahildə qalıb”.
Təsadüfən seçilən Bredlinin radio operatoru və meteoroloq kimi təhsili cəmi beş gün çəkib. Təəccüblü deyil ki, sentyabrın 4-də Qrenlandiyaya enəndən sonra o, hətta avadanlığını belə açmağa macal tapmayıb. Cəmi bir həftə sonra Buskyö gəmisi Amerika sahil mühafizəsinin gəmisi tərəfindən Qrenlandiya fyordlarında aşkar edilərək ələ keçirilib. Dindirildikdən sonra ekipaj üzvləri amerikalıları meteoroloqun eniş yerinə aparıb.
Saxlanılan norveçli nasist Bostona aparılıb və Amerika qəzetləri 7 dekabr 1941-ci ildə Yaponiyanın Pörl-Harbora hücumuna qədər Qrenlandiyada “Reyxin gizli meteoroloji stansiyası” haqqında xəbərlərlə dolu olub. Beləliklə, nasistlərin Qrenlandiyada ilk meteoroloji stansiya qurmaq cəhdi uğursuzluğa düçar olsa da, bu, yalnız başlanğıc idi.
Buz üzərində qorxu və nifrət
Ümumilikdə, 1941-1945-ci illər arasında almanlar Qrenlandiyada, Şpitsbergendə və Frans İosif Torpağında ən azı 12 meteoroloji baza qurublar. Onlar Kriqsmarine (nasist donanması) və Lüftvaffe (aviasiya), həmçinin Abver (kəşfiyyat) tərəfindən yaradılıb. Üstəlik, hər bir alman departamenti müstəqil fəaliyyət göstərib. Odur ki, koordinasiyanın olmaması və şöbələr arasında daimi qarşıdurma müharibə zamanı və digər məsələlərdə almanlara çox mane olub.
Hava hesabatlarından bəlkə də hamıdan çox asılı olan nasist dənizçiləri bu işə ciddi yanaşıblar. Qrenlandiyaya göndərilən dörd ekspedisiyanın məqsədi adaya gizli eniş etmək, orada meteoroloji baza qurmaq, havanı izləmək və Reyxə şifrəli mesajlar göndərmək olub. Buna görə, Qrenlandiya səlahiyyətliləri hətta qışda uzaq, tərk edilmiş körfəzləri belə gəzə bilən xizək patrulu təşkil ediblər. Bir neçə dəfə patrul döyüşçüləri alman bazalarını aşkarlayıb və tərəflər arasında atışmalar qeydə alınıb.
Stansiyaları hava hücumlarına qarşı müdafiəsiz olduğu üçün hər dəfə almanlar müttəfiqlərin bombardmanından qorxaraq tez bir zamanda bazalarını bağlayıblar və personalı təxliyə ediblər. Bundan əlavə, bir dəfə Amerika patrul gəmisi Qrenlandiya sahillərində daha bir nasist bazası qurmaq üzrə olan “Kedingen” gəmisini ələ keçirib.
Nasist bazalarının şəxsi heyəti qütb şimalının sərt şəraitinə də uyğunlaşa bilməyib. Qrenlandiyadakı “Ağ torpaq” əməliyyatının lideri Hermann Ritter bildirib ki, tədarük çatışmazlığı olmasa da, şimalın atmosferi onun adamları üçün o qədər sıxıcı olub ki, onlar spirtli içki aludəçisinə çevriliblər. Ritter, tabeliyində olanların sadəcə əyyaş olmaması üçün bütün spirt ehtiyatını məhv edib.
“Qaçaqmalçı” əməliyyatının iştirakçıları isə eniş yerinə gedən yolda avadanlığının bir hissəsini, o cümlədən evlərin tikintisi üçün, demək olar ki, bütün taxta-şalbanı itiriblər. Nəticədə onlar birbaşa buz üzərində yaşamalı olublar. Müharibədən sağ çıxan ekspedisiya üzvlərinin xatirələrinə görə, mağara keçidlərinin genişləndirilmiş bölmələrində təchiz edilmiş yaşayış çadırlarının daxilində temperatur nadir hallarda +5 dərəcəni keçib.
Almanlar müharibənin sonuna qədər meteoroloji stansiyalar təşkil ediblər. Maraqlıdır ki, əsir düşən sonuncu alman məhbuslar Şpisbergen arxipelaqının ən şimal adası olan Nordostlandetdə “Haudegen” meteoroloji stansiyası qurmuş Vilhelm Degenin dəstəsi olub. Almanlar müharibənin bitdiyini Odessadakı sovet meteoroloji stansiyasının verilişindən öyrəniblər. Bundan sonra onlar gizlənməyi dayandırıblar və Haudegendən məlumatları beynəlxalq meteoroloji şəbəkəyə şifrəsiz ötürməyə başlayıblar. Almanlar məlumatın birində xilas edilmələrini istəyiblər. Ancaq Nordostlandetin uzaqda olması xilasetmə əməliyyatını çətinləşdirib. Norveç gəmisi onları yalnız 1945-ci ilin sentyabrında götürə bilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ