Onlayn ictimai-siyasi qəzet
Öncə uca millətimizi 28 May bayramı münasibətilə təbrik edirəm. Müstəqillik böyük nemətdir. Dünyada xalqlar çoxdur. Təxmini hesablamalara görə, dilləri, ənənələri, mədəniyyətləri, toy adətləri bir-birindən fərqlənən bu xalqların sayı haradasa 3 mindən 5 minə qədər aralıqdadır. Biz orta hesabla 4 min götürək. Və bu 4 min xalqdan cəmi 193-nün dövləti vardır.
Həmin dövləti bizim üçün quran dədə-babalarımıza minnətdar olmalıyıqmı? Yəqin ki. Xüsusilə hansısa sarsaq şimaldan “SSRİ qanunsuz dağılıb” deyəndə, cənubdan başqa axmaq “dövlətinizin adı Bakı respublikasıdır” deyərək ona dəstək verəndə müstəqilliyin necə nemət olduğunu anlayırsan. İnşallah, bir gün gerçək nemətlərini də yeyərsiniz, hər şeyin vaxtı var, bağban tələsər, filan...
Hətta ən yaxın qahımlarımız belə hərdən bizim müstəqilliyi burunlayırlar, gedib dağda-daşdakı terrorçu ilə “kardeş” olurlar. İndi gör müstəqil olmasaq nə edərdilər. Ayaq altında qalardıq, vallah. Bütün anlamlarda 28 may dəyərli bayramdır.
Sözgəlişi, bunun başqa önəmini biz 1991-ci ildə, təxminən elə bu vaxtlar, 17 martda yaşamışıq. Təsəvvür edin, gorbagor Qorbaçov (səslənmə necə uyğundur!) o vaxt SSRİ-ni saxlamaq üçün referendum elan etmişdi və satqın liderimiz Ayaz müəllimin sayəsində Azərbaycan xalqı guya həmin referendumda SSRİ-nin qalmasına səs vermişdi. Bəyənmədiyimiz Ermənistan SSR və Gürcüstan SSR belə həmin referendumu boykot etmişdi. Ümumilikdə 15 müttəfiq respublikadan içi biz qarışıq cəmi 9-u səsverməyə qatılmışdı. Nəhayət, SSRİ-nin qalmasını istəyən vətəndaşlarımızın sayı həmin səsvermədə neçə faiz çıxmışdı, bilirsinizmi? 93,3 faiz! Biabırçı rəqəm idi. Hətta Belarus və RSFSR bizdən az istəmişdi SSRİ-ni: uyğun olaraq 82,7 və 71,3 faiz.
Bunları həm də ona görə yazıram ki, 1918-ci ilin 28 mayında respublika qurmağımızın necə çətin şəraitdə baş verdiyini dərk eləyək, qurucu babalarımızı onun-bunun, hər yoldan keçən dılğırın ayağına verməyək. Özünüz təsəvvür edin, 1991-ci ildə, o boyda vurhavur, həngamə, repressiya, faciə, nə bilim, dava-şavadan sonra müstəqilliyi istəyənlər 6,7 faiz çıxmışdısa, gör 1918-də neçə adam olmuşdur.
Ancaq sevindirici haldır ki, xalqın siyasi şüuru artır. Məsələn, dünən mən xəbər oxudum, yazmışdılar ki, İmişlidə Müstəqillik Günü münasibətilə tədbir keçirilib, deputat, rayon icra hakimi, rayon ziyalıları və sairə çıxış edibdir. Və heç kim SSRİ bayrağı, Georgi lenti açmamışdır! Fotolar vardı, sübut üçün. Böyük irəliləyişdir. Özlərini yaxşı aparsalar hökumət Araz çayına su da buraxar.
Bayaq yuxarıda dünya xalqlarının adətlərinin fərqləndiyini qeyd etdim. Bu, xüsusilə toylarımıza aiddir. İnşallah, ta bir şey qalmayıb, may bitir, toy sezonunu açıq elan edəcəyik. Nə qədər gənclər intizarla gözləyir. Bizim toylar xarici toylara bənzəmir. Deyir, Fransadan ölkəmizə qonaqlar gəlibmiş. Söhbət fırlanır, toylardan düşür, fransızlar soruşur ki, sizdə toya nə qədər adam çağırılır, deyirlər minimum 300-400 nəfər. Basabasdan, səs-küydən toy yiyəsini tanımır. Fransız təəccüblə deyir: “Bizdə toya çox az adam çağırırıq, uzağı 15-20 nəfər gəlir”. Azərbaycanlı mənalı-mənalı söyləyir: “Qardaş, gərək gedəsən ki, gəlsinlər!”
Sonda hamınızı bir daha təbrik edirəm, çalışın müstəqil olasınız. Camaat müstəqil olmayanda respublikanın müstəqilliyi də anekdota oxşayır.
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ