İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü Avropa Birliyinin son şansıdır: Rusiya öz "revanş saatı" üçün "pusquya yatıb"

Həm rəsmi İrəvanın, həm də Brüsselin növbəti görüşdə sülh şərtlərinə Azərbaycanın siyasi iradə pəncərəsindən yanaşmaqdan başqa variantı qalmayıb... Çünki həm Avropa Birliyi, həm də Ermənistan sülh prosesində Rusiyanın orbitrliyinin ön plana keçməsində qətiyyən maraqlı deyillər, uğursuzluq isə Kremlə əlavə şans verə bilər...

Cənubi Qafqazda yaxın gələcəkdə hansı proseslərin cərəyan edəcəyi artıq təxminən aydınlaşdırmağa başlayıb. Belə ki, bu regionda daha çox geopolitik, geoiqtisadi və geostrateji layihələrin ön planda olacağı indi elə bir ciddi şübhə doğurmur. Və böyük ehtimalla bu önəmli məqam Cənubi Qafqazda maraqları olan nəhəng dövlətlərin, eləcə də, əsas beynəlxalq iqtisadi-siyasi güc mərkəzlərinin arasında mübarizəni daha da kəskinləşdirəcək.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən yekun sülh sazişinin əhəmiyyəti daha da artmış olur. Üstəlik, Azərbaycan ordusunun Qarabağ regionunda reallaşdırdığı lokal antiterror tədbirlərindən sonra yekun sülh sazişinin önü açılmış kimi görünür. Çünki müzakirələrdə ən çox mübahisə doğuran, daha dəqiq desək, Azərbaycan və Ermənistan arasında 35 illik hərbi münaqişənin yeganə səbəbi artıq mövcud deyil. Rəsmi Bakının Qaradağ regionu üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etməsindən sonra bu problem birdəfəlik ləğv edilib.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azərbaycanın bayrağını ucaltmasından sonra beynəlxalq siyasi məkanda da yekun sülh sazişinin qaçılmaz olması barədə daha əminliklə mülahizələr irəli sürülür. "Qarabağ münaqişəsi"nin əsas müəllifi olan Rusiya belə, artıq heç bir əngəlin qalmadığını, ən yaxın vaxtlarda sülh sazişinin imzalanmasının vacibliyini qabardır. Və bu önəmli məqam da Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına əlavə imkanlar açır.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)

Qərb siyasi dairələri isə Ermənistana yönəlik müəyyən dəstək açıqlamaları versələr də, hər halda, sülh prosesinə vasitəçilik missiyasında israrlı davranmağa çalışırlar. Əsas məqsəd isə regional sülh prosesinin uğurlu nəticəsindən sonra həlledici təşəbbüsün Rusiyanın əlinə keçməsinə imkan verməməkdir. Və Rusiya ilə rəqabətdə üstünlük qazanaraq, Cənubi Qafqazda öz regional maraqlarının inkişaf perspektivlərinə münbit şərait yaratmaqdır.

Təbii ki, regional proseslərin belə inkişaf perspektivləri qazanması ABŞ və Qərbi, xüsusilə də, Avropa Birliyini Azərbaycan-Ermənistan sülh danışıqlarında real nəticələr əldə edilməsinə cəhd göstərmək məcburiyyətində buraxır. Əks halda, Rusiya yenidən regional sülh prosesində şəriksiz orbitr rolunu ələ keçirə bilər. Çünki rəsmi Bakının da Qərbin sülh prosesində real nəticədən uzaq vasitəçilik missiyasına uzun müddət şans tanıyacağı da qətiyyən inandırıcı görünmür.

Belə anlaşılır ki, bu ayın sonlarına doğru keçirilməsi nəzərdə tutulan üçtərəfli Brüssel görüşü ABŞ və Avropa Birliyi üçün həlledici xarakter daşıya bilər. Əgər, bu görüşdə Azərbaycanın milli maraqlarına daha həssas yanaşılmazsa, rəsmi Bakı Brüssel platformasına verdiyi önəmi geri çəkə bilər. Bu isə ABŞ və Avropa Birliyinin sülh vasitəçiliyinin iflasa uğraması demək olardı.

Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Bakı sülh prosesindən ilk növbədə beynəlxalq hüquq normalarına uyğun delimitasiya və demokratiya razılaşması gözləyir. Çünki əks halda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma ehtimalı qətiyyən real deyil. Və bu önəmli məqamı həm Ermənistan, həm də Avropa Birliyi mütləq nəzərə almalı olacaq.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Brüssel görüşündən öncə diqqəti çəkən ən önəmli məqam isə ondan ibarətdir ki, bu dəfə bütün təşəbbüs faktorları yalnız rəsmi Bakının əlində cəmləşib. İndi sülh vasitəçiliyində kimin həlledici mövqe qazana biləcəyini məhz Azərbaycanın geopolitik iradəsi müəyyən edir. Və rəsmi Bakı bu iradəsinin nə qədər keçərli olduğunu Qranada göründən imtina etməklə, birmənalı şəkildə hər kəsə sübuta yetirməyə nail oldu.

Bu baxımdan, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel bu önəmli faktoru yaxınlaşmaqda olan növbəti Brüssel görüşündə mütləq nəzərə almalı olacaq. Çünki indi Şarl Mişelin və onun təmsil etdiyi Avropa Birliyinin vasitəçilik missiyasının gələcək taleyi məhz bundan birbaşa asılıdır. Hər halda, rəsmi Bakının bu missiyanı şübhə altına almaq qətiyyətinin olduğuna indi heç kim şübhə etmir. Və bu, Brüssel görüşünün əsas təşkilatçısı olan Şarl Mişeli də rəsmi Bakıdan asılı vəziyyətə salır.

Göründüyü kimi, hazırda Şarl Mişel kifayət qədər ciddi seçim qarşısında qalmış kimi görünür. Belə ki, Brüssel görüşündə Fransanın "erməni tezisləri" bu platformanı böyük risk altında buraxa bilər. Ona görə də, Brüssel görüşündə regional savaşın mütləq qalibi olan Azərbaycan üzərində israr etdiyi beynəlxalq hüquq normaları ön plana keçirilməlidir. Və rəsmi Bakının həmin beynəlxalq hüquq normalarına uyğun şəkildə təklif etdiyi beş şərt sülh sazişi üçün əsas baza rolunu oynamalıdır.

Əks təqdirdə, rəsmi Bakı üçün qeyri-müəyyən müddətə qədər uzanma ehtimalı olan Brüssel prosesinin elə bir ciddi önəmi qalmamış olacaq. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, hazırda Ermənistanla imzalanacaq yekun sülh sazişinin rəsmi Bakı üçün əsas prioritet olduğunu iddia etmək də bir qədər çətindir. Çünki rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin etməyə nail olub. Və indi yekun sülh sazişinin imzalanması prosesinin uzanması məhz Ermənistan üçün ciddi problemlər vəd edir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Məsələ ondadır ki, rəsmi İrəvanın sülh prosesini uzatmaqla, nail ola biləcəyi heç nə qalmayıb. Əksinə, prosesin uzanması Ermənistanı əlavə geopolitik itkilərə məruz qoya bilər. Rəsmi İrəvanın Ermənistanı blokadadan çıxartmaq niyyəti də elə məhz sülh sazişinin imzalanmasına birbaşa bağlıdır. Və bu, Ermənistan üçün maliyyə-iqtisadi imkanlar aça biləcək yeganə variantdır.

Azərbaycanın isə oxşar problemləri mövcud deyil. Ermənistandan fərqli olaraq, Qərbdən dəstək vədlərinə ümid bəsləmək məcburiyyətindən də çox-çox uzaqdır. Əksinə, Azərbaycanın kifayət qədər ciddi iqtisadi-ticari qaynaqları mövcuddur. Rəsmi Bakı Azərbaycanı uzun müddət ayaqda tuta biləcək maliyyə qaynaqlarına sahibdir. Üstəlik, Türkiyə kimi güclü hərbi-siyasi müttəfiqə malik olması da Azərbaycanın təhlükəsizlik maraqlarını təmin edir.

Belə vəziyyətdə həm Ermənistanın, həm də Avropa Birliyinin Brüssel görüşünə Azərbaycanın siyasi iradə pəncərəsindən yanaşmaqdan başqa variantı qalmır. Çünki həm Avropa Birliyi, həm də Ermənistan sülh prosesində Rusiyanın orbitrliyinin ön plana keçməsində qətiyyən maraqlı deyillər. Rəsmi Bakının Brüssel görüşündən məmnun qalmayacağı təqdirdə isə Rusiya yeni şans qazana bilər. Bu baxımdan, Kremlin "pusquya yatıb", Rusiyanın revanş saatını gözlədiyi isə qətiyyən şübhə doğurmur. Və Brüssel görüşü uğursuz olarsa, bu, Rusiya üçün real şans demək olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR