Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, hadisə Bayılda baş verib. 22 yaşlı taksi sürücüsü Elmar digər sürücü Rasim İsgəndərovla yolda mübahisə ediblər. Səbəb isə bir-birlərinə yol verməmələri olub. Hadisə vaxtı Rasim İsgəndərovun yanında dostu Xəyyam olub. Sərxoş olan Xəyyam hadisəyə daha sərt reaksiya verərək Elmara hücum edib.
Elmar onu vurmaq istəyən Xəyyamın boynundan tutaraq möhkəm şəkildə sıxıb. Nəticədə Xəyyam onurğa beyninin ağır dərəcəli əzilməsi, qapalı fərəqə sütunu travması kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı Xəyyamın boynunun sınmasını heç kim bilməyib. Rasim dostunu evinə aparıb və qardaşına təhvil verib.
Təqsirləndirilən şəxs ifadə verən zaman deyib ki, Rasim anidən avtomobili ilə onun avtomobilinin qarşısına çıxıb: “Rasim keçmək üçün yol istədi. Yolun sağ tərəfi geniş olmadığı üçün yol verə bilmədim. Rasimdən avtomobilini arxaya verməsini istədim. Amma o maşından düşüb qapıları bağladı. Mənə dedi ki, sən yol verəcəksən. Bu vaxt Xəyyam söyüş söyə-söyə üsütümə gəlib təpik atdı. Mən kənara çəkiləndə o yerə yıxıldı. Sonra onun başından tutdum. Amma boğmaq fikrim olmayıb. 2-3 saniyədə baş verən hadisə idi. Rasim arxadan məni tutdu və biz aralaşdıq”.
O, Xəyyama yumruq vurmadığını deyib. Bildirib ki, mübahisəyə səbəb Xəyyam olub və içkili halda ona hücum edib.
Hadisə gününün səhəri Rasim taksi sürücü Elmara zəng edərək üzürxahlıq edib. İçkili olduqları üçün üzrlü saymasını istəyib.
Təqsirləndirilən şəxs əlavə edib ki, polis əməkdaşları onu bölməyə dəvət edən zaman Xəyyamın boynunun sındığını bilib. O, Xəyyamın ailəsinə müalicə xərclərinə görə kömək etmək istədiyini, lakin ondan xeyli miqdarda pul istənildiyini deyib.
Zərərçəkmiş şəxs məhkəmə iclasında videogörüntü ilə bağlanıb. İfadəsini təsdiq etdiyini deyib. əlavə olaraq bildirib ki, Elmara tərəf gedən ilk özü olub, ilk söyüşü də özü söyüb. Amma Elmardan şikayətçi olub. Buna səbəb isə Elmarın ona qarşı vecsiz davranması olub.
“Əvvəl şikayət və tələbim yox idi. Elmar cüzi yardım təklif etdi. Baş verənlər onun vecinə deyildi. Buna görə də şikayətçiyəm”- deyə zərərçəkmiş qeyd edib.
Xəyyam hadisədən sonra 55 gün xəstəxanada qalıb. Onun bədənin 95 faizi işləmir. Ailəsi deyib ki, bu günə qədər xəstəxana xərcləri 17 min manatdan çox olub.
Hadisə yaxınlıqdakı kameralara da düşüb. əsas sübutlardan biri də budur.
İşi araşdırna Bakı Ağır Cinayətlər Məhkəməsi belə qənaətə gəlib ki, Elmar şəxs zəruri müdafiə həddini aşmaqla Xəyyamın sağlamlığına qəsdən ağır zərər vurması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə də sübuta yetirilib.
Elmarın Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinməsi sübuta yetirilməyib. Ona Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.
İ.Muradov
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ