İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolqırağı alverin incə xüsusiyyətləri

 

Adamın güzarı rayonlara düşəndə ürəyi açılır, söz yox. Xüsusilə də ilin bu fəsili, hər yanda yaşıllıq, meyvəli bağ-bağat görürsən və qürur duyursan ki, nə yaxşı, yaşadığın ölkə səhralıqlardan, keçəl bozqırlardan ibarət deyil.

Təbii ki, qayıdanbaş istəyirsən ki, evə əliboş gəlməyəsən, fəsil meyvə-tərəvəzlərindən, kənd nemətlərindən də tədarük edəsən. Bu qaydadır, səfərdən, səyahətdən qayıdanın əlinə, çantalarına baxarlar.

Görünür, bu qaydanı təkcə uzaq yola çıxanlar yox, həm də o yolun qırağında piştaxta qurub meyvə-tərəvəz satanlar da yaxşı bilirlər və əmindirlər ki, evinə qayıdan adamın canı çıxacaq, əliboş qayıtmamaq üçün onlara təklif olunan nemətləri deyilən qiymətə alacaqlar.

Bu yerdə onlar, əlbəttə, yanılırlar. Çünki paytaxtda və digər iri şəhərlərdə yaşamaq hələ o demək deyil ki, hərənin evində pulkəsən dəzgahı var və vaxtaşırı kartricini doldurur, gecə-gündüz pul kəsirlər. Yaxud da hamı vəzifə və ya iş adamı deyil ki, gündə bir ətək pul qazansılar və rayona yolları düşəndə xəzəl kimi sovursunlar.

Elə deyil. Üç aşağı, beş yuxarı, şəhər adamlarının da bəlli bir qazancı var. Ona görə də onlar evlərindən bir tin o tərəfdəki supermarketdəki (maşallah, artıq hər tində bir supermarket var – bəzi tinlərdə iki dənə, üzbəüz, ya da yan-yana) ucuz gilası, şaftalını qoyub, eyni neməti yol qırağından iki dəfə baha almazlar.

Necə ki almırdılar. Goranboydan Ələtə gələnə qədər fikir verdim, yol qırağındakı piştaxtaların yanında məndən başqa avtomobil saxlayan olmadı. Hamısı şütüyüb keçirdilər, paytaxta, Sumqayıta əliboş qayıdırdılar. Hərçənd ola bilər ki, onlar şəhərin içində hansısa supermarketə dönüb nəsə alacaq, evdə deyəcəklər ki, rayondan alıb gətirmişəm.

Mən isə sırf jurnalist marağıyla yol qırağında meyvə-tərəvəz satan satıcılardan 4-5-i ilə həmsöhbət oldum. Eləcə, həmsöhbət. Heç nə almadım. Satdıqları alınası qiymətə deyidi.

Gilası, şaftalını, əriyi, çiyələyi, armudu, qarpız-yemişi “Meyvəli” bazarında ikiqat ucuz qiymətə görüb gedən adam onu rayondan ikiqat baha qiymətə niyə alsın?

Satıcıya deyirəm, eloğlu, bax, burada yerpulu vermirsiniz, vergi ödəmirsiniz, həyətinizdən, təsərrüfatınızdan dərib, gətirib, düzmüsüz bu çoxyaruslu taxtaların üstünə, bəs niyə Bakıdakından ikiqat baha qiymətə verirsiniz? Deyir, əmi, havalar pisdir, yağışlar meyvəcata təsir edib. Deyirəm, qardaş, Allaha şükür, bolluqdur, qıtlıq deyil, bax qıtlıq olsa, şəhərin supermarketləri meyvə-tərəvəzlə dolub-daşmaz və bu qədər ucuz olmaz, amma siz qiyməti qoyub oturmusuz burada, sizdən qiymət soruşan da yoxdur.

Adam eləcə çiynini çəkir. Yol boyunca təmas qurduğum digər satıcılar da çiyinlərini çəkdilər, biri isə bir az aqressiv tonda “bizdə belədir” dedi. Dirəşsəydim, “alırsan, al, almırsan, zəhləmi tökmə” də deyəcəkdi.

Hərçənd mən qiymət öldürmək üçün demirdim, yaxınlıqdakı marketlər “ölü qiymətli” k\t məhsulları ilə doludur. Sadəcə, onlara yazığım gəlirdi ki, səhərdən bəri başlarına həsir panama qoyaraq günün altında yanırlar, amma 5 manat qazancları yoxdur. Malları piştaxtalara səhər necə səliəli şəkildə düzülübsə, saat 4-dür, hələ də öz səliqəsini qoruyur, bir şaftalının yeri dəyişməyib.

Eyni şeyi Zaratda, “Beşbarmaq” pirinin avtobuslar və avtomobillər dayanan, türkün sözü, mola yerində də gördüm. Qaynanmış qarğıdalını 1 manat 50 qəpiyə verirdilər. Nübar deyil, bir şey deyil. Artıq o qarğıdalı sütülünün biri 20-30 qəpikdir, sən də onu ikiqat qiymətə ver, daha niyə beşqat qiymətə satırsan ki, camaatı da sırf loxlanmamaq üçün tamahını basır, almır. Hətta bir adam portmanatını çıxaranda gördüm, üstündə azı 700 manat pulu vardı, amma 3 manat verib, iki dənə sütül almadı, dedi, bax, pulum var, ala bilərəm, amma ona görə almıram ki, normal qiymətə satasınız, hamı ala bilsin.

Uzun sözün kəsəsi, çox qazanmaq istəyi adamların başını o qədər xarab edib ki, istədiklərindən və lazım olduğundan az qazandıqlarını anlamırlar. Əgər onlar yol kənarında və ya mola yerlərində satdıqları şeyləri bazar konyukturasına uyğun qiymətə versələr, daha çox qazanarlar, qarğıdalı qazanları hey boşalar, dolar. Yoxsa səhərdən axşamacan qazan qaynat, axşam məlum olsun ki, iki cüt bir tək sütül satmamısan. Belə ticarətmi olar?

Bax, bunlar ticarətin adi qayda-qanunlarıdır, amma kütləvi şəkildə bilmirik və ziyan edirik, sonra da oturub gileylənirik ki, alver yoxdur.

Əvvəlki illərdə o “alver yoxdur” deyənlərin baha qiymətə satmaq istədikıəri, xarab olsa da, ucuz qiymətə satmadıqları tonlarla bananı axırda xarab edib şəhər ətrafındakı zibilliklərə boşaltdıqları olub. İndi bir az ağıllanıblar, görəndə ki, xarab olur, 3,50 qəpikdən ucuzlaşdırır, Nyu-Yorkdakı qiymətə, 1 avroya satıb canlarını qurtarırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024