İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şoferin mordası protivni” olanda...

Fevralda başlayan dil davasının yeni-yeni yatışan vaxtlarında sönmüş ocağın üstünə yarım vedrə benzin atırmış kimi, götürüb “Alə, net e, sən öl, prosto dili korlayırlar, “önəmli” nədi?” başlıqlı bir yazı yazmışdım.

Yazı ənənəvi, satirik janrda idi və birinci cümləsi beləydi: “Padyezdən çxıb otururam rulun arxasına, zamoku açıb maşını xodduyanda kvartirant qonşum deyir ki, brat, maşının stoplarından birinin işığı yanmır”.

Yazının elə ilk cümləsindəncə köhnə oxucularım dərhal bilərdi ki, bu qədər jarqon sözü bir cümlədə işlədən müəllifin xüsusi məqsədi var, yoxsa bir cümlədə 7 o cür kəlmə olmaz.

Felyetonun təxminən iki abzası belə sözlərdən ibarət idi: pasyolka, qluşitel, svarşik, svarka, karobka, skorus, drajeniya, slesar, xodovoy, şarovoy, remont, kuza, kraska, sastayaniya, naxadu, klient, pramoy və sair. Bir sözlə, leksikonumuzdakı işlək sözlərin bir qismi.

Gördüyünüz kimi, bunlar təkcə avtomobildən danışarkən işlətdiyimiz ifadələrdir. O biri sahələrdə (səhiyyə, təhsil, ticarət, iaşə, xidmət sferalarında) də N qədər bu cür söz var. Biz aşağı-yuxarı bu sözlərlə danışırıq. Buna “Bakı dili” də demək olar, “müasir Azərbaycan dili” də. Əvvəllər Bakıda yaşayanlar bu cür danışırdılar, indi maşallah, ölkənin yarısı bakılı olub və hamısı belə danışır.

Bax, professor Nizami Cəfərov ona görə deyir ki, “vopşe”, “tak çto”, “znaçit” kimi sözləri lüğətə daxil etməliyik.

Hərçənd mənə elə gəlir ki, professor bu sözləri ciddi deməyib, sovet dövründə xeyli dərəcədə əldən getmiş, 33,5 iillik müstəqillik dövründə heç cür özünə gələ bilməyən, bu ifadələrdən xilas olmağı bacarmayan ana dilimizin keşiyində duranlara yönəlik ironiya edib.

Yox, əgər Nizami bəy bu sözləri ciddi deyibsə, ta hessad, znaçit, düz deyib, daje az deyib, priçom daha rezki deyə, spisoku genişləndirə bilərdi. Rəvadırmı ki, gül kimi seryoznu, stroqu, koroçe, poçti, srazu kənarda qalsın? Hələ bunun “svoloç”, “padles”, “krısa”, “çurban”, “çmo”, “tupoy” kimi, ana dilimizdə işlənən çox sözlərdən daha çox işlək olan kəlmələri var.

Siz heç görmüsünüzmü iki mübahisə edən adam bir-birinə “kütbeyin” desin? Deməzlər. “Kütbeyin” o söz deyil, rəqibi yaralamır, amma “tupoy” daha udarnı səslənir. Elə söyüşənlər də bir-birinə “ibnə” demirlər, “petux” deyirlər (mədəni adamlar isə incə şəkildə “qoluboy” kəlməsindən istifadə edirlər – bu da çoxişlək sözdür).

Bir dəfə, 10-12 il əvvəl 208 saylı marşrut taksisi ilə “Sahil” bağından Yasamala tərəf gedirdim, maşına 3-4 türkiyəli tələbə də mindi. 20-22 yaşlı, arıq, saqqalı uşaqlar idi, hırhahır gülürdülər. Biri o birinə gülə-gülə deyirdi: “Şoferə söylə, bizim astanofkada saklasın”. Gülüşürdülər. O biri deyirdi: “Ala, birdən keçərik, potom pozdno olar”. İrişirdilər. Bu biri deyirdi: “Net e, brat, paka çok var”. Hırıldaşırdırlar. Arada söhbətə “uje”, “poçti”, “kruq”, “toçmo”, “morqat” kimi sözlər də soxdular. Aydın məsələydi ki, bu çocuqlar hər gün ünsiyyətdə olduqları azərbaycanlı tələbə yoldaşlarından əxz etdikləri bu sözləri sırf məzələnmək üçün, onlara gülməli göründüyünə görə təkrarlayıb dururlar. Amma deyəcək bir söz də yox idi. Adamın yalnız özünə acığı tuta bilərdi ki, axı biz niyə bu gündə danışırıq ki, 1500-2000 kilometr o tərəfdən gəlmiş uşaqlar da danışığımıza lağ edirlər.

Bekar adamın işidir, otura, işlək leksikonumuzda nə qədər belə söz var, hamısını yaza bir dəftərə və hesablaya. Məlum olar ki, gündəlik danışıqda işlətdiyimiz 5-6 yüz sözü ən azı 200-ü bu cür ruslardan alınma, elmi səciyyə daşımayan, məişət sözləri, jarqon ifadələrdir. Ancaq bu nə dili olacaq? Buna “Azərbaycan türkcəsi” deyək, yoxsa “Voronej türkcəsi”?

Mövzuya uyğun belə bir köhnə lətifə var: üç azərbaycanlı Moskvada taksiyə minir, biri deyir ki, alə, bu şoferin nə protivni mordası var. Sürücü geri çevrilir, adamla mübahisə edir, deyir, niyə təhqir edirsən. O birilər aranı sakitləşdirir. Taksidən düşəndən sonra deyirlər, padles bizim dili necə bilirdi ey”.

P.S. Rəhmətlik həmkarımız Məmməd Nazimoğlunun yazılarında tez-tez işlətdiyi bir söz vardı: “toçbatoç”. Bu təxminən “düppədüz”ün yerli variantı idi, bir az da milliləşdirilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR