İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ermənistana silah göndərməsi faktlarla sübut olundu- Səfirlik açıqlama verəcəkmi?

Avqustun 2-i və 3-də ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsi İrəvanın Zavrtnots hava limanına enib. Bu barədə avqustun 6-da "Caliber" eksklüziv məlumat yaymışdı. Bildirmişdi ki, “Boeing C-17” hərbi yük təyyarələrində İrandan atılan raketlərin və digər uçuş aparatlarının trayektoriyasını izləyən xüsusi alətlərin daxil olduğu hərbi yüklərlə yanaşı, Ermənistana bu texnikaya nəzarət edəcək şəxsi heyət də gətirilib.

Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə diqqət çəkməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni əsilli Amerika vətəndaşlarıdır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdirilib.

Bununla bağlı materialın dərc edilməsinin ertəsi günü ABŞ-ın Ermənistandakı səfirliyi Zəngəzura ABŞ hərbçilərinin yeridilməsi ilə bağlı məlumatı şərh etmədən tələsik bir açıqlama yaydı. ABŞ diplomatik missiyasının cavabında bildirilirdi: “Birləşmiş Ştatlar və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş 2024” təlimi iyulun 24-də uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.

“Eagle Partner 2024” iyulun 15-dən 24-dək Ermənistanda baş tutub. Amma avqustun əvvəlində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Ermənistana gəlib.

Beləliklə, səfirliyin reaksiyası tamamilə mövzudan kənar idi. Səfir yazılan məlumatları təkzib edə bilmədi. Sadəcə olaraq, region ictimaiyyətini çaşdırmaq üçün nəzərdə tutulmuş təxribatçı manevr etdi.

Caliber.az ötən gün növbəti addımı atdı: İrəvan Zvartnots hava limanına enən hərbi-nəqliyyat təyyarələrindən birinin fotolarını paylaşdı. Eyni zamanda avqustun 2-3-də Ermənistana gələn Amerika hərbçilərinin irəliləmə marşrutu və yerini dəqiqliklə təqdim etdi. Belə ki, fotoşəkildə göstərilən təyyarə Qətərdən havaya qalxaraq Gürcüstanın hava məkanı vasitəsilə Ermənistan ərazisinə daxil olub. Zavrtnotsda silah və ABŞ hərbçilərinin olduğu üç konteyner boşaldılıb.

Sayt bu barədə yazır: ”Əgər ABŞ səfirliyi və erməni tərəfi aşkar olanı təkzib etməyə davam edərsə, biz yeni təfərrüatları təqdim etməyə hazırıq. Bizdə materiallar var, lakin onları hissə-hissə verəcəyik”.

Amerikanın Azərbaycandakı səfirliyi bütün bunların fonunda susur. Baş verənlər artıq faktlarla sübut olunub. Yəni bəhanə gətiriləcək məqam yoxdur. Səfirlikdən cavab gözləyirik.

Aydınlar Partiyasının sədri olmuş siyasətçi Qulamhüseyn Əlibəyli bildirib ki, ABŞ regiona siyasi cəhətdən daxil ola bilmədiyinə görə, Cənubi Qafqaza hərbi yolla girməyə cəhd edir:

WhatsApp Image 2024-08-13 at 13.11.57.jpeg (40 KB)

“Bir müddət əvvəl ABŞ və Ermənistan hərbçiləri birgə təlim keçirdilər. Bu o deməkdir ki, ABŞ Ermənistan vasitəsi ilə regiona daxil olmaq istəyir. Burada bir neçə maraq var. ABŞ-nin İranla münasibəti nəzərə alınmalıdır.

Amerika daima bu və ya digər dərəcədə İran rejiminin dəyişdirilməsi ilə bağlı ona təzyiq göstərir. Digər tərəfdən regionda söz sahibinə çevrilmiş Azərbaycana hədə-qorxu gəlir. ABŞ təkcə silahlandırmır, hətta hərbi cəhətdən də yardım göstərir. Qoşunlarını orada yerləşdirir ki, Azərbaycana qarşı yeni bir cəbhə açmış olsun. Əsas məqsədi də regionda gərginliyin artırılmasıdır.

Hesab edirəm ki, indiki halda Azərbaycanın yürütdüyü siyasət ABŞ-nin və ya Ermənistanın Azərbaycana hücumuna heç bir əsas vermir. Ancaq işimizi ehtiyatlı tutmalıyıq. Bunun üçün ən yaxşı vasitə yeni silahların əldə olunmasıdır. Bununla bağlı müəyyən işlər görülür. Eyni zamanda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı genişləndirilməlidir. Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsi qarşdırumanın dayanmasına səbəb ola bilər”.

Siyasətçi Rusiya və İranın məsələyə reaksiya verməməsini də şərh edib:

“ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Bunu Ermənistan vasitəsi ilə edir. Çünki Azərbaycanda Rusiyanın hərbi hissələri yoxdur. Gürcüstanda isə Rusiyanın işğalı altında olan ərazilərindədir. Ən etibarlı variant ABŞ üçün Ermənistandır. Amma ABŞ-nin hərəkətləri Rusiyanın Ermənistanda hərbi gücünün artırılmasına gətirib çıxara bilər.

Doğrudur, son dövrlər Ermənistanın siyasəti ondan ibarətdir ki, Rusiya hərbçilərini Ermənistandan çıxarsın. Ancaq rəsmi müqavilə var. Ona əsasən Rusiya Ermənistanda öz hərbi gücünü artıra bilər. Rusiyanın başı Ukrayana ilə müharibəyə qarışıb. Ancaq çalışacaq ki, digər regionlarda da qalsın".

Politoloqun fikrincə, Ermənistanda baş verənlər Azərbaycan üçün ciddi təhdidlər yaradır:

“ABŞ-nin, Hindistanın, İranın hücum silahlarını və hərbi dəstəyini Ermənistana göndərməsi müharibə təhlükəsini artırır. Nəzərə almalıyıq ki, Ermənistanda revanşizm tam məhv olmayıb və indiki hakimiyyətdə sülh müqaviləsinin imzalanmamasının marağındadır. Ona görə də Azərbaycana qarşı ciddi hərbi təhdidlər var. Atəşkəs tez-tez pozula, sərhəddə təxribatlar törədilə bilər. Ancaq Azərbaycan da ayıqdır, müqavimət gücünü saxlayır”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə deyir ki, ABŞ yaranmış vəziyyətdən sui-istifadə edir:

Arzuxan-800x445.jpg (51 KB)

“ABŞ Paşinyan hakimiyyətinə əsaslanıb bölgəyə yerləşir. Hərbi kontingenti ilə bölgəyə nüfuz etmək istəyir. Eyni zamanda ABŞ İrana daha çox sanksiyalar tətbiq etmiş tərəf olaraq sərhəddə yerləşməklə bu ölkəyə təsir imkanlarını artırır. Həmçinin Zəngəzur dəhlizinə nəzarət uğrunda böyük savaş gedir. ABŞ bu məsələdə də imkanlarını genişləndirmək istəyir. Təbii ki, bundan həm Rusiya, həm də Cənub qonşumuz narahatdır. Onların reaksiyası hesab edirəm ki, adekvat olacaq. Hələ ki, çox da ciddi reaksiya yoxdur. Təəssüflər olsun ki, İran 30 il ərzində ermənilərə dəstək verməklə yanaşı, Azərbaycanın İsrail və digər Qərb dövlətləri ilə münasibətlərinin yaxşılaşmasına dərhal reaksiya verir. Lakin ABŞ-nin, Fransa və digər güclərin gəlib Ermənistan vasitəsi ilə İran sərhəddinə yerləşməsinə səs çıxarmır. Regiondan kənar qüvvələrin gəlişi arzu olunmazdır deyib yumşaq münasibət göstərir. Amma Rusiyanın rekasiyası özünü çox gözlətməyəcək. Rusiyanın hərbi kontingenti hələ də Gümrü hərbi bazasındadır.

Bizdə olan məlumata görə, əvvəl kontingentin sayı 4200 civarında idisə, hazırda daha geniş tərkibdə təmsil olunurlar. Ermənistanın İran və Türkiyə sərhədləri də rus hərbçiləri tərəfindən qorunur. Ona görə də bu konteksdən yanaşanda Ermənistan hələ Rusiyanın boyunduruğundan çıxmayıb. Yaxın zamanda çıxacağı olduqca müşkül görünür. Ancaq onun özünü dalana salması, Ukrayna ilə müharibə aparması ABŞ üçün münbit şərait yaradıb. Ermənistanda Rusiyanın yerini tutmaq üçün Qərb qüvvələri hərəkətə keçiblər. Ermənistan isə hər zaman olduğu kimi istifadə olunur. Bu prosesdə ciddi oyunun içinə girib, faciəli nəticələrlə qarşılaşa bilər. Bu bölgənin əsas güc sahibləri Azərbaycan və Türkiyə tandemidir. Gələcəkdə də Zəngəzur dəhlizi üzərində nəzarət bu tandemin əlində olmalıdır”.

Politoloq deyir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını qəsdən gecikdirir:

“Son dövrlərdə silahlanma, kənardan dəstək Ermənistanı növbəti revanşist addımlara təhrik edir. Bundan ən çox zərər çəkən Ermənistanın özü olacaq. Sülhün mövcudluğu, kommunikasiya xətlərinin açılması Azərbaycandan daha çox Ermənistana lazımdır. Bu ölkə iqtisadi cəhətdən hələ də Rusiyanın boyunduruğundadır. Faktiki olaraq yürütdüyü siyasət nəticəsində özünü bir dalana salıb, heç yerə çıxışı yoxdur. Ermənistanın gələcəyi Azərbaycanın şərtləri daxilində yalnız kommunikasiya əlaqələrinin yaradılması ilə ola bilər. Bunu görmürlərsə, onların növbəti siyasi korluğudur”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR