İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Türkiyə və İsrail arasında danışıqlar BAŞLADI

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin müşaviri və nazirliyin sözçüsü, kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, konfransdan sonra Milli Müdafiə Nazirliyinin mənbələri jurnalistlərin suallarını cavablandırıblar.

Suriyadakı son vəziyyət və İsrailin bu ölkəyə məxsus hərbi bazalara endirdiyi hava zərbələri ilə bağlı sualları cavablandıran mənbələr qeyd ediblər ki, Türkiyə Suriyada yeni hökumətin tələbləri əsasında bu ölkənin müdafiə qabiliyyətinin artırılmasına və xüsusilə İŞİD başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizəyə dəstək verir.

Mənbələr bu çərçivədə təlim məqsədilə hərbi baza yaradılması ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildiriblər:

“Türkiyənin yeganə məqsədi Suriyanın ərazi bütövlüyü, sabitliyi və təhlükəsizliyinə dəstək olmaq, bu ölkəni terrorizmdən təmizləməkdir. Ankara bu məqsədlə həm iradəyə, həm imkanlara, həm də aydın vizyona sahibdir. Bu istiqamətdə həyata keçirilən və gələcəkdə həyata keçiriləcək bütün tədbirlər, iki dövlət arasında əldə olunmuş razılaşma çərçivəsində, beynəlxalq hüquqa uyğun şəkildə və üçüncü ölkələri hədəfə almadan icra olunur”.

Bakıda Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması mexanizminin yaradılması üzrə ilk texniki danışıqlar baş tutub

Nazirlik mənbələri, Türkiyə ilə İsrail arasında Suriyada münaqişənin qarşısının alınması ilə bağlı hər hansı əlaqənin olub-olmaması barədə suala cavab olaraq deyiblər:

“Suriyada arzuolunmaz hadisələrin baş verməməsi məqsədilə gərginliyin azaldılması mexanizminin yaradılması istiqamətində dünən Azərbaycanda ilk texniki görüş keçirilib. Bu mexanizmin qurulması ilə bağlı işlər davam etdiriləcək”.

Qeyd edək ki, tərəflər arasında aparılan bu ilk texniki danışıqlar, bölgədə artan gərginlik fonunda strateji koordinasiyanın vacibliyini bir daha gündəmə gətirib.

Görüşün Azərbaycan ərazisində baş tutması isə rəsmi Bakının regional diplomatiyada artan rolunu bir daha təsdiqləyir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən verdiyi açıqlamada rəsmi Bakının Türkiyə-İsrail münasibətlərində oynadığı rola diqqət çəkmişdi:

“Azərbaycan bu iki dost ölkə arasında əməkdaşlıq mühitinin qorunmasında mühüm vasitəçidir. Biz həm Türkiyə, həm də İsrail ilə yüksək səviyyəli tərəfdaşlığa malikik. Regionda sabitlik və təhlükəsizlik naminə belə üçtərəfli dialoqlara ev sahibliyi etməyə hazırıq”, – deyə dövlət başçısı vurğulamışdı.

Analitiklər hesab edirlər ki, Bakıdakı bu görüş regionda balanslaşdırılmış münasibətlər sisteminin qurulmasına xidmət edir. Türkiyə və İsrail arasında zaman-zaman baş qaldıran gərginliklərin fonunda belə bir görüşün Azərbaycanın vasitəçiliyi ilə baş tutması, Cənubi Qafqazın geosiyasi statusunu dəyişməkdədir.

Həmçinin qeyd olunur ki, İranla Qərb, eləcə də Rusiya arasında toqquşma riski artdığı bir dönəmdə Suriyada Türkiyə və İsrailin birbaşa toqquşmasının qarşısını almaq məqsədi ilə atılan bu addım regional sabitlik üçün mühüm siqnaldır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR